“10 nəfər müxtəlif ailəni təmsil edən şagird bir auditoriyada dərs ala bilərsə, şəhərdə (Bakı, Sumqayıt, Abşerondan söhbət gedir ) yaşayan kimsə rayona, birinci dərəcəli qohumları sayılan adamların (ata-anası, bacı-qardaşı) yanına gedib onlarla görüşə bilməzmi? Nə var-nə var, bu 3 əraziyə giriş-çıxış qadağandır. Bu nədirsə, mənqitdən də yuxarıdır. Kainat nəzəriyyəsi kimi bir şeydir və təfsiri, açması, izahı yoxdur. İstanbula test verib getmək olar, amma Ağcabədiyə, Sabirabada, Lerikə yox!? Niyə?”
Cebhe.info xəbər verir ki, bunu “Cümhuriyət” və Cebhe.info-nun baş redaktoru Rəfail Becanov Operativ Qərargahın son qərarlarına münasibət bildirərkən deyib.
Baş redaktor qərarın onu məyus etdyini bildirib: “Doğrudan da, çox pərişan oldum. Operativ Qərargahın yeni açıqlamalarından pərişan olmaqdan başqa əlimdən nəsə gəlmədi. Özümün ən xoşum gəlməyən nəsnə həmişə narazı görünməkdir. Ona görə də hər kəsin indi yazacaqlarımı narazı ruhun yazısı kimi yox, qərarlar arasında itən rabitəsizliyi əlaqədar qurumlara çatıdrmaq arzusu kimi qəbul etməsini istərdim. Şəxsən karantin rejiminin əleyihinə deyiləm. Bu günə qədər Operativ Qərargahın verdiyi bütün qərarlara əməl etmişəm və davam edirəm. Amma verilən qərarlar arasındakı uyğunsuzluğun əleyihinəyəm. Virus, pandemiya bütün dünyanı bürüyübsə, biz ondan yan keçə bilmərik. Ona görə bu gün də məktəblərlə bağlı verilən hibrid qərarının əleyhinəyəm. İmkan varsa, ənənəvi təhsilə keçməliyik, təhlillər göstərirsə təhlükə var, onda distant (virtual dərs) təhsil davam etməlidir. Hibrid deyilən bir sistem həm xəstəlik, həm də təhsil üçün elə hibrid olacaq. Başqa bir şey gözləmirəm. Çünki həftədə 2-3 gün dərsə gəlməklə, 5 gün gəlmək arasındakı heç bir fərq tapa bilmirəm. Virus yayılacaqsa, 2-3 gündə də, 5 gündə də yayılacaq”.
R.Becanovun fikrincə, Operativ Qərargah yumşalmalara getdisə, qərarları arasındakı rabitəsizliyə də diqqət ayırmalıdır: “Məsələn, həftəiçi ictimai nəqliyyatın işləməsi, amma həftəsonu dayandırılması rabitəsizlik deyilmi? Məgər virus həftəiçi aktivliyini dondurub, həftəsonları aktivləşir ki, ictimai nəqliyyat işləməsin? Əksinə, ictimai nəqliyyat vasitəsinin sayını o qədər artırmaq vacibdir ki, hər marşrutda normadan da az adam olsun.
Yaxud repetirorluğa 10 nəfərlə icazə verilir, amma o 10 nəfər şagir ictimai nəqliyyat yoxdursa, həftəsonu müəllim yanına necə gedəcək? Axı hər kəsin maşını, uşağını gündə 3-4 dəfə taksiylə harasa göndərməyə imkanı yoxdur. Boğazından, yeməyindən kəsib taksiyə pul verən valideyn hökumətdən narazı qalacaq. İnciklərin, incidilənlərin sayı artır belədə… Bu kəsilən əlaqəni, yaxud rabitəsizliyi Operativ Qərargah necə calayacaq, görəsən?
10 nəfər müxtəlif ailəni təmsil edən şagird bir auditoriyada dərs ala bilərsə, şəhərdə (Bakı, Sumqayıt, Abşerondan söhbət gedir ) yaşayan kimsə rayona, birinci dərəcəli ailə üzvü olan adamların (ata-anası, bacı-qardaşı) yanına gedib onlarla görüşə bilməzmi? Nə var-nə var bu 3 əraziyə giriş-çıxış qadağandır. Bu nədirsə, mənqitdən də yuxarıdır. Kainat nəzəriyyəsi kimi bir şeydir və təfsiri, açması, izahı yoxdur. İstanbula test verib getmək olar, amma Ağcabədiyə, Sabirabada, Lerikə yox? Yaxud niyə kimsə qanunsuz yollarla o maneəni keçib getməlidir? 10 manatlıq yolu 30 manata niyə getsinlər axı?
Rayona, öz kəndinə, valideynin yanına, lap dincəlməyə belə getmək istəyənlərlərin niyə qabağını alaq ki? Bununla necə və niyə xoşbəxt oluruq? Bəzən psixoloji basqıya dözməyib elə-belə getmək istəyənlər olur və onları da polis cərimələyir. Adamın cibindən bir abbasısı düşüb itəndə, onu axtarır, narahat olur. 100 manat, 200 manat cərimə olunan adam sevinəcək, ya dövlətdən narazı qalacaq? Aksiomdur ki, narazı qalacaq. Bəs bu qərarları qəbul edənlərin məqsədi nədir? İnsanları narazı salmaq? Daha çox narazı kütlə formalaşdırmaq? “5-ci kolon”la gözəgörünməz əməkdaşlıq?
Problem yaradan rabitəsizlikləri aradan qaldırmaq lazımdır. İnsanlar bu rabitəsizliyi görüb bezirlər, virusa da inanmırlar, bunu oyun hesab edirlər. Sonra kimsə çıxıb böyük-böyük ekranlardan insanları ittiham edir ki, əllərinizi yumursuz, məsafə saxlamırsız və ya maska taxmırsız.
Əzizlər, problemi bu həddə gətirən sizin qərarlar arasındakı rabitəsizlikdir. Dövlət qurumları, məsul şəxslər belə məsələlərdə diqqətli olmalıdır. Onların verdiyi qərarlar dövlət adından olur və bu insanlarda dövlətə, dövlətçiliyə münasibəti formalaşdırır. Bir çox hallarda korporativ maraqlar, düzgün aparılmayan təhlillər uyğunsuz və rabitəsiz qərarların verilməsi ilə nəticələnir və bu da insanlarda, əhalidə, vətəndaşlarda, seçicilərdə əks münasibət formalaşdırır”.
Cebhe.info
araz.az xəbər portalı.