1598686280 unnamed 2020 08 29t122942.858Rusiyanın quru sərhədindən vətəndaşlarımızın Azərbaycana gətirilməsi davam edir.

Reyting.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Qazaxıstan və Orta Asiyanın digər ölkələrindən testlərdən sonra vətəndaşların bərə və hava nəqliyyatı ilə gətirilməsi həyata keçirilir: “İstanbuldan da koronavirus testi əsasında vətəndaşların gətirilməsi təmin olunur. Biz yenə də vətəndaşlarımızı zərurət olmadığı şəraitdə xarici səfərlərdən çəkinməyə çağırırıq. Çünki dünyada koronavrusla bağlı risklər göz önündədir”.

H. Hacıyev qeyd edib ki, xüsusi karantin rejimi ilə bağlı bu günkü yumşalmalar hər kəsi sevindirir: “Amma açılmalarla, yumşalmalarla əlaqədar müəyyən artımlar baş verə bilər. Bəzi yerli klastrlarda artımlar meydana çıxır. Bu kimi hallar bizi ehtiyatlı olmağa vadar edir. Məsələn, bu günlərdə Şirvan şəhərində xəstəxanada belə bir ocaq aşkarlandı və lokal karantin mexanizminin tətbiqinə üstünlük verildi. Bu, onu göstərir ki, virusun hər zaman müəyyən klastrlarda alovlanması baş verə bilər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması da bir valideyn kimi hamını sevindirir: “Ancaq hamının qaydalara riayət etmək öhdəliyi var”.

H. Hacıyev nəzərə çatdırıb ki, rayonlararası əlaqələrə təkrar baxılması da gündəmdədir:

“Metropolitenin fəaliyyəti də müzakirə mövzusudur. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək”.

araz.az

araz.az xəbər portalı.