22962812345tygfde

 

“Əri erməni olan və Sumqayıtda cinayət törətmiş rus qadının həbsinə imkan verilmədi…”

 

Moderator.az-ın rus versiyası 1987-1990-cı illərdə Sumqayıt şəhər prokurorunun(o dövrdə bu vəzifədə şəhid Baş Prokuror İsmət Qayıbov  idi) müavini işləmiş, uzun illər Respublika Baş Prokurorluğunda mühüm vəzifələrdə çalışmış Anatoli Vasilyeviç Koçerıginlə söhbəti davam etdirir. İstefada olan rus prokuror bu dəfə 1988-ci ilin fevralındakı  Sumqayıt hadisələri ərəfəsində və sonra baş verən olaylar, bir prokurorluq əməkdaşı kimi obyektiv tədqiqat apardığına görə erməni daşnaklarının hədəfinə gəlməsi,  Moskvanın bəzi cinayət işlərinin açılmasına mane olması və s. haqda maraqlı epizodlardan bəhs edir. 

Materialın ən maraqlı məqamlarının tərcüməsini nəzərinizə çatdırırıq:

Sumqayıt hadisələrindən öncə şəhərdəki toxuculuq fabrikində külli miqdarda yeyintilərlə bağlı  SSRİ Baş Prokurorluğunun nəzarətində olan  istintaq işi başlanmışdı.  Azərbaycan SSR Baş prokuroru İlyas İsmayılov mənə prokurorluq və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət istintaq qrupu yaratmaq və ona rəhbərlik etmək barədə göstəriş verdi. Mən də öz növbəmdə ona xatırlatdım ki, prokuror müavininin bütün vəzifələrini tam yerinə yetirməliyəm…
Əvvəlcə istintaq yaxşı gedirdi. Şahidlər (müxtəlif millətlərdən və əsasən erməni olan qadınlar) etiraflar etməyə başladılar. Fabrikin mühasibi “qara” mühasibat uçotunu aparan, qeydə alınmayan məhsullara görə pul paylayan Zinaida Mudretsova idi …  
Sumqayıt olaylarından sonra toxuculuq sexi ilə bağlı istintaq şahid bazasının seyrəlməsi səbəbindən çox çətinliklərlə davam edirdi … Mühasib Mudretsova da böyük problemlər yaradırdı. O, fəal şəkildə fabrikin işçilərini ilkin ifadələrindən imtinaya, müstəntiqlərə qarşı tərs davranışlara təhrik etməyə başladı… 
Tezliklə əməliyyatçılar Mudretsovanın gizlənmək, respublikanı tərk etmək niyyətində olması haqda məlumat çatdırdı… Onu yanıma çağırıb xəbərdar etdim ki, belə hərəkətlərə davam edərsə, sərt tədbirlər görməyə məcbur olacağam. Dəqiqləşdirmək istəyirəm ki, qətimkan həbs tədbiri seçilərkən aşağıdakılar nəzərə alınır: təqsirləndirilən şəxsin cinsi, yaşı, xəstəliyi, əlilliyi və s.
Mudretsova özündən 12 yaş böyük bir erməni ilə vətəndaş nikahında yaşayırdı. Daha sonra o, guya ərinə görə təqib olunduğunu iddia edərək bu faktdan sui-istifadə etdi …
Söhbətimizdən təxminən bir həftə sonra sonra Sumqayıt “OBXSS”-in rəisi yanıma gəldi və dedi ki,  məlumata görə, Mudretsova növbəti Bakı-Moskva reysinə bilet almaq üçün pasportunu yaxın dostuna (kassa satıcısına) verib. Pasportu dərhal müsadirə etmək üçün təlimat verdim. Və bu edildi …
Ancaq Mudretsovanın bizə oyun oynaya bildiyini  etiraf etməliyik. Bir gün sonra o, qatarla Moskvaya yola düşdü. O vaxt qatar biletləri pasport göstərilmədən satılırdı. Ancaq dəqiq haraya getdiyini hələ bilmirdik …
Bir həftə keçdi. Şəhər Partiya Komitəsinin birinci katibi Zülfi Hacıyev məni çağırdı. Zulfi müəllim yenicə Sov.İKP MK-nın milli məsələlər üzrə şöbə müdiri ilə danışdığını və onun mənimlə xüsusi rabitə ilə danışmaq istədiyini söylədi. Şəhər komitəsində Zulfi Hacıyev məni Sov.İKP MK-nın həmin əməkdaşı ilə (soyadını xatırlamıram) telefonda calaşdırdı. Söhbətimiz ilk andan alınmadı. Moskvadakı şöbə müdiri Mudretsova Z.-nin onun qəbulunda olduğunu, heç bir günahı olmadığını söyləməsini və mənim onu həbs olunacağı ilə hədələdiyimi, pasportunu aldığımı və başqa hər şeyi eyni ruhda danışdı…
Daha şöbə müdirini dinləmədim. Sadəcə, istintaqın obyektivliyini qiymətləndirməyin onun işi olmadığını izah etdim. İşin SSRİ Prokurorluğunda nəzarətində olmasını,  Mudretsovanın xüsusilə ağır cinayətdə ittiham olunmasına qərar verilməsi və axtarışa verildiyini xatırlatdım. Eyni zamanda Sov.İKPMK şöbə müdirinə Mudretsovanın yeri barədə məlumat verməsini tövsiyə etdim. Və bununla söhbətimiz başa çatdı …
Moskvada olan Mudretsovaya axtarış sənədləri göndərdim. Ancaq ona İrəvana qaçmağa kömək edildi. Fətulla Hüseynov (Sumqayıt şəhər milis idarəsinin keçmiş rəisi, sonradan 1993-1994-cü il uğurlu Horadiz döyüşlərinin fəal iştirakçısı, “qara polkovnik”- S.L.) dərhal iki rus zabitini Mudretsovanın artıq saxlanıldığı İrəvana göndərdi. Lakin  Ermənistanın hüquq-mühafizə orqanları ikiüzlü davrandılar. Aramızda razılaşma olmasına rəğmən təqsirləndirilən Mudretsovanı istintaqa təhvil verməkdən imtina etdilər. SSRİ Prokurorluğunun rəhbərliyinə etdiyim müraciətlər də  heç bir nəticə vermədi…
(Davamı var)
Sultan Laçın

araz.az xəbər portalı.