“Azərbaycan xalqı müharibədə israrlıdır . Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq əzmini göstəririk”
“Ermənilər isə nəyin uğrunda öldüklərini yaxşı başa düşürlər”
“Ona görə də heç bir erməni özünü ölümə atmaq üçün könüllü birləşmələrə yazılmayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır.
Erməni KİV-lərində yayılan məlumata görə, düşmən ölkədə “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.
Yaşadıqları demoqrafik problem səbəbindən ön cəbhəyə çıxartmağa əsgər tapmayan Ermənistanın mərkəzi hakimiyyəti eyni zamanda orduya nə nəzarət edə bilir, nə də etibar edir.
Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır.
Qeyd edək ki, Azərbaycan ictimaiyyətində düşmən ölkədə yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına dair əminlik var. Hesab edirlər ki,
Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyevin “Sherg.az”a açıqlamasına görə, 30 ildən artıqdır, davam edən və şərti olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlanan konflikt danışıqlar nəticəsində həllini tapmadı və dalana dirənmiş vəziyyətdədir:
“Azərbaycanın münaqişəni sülh yolla həll etmək cəhdləri nəticəsizdir. Səbəb isə qarşı tərəfin, yəni Ermənistanın və havadarlarının problemin həllində maraqlı olmamasıdır. Süni surətdə yaradılmış problemin həlli iki ölkənin ixtiyarına buraxılmış olsaydı, məsələ çoxdan öz həllini tapmış olacaqdı. Çox güman ki regionda da davamlı sülh yaranacaqdı” .
Politoloqun sözlərinə görə indi reallıqda münaqişənin həll yolları olsa da, Ermənistan siyasi iradə nümayiş etdirə bilmir. Rusiyanın təsir dairəsində ümidsiz şəkildə saxta işğalçı rolunu oynamaqda davam edir:
“Bu ilin əvvəlindən Azərbaycan bütün istiqamətlərdə Ermənistana ciddi siyasi basqılar etdiyindən və hətta Minsk qrupundan çıxmaq barədə fikirlər ortada dolaşdığından işğalçı tərəf çox qorxuya düşüb.
Münaqişə aktiv hərbi fazaya keçdiyi təqdirdə belə bu dəfə Rusiya Ermənistana canlı qüvvə sarıdan dəstək verə bilməyəcək. Hərbi texnika Rusiya istehsalı olsa da, döyüşən əsgərlər ermənilər olacaq.
Aprel və Tovuz hadisləri bir daha göstərdi ki, Azərbaycan xalqı itkilərin olmasına baxmayaraq müharibədə israrlıdır. Bunu Ermənistana aid etmək olmur. Döyüşlər zamanı erməni ictimaiyyətinin necə qorxuya düşdüyünü və erməni əsgərlərinin döyüşdən necə qaçdığının şahidi olduq.
Burada üstünlük onunla izah olunur ki, biz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq əzmini göstəririk. Onlar isə nəyin uğrunda öldüklərini yaxşı başa düşürlər”.
Bütün bunların fonunda V. Əfəndiyev Ermənistanda könüllü hərbi birləşmələrin yaradılması cəhdlərini sadəcə bir göstəriş hesab edir. Onun sözlərinə görə, bir azca ağlı olan heç bir erməni özünü cəfəng ideya uğrunda ölümə atmaq üçün könüllü birləşmələrə yazılmayacaq:
“Ola bilər ki, məqsəd xaricdən gətirilmiş muzdlulara “stavka” etməkdir. Bunun da alınan məsələ olmasını güman etmirəm. Çünki adekvat olaraq biz də bu formata əl atsaq, bizim üçün döyüşməyə hazır olan milyonlarla cənublu və türkiyəli soydaşlarımız var. Bu səbəbdən Ermənistanın belə bir riski gözə alacağını zənn etmirəm”.
araz.az xəbər portalı.