bandicam 2020 09 01 15 31 07 879Sərlövhə sizi çaşdırmasın. AFFA prezidenti Rövnəq Abdullayev futbol təsərrüfatının rəhbəri postundan getmir. Bu, onun ümumiyyətlə, sonu olar. Çünki Azərbaycanda kiminsə hansısa postu itirməsi həndəsi silsilə ilə enişinin başlanğıcı olur. SOCAR-ın prezidenti isə bu taleni özünə rəva bilməz.

Bir çox vəzifələri tutan, o cümlədən, futbol və cüdo təsərrüfatına rəhbərlik edən Abdullayev sadəcə, maliyyə xərclərini azaltmağa qərar verib. Dövlət rəhbərliyinin də onun fəaliyyətindən narazı olması, SOCAR-ın bir çox layhələrin icrasında gözünü dövlət büdcəsinə dikməsini qabartması Abdullayevi hərəkətə keçirib. O, kənar xərcləri maksimum azaltmağa çalışır.

Neçə illərdi milyonların dövr etdiyi futbol da qənaətdən nəsibini alıb. Hər il daha çox pul xərcləndikcə daha çox tənəzzül edən ölkə futbolunda bir sıra ixtisarlar aparılır. Amma maraqlıdı ki, maliyyə AFFA-nı ələ keçirən, büdcənin əsas hissəsini mənimsəyən Elşad Nəsirov – Elxan Məmmədov klanına təsir etməyəcək. Bu adamların müxtəlif postlara yerləşdirdiyi kadrlar yerindədi, mənasız layihələr də davam edir.

Rövnəq bəy maliyyəni futbolda daha çox lazım olan sahədən kəsir. Belə ki, SOCAR-dan birbaşa və ya dolayısı ilə qidalanan bəzi klubların büdcəsi azaldılır, onlar isə uşaq futbolunu ikinci plana atır.

Abdullayev oğlu Rəşadın və qardaşı oğlu Tamerlan Abdullayevin birlikdə idarə etdiyi “Səbail”in büdcəsini azaldıb. Onlar isə “Səbail-2”-ni ləğv etməyə qərar veriblər. Belə ki, bu komandanın növbəti mövsümdə divizionda mübarizə aparmayacağı gözlənilir. Komanda artıq dağıdılıb və futbolçulara özünə yeni iş yeri tapmaq tövsiyə olunub.

Hansısa komandanın ləğvi bu qədər rezonans doğrumazdı, lakin iş ondadı ki, əvəzedici heyətlərin ləğvi artıq kütləvi hal alır. “Qəbələ”nin ardınca “Zirə” eyni qərarı vermişdi, indi də “Səbail” yarışdan çəkilir. Bu isə o deməkdi ki, bütün yaş qrupları üzrə yarış keçirən AFFA əslində, büdcəni doğru olmayan strategiya ilə dağıdır. Təsəvvür edin, bütün yaş qrupları üzrə futbolçular yetişir, çempionatda çıxış edir və əsas komandaya düşmək lazım olan vaxtda çölə atılır.

U-19 komandasından ayrılan futbolçuların birbaşa əsas komandaya keçidi mümkünsüzdü, belələri 1-2 nəfər ola bilər. 20-yə yaxın digər futbolçular üçün isə oynamağa komanda qalmır. Əvvəla ona grə ki, əsas komanda nəticə verməli olduğundan təcrübəlilərlə və legionerlərlə doludur. İkincisi, Premyer Liqada cəmi 8, divizionda isə 4-5 komanda var. Belədə futbolçular məhz peşəkar addım atmağa hazırlaşdığı məqamda taleyin ümidinə buraxılır.

Bunu xüsusilə “Səbail”in etməsi üzücüdü. Stadiona, əla bazaya malik klubun akademiyasının üstündən xətt çəkməsi (əvəzedici heyət ləğv olunduqdan sonra akademiyanın fəaliyyətinin mənası yoxdu – müəl.) pis örnəkdi. Və bunun Abdullayevin illərdi oğluna görə maliyyə kanalı açdığı qondarma klubda reallaşması çox pisdi. Bəs, yaradılmasnda məqsəd Azərbaycan futboluna yeni istedadlar bəxş etmək olan “Səbail”ə illərdi xərclənən milyonların hesabatını kim verəcək?

Bu sözlər uşaq futboluna, akademiyaya barmaqarası münasibət göstərən bütün klublara aiddi. Əvəzedici heyətini ləğv edən “Qəbələ” bugünədək yetirmələrini xarici klublarda yerləşdirməklə və ya digər klublarımıza satmaqla, bir neçəsicini də əsas komandaya cəlb etməklə problemi aradan qaldırırdı. Lakin artıq buna da imkan olmayacaq. Çünki komandalar bir-bir aradan çıxır, stimulsuz, heç bir faydası olmayan divizionda oynamaq istəyən yoxdu, üstəlik, klubların maliyyə durumu da pisləşib.

Eyni sözləri “Zirə”yə də aid etmək olar. Hər yay-qış onlarla futbolçu alan, büdcəni faydasız əcnəbilərə sərf edən, 6 aydan sonra da onları yeniləriylə əvəzləyən qəsəbə klubunun nə istədiyi bəlli deyil. Əvəzində bir əcnəbiyə xərclənən pul qədər məsrəf tələb edən əvəzedici komanda ləğv edilir. Klubun akademiyasından isə danışmağa dəyməz. Bir ilə yaxındı vahid idarəetmə yoxdu, komandalar yarışlara iştirak naminə qoşulur, nəticələr bərbaddı. Elə bu üzdəndi ki, hətta gənc oyunçular da başqa klublardan götürülür, akademiyanın yetirməsi gözə dəymir.

Məhz AFFA prezidentinin ailə klubunun bu addımından sonra “Qəbələ”yə, “Zirə”yə deməyə söz qalmır. Rövnəq Abdullayev də uşaq futboluna, yeni nəslin yetişməsinə belə biganəlik göstərirsə, digərləri üçün pis nümunədi.

Səbəb kimi maliyyə problemi göstərilə bilər. Amma problem pulun azlığında deyil, əla büdcənin düzgün xərclənməməsindədi. Sənin ölkəndə futbolçu tapılmırsa, 5 aydı top üzü görməyən birini milliyə çağırmağa məcbur olursansa, 2 milyon avroluq italiyalı baş məşqçi və əcnəbilərdən ibarət 6 nəfərlik məşqçilər korpusu nəyinə lazımdı? Və ya ölkədə PRO kateqoriyalı 100-dək məşqçi olduğu halda U-21, U-17 niyə xarici mütəxəssisə tapşırılmalı, onlara nəyə görə ümumilikdə 1 milyon avro maaş verilməlidi? Faydaları olsa, göz yummaq olar, amma onların da ən yaxşı nəticəsi Lixtenşteyn kimi “cırtdan”a tarixindəki ilk qələbəni qazandırmaq olub.

Bundan başqa, Eddi İsrafilovu, Dmitri Nazarovu millimizdə oynatmaq üçün milyonlar xərclənib, bu milliləşənlər indi müxtəlif bəhanələrlə yığmanın düşərgəsinə gəlmir, 1,5 milyon dolları öncədən alan Renat Dadaşov klub dəyişə-dəyişə veteran yaşına yaxınlaşır. Halbuki sadaladığımız bu məbləğləri düzgün xərcləməklə Azərbaycanda bir neçə akademiya açmaq, 5-6 bölgə komandasının Premyer Liqada iştirakını təmin etmək olardı.

Berlində məktəb açıb, milyonlar xərcləyib, 3 aydan sonra bağlamaq, topçiləmə festivalları keçirmək, varlı uşaqları üçün “Mançester Yunayted” məktəbi təşkil etmək… Bu layihələrdən bir nəfər də ortaya çıxmayıb, xərclənən vəsaiti isə kalkulyatorla da hesablamaq olmur.

Və bu gün Rövnəq Abdullayevin gücü onun imicini talançı siyasəti ilə ləkələyən Elxan Məmmədova çatmır, əvəzində uşaq komandalarının ləğv olunması ilə nəticələnən qənaət siyasətinə əl atır. Təsadüfi deyil, “Sumqayıt”, “Keşlə”, “Səbail”də 3 aydı maaşlar verilmir, SOCAR ötən mövsümün pandemya üzündən dayandırılmasını əsas gətirərək klublara ayrılan vəsaiti gecikdirir, unutdurmağa çalışır. İcraiyyə Komitəsinin xüsusi qərarı ilə “Qəbələ”, “Zirə”, “Sumqayıt” və həmin “Səbail”ə ayrılan maliyyə yardımları da bugünədək köçürülməyib.

Abdullayevin məlum iqtisadi çətinliklər üzündən “əlini sıxması”, büdcəni azaltması başadüşüləndi. Lakin qənaəti havaya sovrulan pulların olduğu istiqamətlərdə deyil, məhz futbolun inkişafının təmin olunduğu yerdə edirlər. Bu fakt da Rövnəq bəyin futboldan, onun gələcəyindən, inkişafından imtina etməsi kimi başa düşülməlidi. Millisinə italiyalı rəhbərlik edən ölkənin futbolunda uşaqlar küçələrə atılmamalı, ömrünü verdiyi peşədən küsdürülməməli, tüfeyli həyata sövq edilməməlidi.

FƏRİD

araz.az xəbər portalı.