adilqeybulla1pou“Payızda vurulan vaksinlər vətəndaşlara öz qiymətinə satılmalıdır”.

Bunu tibb professoru Adil Qeybulla deyib.

Professor hesab edir ki, əhaliyə nəinki qrip əleyhinə vaksinlər, hətta immunoqlobulinlər də tətbiq olunmalıdır: “Yəni orqanizmdə immun sisteminin stimulyasiyası və bədəndə qripə qarşı əks-cisimlərin əmələ gəlməsi məqsəduyğun hesab edilir. Qrip əleyhinə vaksin immun sistemini stimullaşdırır, orqanizmi əks-cisimlərin əmələ gəlməsinə hazırlaşdırır. Bu baxımdan immun sistemi bu cür situasiyalara hazırdır”.

Adil Qeybulla düşünür ki, vaksinin qiyməti, əhali üçün əlçatan olması, testlər kimi qiymət qoyulması, peyvəndin alver predmetinə çevrilməsi kimi bir sıra açıq qalan məsələlər var:

“Bunu yaşayarıq, görərik. Vaksin daha çox risk qrupuna aid olan xəstələrə vurulmalıdır. Yəni yanaşı xəstəliyi olanlar, o cümlədən orqan nəqli edilmiş, immun sistemi xəstəlikləri olan və koronavirusu xeyli ağır keçirmiş xəstələrə vurulması daha məqsəduyğundur. Onlar təkrar virusa yoluxduqda xəstəliyi daha pis keçirməsinlər. Hesab edirəm ki, risk qrupu əvvəlcədən təyin edilməli və o xəstələrə vaksin güzəştli qaydalarla vurulmalıdır. Yəni vaksin insanlar üçün əlçatan qiymətə olmalıdır. Əks halda bu, testlərin gününə düşəcək.

Vaksinlərin pulsuz olması lap yerinə düşər. Amma deməklə olmur… Təyyarə üçün bilet alanları 100 manata test edirdilər. Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil. İngiltərənin vaksinləri elə də baha deyil. Bu peyvəndlər Azərbaycana çox aşağı qiymətə gətirilir. Vaksinləri vətəndaşlara ən azı öz qiymətinə vermək yaxşı olar. Ən yaxşı halda dövlət dotasiya ayıraraq onu lap ucuz qiymətə vətəndaşlara sata bilər”.

Adil Qeybullanın sözlərinə görə, payızın ən böyük problemi koronavirusla ənənəvi mövsümi soyuqdəymə xəstəliklərinin birgə baş verməsi ehtimalıdır: “Differensial diaqnostika üçün xeyli çətinlik yaradan məsələ budur. Ona görə də uyğun təlimatlar işlənib hazırlanmalıdır ki, hansı hallarda insanlar ambulator olaraq təcili yardım və ya sahə həkiminə müraciət etməli, hansı hallarda stasionarda müalicə aparılmalıdır”.

Professor payız-qış mövsümündə virusun aktivləşəcəyini düşünmür: “Hər halda koronavirus mutasiyaya uğrayaraq zəifləyə-zəifləyə gedir. Doğrudur, arada öldürücü təsirləri olur, amma əsas etibarilə virus zəifləyib. Virusun ilin sonundan o tərəfə keçməsi məntiqli görünmür. Çünki bu, təbiət qanunlarına ziddir. Hesab edirəm ki, bu ilin sonunda virus yekunlaşacaq. Amma bu virusun fonunda hər il rast gəlinən hansısa soyuqdəymə xəstəliklərin olması işi çətinləşdirər”.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur”.Teleqraf

araz.az xəbər portalı.