photo 42737558

 

Tovuz döyüşlərindən sonra regionda cəbhələşmə açıq müstəviyə keçib və rusların dirijorluğu ilə Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatlara hazırlaşdığı ehtimalları gündəmdədir.

– Şoyqunun səfərindən sonra da ruslar Azərbaycanın etirazına rəğmən Ermənistana silah daşımasını davam etdirir və bu daşımadan Bakının xəbər tutmasında sanki maraqlı görünür. Ən diqqət çəkən məqam isə daşımanın marşrutudur;

– Ermənistanda hakimiyyət “Müdafiə haqqında” qanuna dəyişiklərlə bağlı layihəsi irəli sürüb və dəyişikliyə görə, “xalq ordusu” yaradılır;

– Nikol Paşinyan işğal altındakı Qarabağa səfər etdi, onu Xocalı aeroportunda qarşılayanlar arasında Ermənistanın müdafiə naziri David Tonoyan da var idi;

Hadisələrin bu cür inkişafı Azərbaycana qarşı açılacaq cəbhənin haradan olması, yaxud neçə cəbhənin açılacağı sualını aktuallaşdırır.

Nikolun “xalq ordusu” layihəsinin açması onun təkcə erməni ordusunu yox, Ermənistan əhalisini müharibəyə hazırlaşdırdığını göstərir. Bu, hakimiyyətə daxili problemlərdən qaçış üçün lazım olmaqla yanaşı, təxribatın daha genişmiqyaslı ola biləcəyi ehtimalını da gücləndirir. Bu kontekstdə “xalq ordusu” layihəsini şərh edən Tonoyanın açıqlamasında iki istiqamət diqqət çəkir:

1. “Potensial düşmənin döyüş hərəkətlərinin araşdırılması göstərir ki, hərbi əməliyyatların ağırlıq mərkəzi kəşfiyyat və ya xüsusi əməliyyatların geniş tətbiqi ilə daxili tərəfə yönəldilə bilər” deyən Tonoyan bununla erməni əhalisinə “düşmənin”, yəni Azərbaycanın onların evlərinin içinə qədər girə biləcəyi qorxusunu aşılayır. 

2. “Geniş miqyaslı müharibə vəziyyətində aktiv ordunun resursları yetərli olmaya bilər”, – erməni müdafiə naziri etiraf edir və belə bir etirafın edilməsi əhalinin genişmiqyaslı müharibəyə hazırlaşdırılması zərurətindən irəli gəlir.

Paşinyanın “xalq ordusu” layihəsinin uzaq perspektivdə başqa hədəfələri də var, lakin hazırki situasiyada bu, Qarabağ cəbhəsindəki hazırlıqla əlaqəlidir. Tonoyanın ermənilərə “qorxulu xəbərdarlıq”dan sonra Qarabağa gəlişi, Paşinyanı Xocalıda qarşılaması, ardınca generallarla görüş də təxribata hazırlığın tərkib hissəsi kimi görünür. 

Qarabağ cəbhəsində hərbi toqquşmalar Ermənistan hakimiyyətinə həm daxili auditoriya qarşısına “qələbə tortu” ilə çıxmaq, həm də danışıqlar prosesinin sıradan çıxması və status-kvonun davamı üçün lazımdır. 

Ruslar isə bununla Ankara-Bakı ittifaqının bölgədə önə çıxması fonunda “güc nümayişi” göstərmək və “sülhü təmin edən” tərəf kimi danışıqların növbəti raundunu öz maraqlarına uyğun təşkil etmək niyyətindədir.

Bura qədər müşahidə etdiyimiz hadisələr hamımızın Qarabağda yeni erməni təxribatının olacağı haqda düşünməyimizə haqq verir və bu, gözlənilir də. 

Lakin əsas döyüşlər, belə demək mümkünsə, əsas oyun Qarabağdamı olacaq?

Yoxsa Qarabağ cəbhəsi diqqətin əsas cəbhədən yayındırılması və qüvvələrin bölünməsinə hesablanıb?

Burada rusların tonlarla silahı Ermənistana daşımasındakı şübhəli məqamlar önə çıxır.

Birincisi, Bakı və Ankaraya gücünü nümayiş etmək, Qarabağ münaqişəsinin həll açarının Moskvada olduğunu göstərmək məqsədilə təmas xəttində istənilən təxribatın baş verməsi, hətta genişmiqyaslı toqquşmlara qədər gedib çıxması üçün tonlarla silaha ehtiyac yoxdur. Ermənistan indiyə qədər hərbi arsenalındakı silahlarla dəfələrlə buna cəhd edib. O zaman, tonlarla silah Ermənistana niyə daşınır və bu silahlar harada istifadə olunacaq?

İkincisi, bu silahların daşınma marşrutunun seçilməsi (Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Reşt-Mehri-İrəvan) sırf texniki məsələdənmi qaynaqlanır?

Məlumatlarda qeyd olunurdu ki, həm Gürcüstanın icazə verməməsi, həm də daşınmanın gizli saxlanılması üçün bu qədər uzun məsafə seçilib. Hərçənd, daşınmanın ifşa olunması marşrut seçimi fonunda diqqəti rusların bu məlumatın ortaya çıxmasında maraqlı olduğuna yönəldir.

Aktau: Qazaxıstan Azərbaycan üçün ən önəmli ölkələrdən biridir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistana, həm də Rusiyaya qarşı Bakının maraqlarını daim müdafiə edib.

Türkmənbaşı: Türkmənistan Azərbaycana tarixi köklər və mövcud əlaqələrlə sıx bağlı olan, həm də Mərkəzi Asiyada enerji resurslarını Azərbaycanın enerji dəhlizinə qoşacaq ən potensial ölkədir. Bununla bağlı danışıqlar daim masanın üzərində qalır.

Novşer: Pakistan Azərbaycanı bütün şərtlərdə dəstəkləyən və əlaqələri hətta “qardaşlıq” səviyyəsinə çatdıran ölkədir.

Bu üç ölkə təkcə bölgədə yox, həm də türk dünyasında iki aparıcı gücə çevrilən Bakı və Ankara üçün əhəmiyyətlidir. O zaman hər üç ölkə Bakı və Ankaraya qarşı olan yükün keçidinə niyə icazə verib? Bu, rəsmi səviyyədə aydınlaşdırılacaq məsələdir, ola bilsin ki, yükün nədən ibarət olduğundan xəbərləri olmayıb və s. 

Lakin ortaya çıxan nəticə Azərbaycan və Türkiyənin hər üç ölkə ilə münasibətlərinə xələl gəlməsi, ən azından, bu münasibətlərdən şübhəyə düşməsidir.

Əslində Rusiyaya lazım olan da bu idi, bu baxımdan, daşınma marşrutunun ortaya çıxmasında maraqlı tərəf olması istisna deyil. Və məqsəd Bakı və Ankaranın bu ölkələrlə münasibətlərini pozmaq, bölgədə mümkün toqquşma zamanı təklənməsinə nail olmaqdır.

Bu marşrut, xüsusilə Qazaxıstan və Türkmənistanı “oyunun içində” göstərmək ikinci və əsas cəbhənin hara olacağı, tonlarla silahın haradan istifadə edilə biləcəyi sualına cavab tapmağa imkan verir.

“Enerji dəhlizi”nin keçdiyi Tovuz bölgəsi.

Bölgədə cəbhələşmənin və cəbhlərarası mübarizənin açıq müstəviyə keçməsi Tovuz döyüşlərindən sonra başlandı. Ermənilərin rusların dəstəyi ilə Tovuz istiqamətində təxribatının əsas hədəfi neft-qaz kəmərlərinə nəzarətə imkanı verən strateji yüksəkliyi ələ keçirmək idi. Plan baş tutmadı, lakin rəfə qaldırılmadığı da məlumdur.

Böyük ehtimalla indi daha genişmiqyaslı plan hazırlanıb və “Ermənistan sərhədinə təcavüz” iddiası ilə KTMT-nin prosesə müdaxilə etməsi, ardınca bölgəyə girişi istisna deyil. Tovuz döyüşlərində KTMT-nin təcili iclası çağırılsa da, sonda ləğv olundu və mümkündür ki, bu qərar Azərbaycana dəstək verən ölkələrin, xüsusilə Qazaxıstanın istəyinə görə verilib.

Bu dəfə planın həyata keçirilməsi üçün hərbi və siyasi müstəvidə ciddi hazırlıq aparıldığı görünür.

1. Silah daşınmasına Qazaxıstanın daxil edilməsi Azərbaycanla münasibətlərdə çatların yaradılması və KTMT-də Bakıya dəstək verməsinin önünü kəsmək, Türkmənistanın daxil edilməsi isə “enerji dəhlizi”nin Mərkəzi Asiyaya uzanması perspektivinin qarşısını almaqdır;

2. Sərhəddə geniş miqyaslı təxribatla KTMT-nin nizamanməsinə uyğun Ermənistana dəstək təmin olunacaq, bu dəfə Qazaxıstan güman ki, neytrallaşdırılacaq, Bakıya dəstək verən Belarusda daxili proseslər Minskin “oyundan kənar” vəziyyətə düşdüyünü göstərir;

3. KTMT-nin proseslərə bu və ya digər formada müdaxiləsi Moskvanın həm Ermənistanda mövqelərini yenidən gücləndirmək, həm Bakı-Ankara birliyinə qarşı bölgədə hərbi varlığını artırmaq, həm də türk coğrafiyasını siyasi olaraq parçalamaq planına uyğundur. Təşkilatın türkdilli ölkələri rəsmi ittifaqla “qardaşlıq” arasında çətin seçim etməli olacaqlar.

Bütün bunların fonunda rusların Ermənistana tonlarla silah daşıması və bu silahı daşımaq üçün seçdikləri marşrutun səbəbini anlamaq olur. Və böyük ehtimalla Qarabağ cəbhəsindən ilk və yayındırıcı hücumlar olacaq, həmin ərəfədə ikinci və əsas hücum sərhəddən – “enerji dəhlizi”nin keçdiyi bölgədən ediləcək.

Asif Nərimanlı

Publika.az

araz.az xəbər portalı.