“Azərbaycan tərəfinin səbrinin tükəndiyi, istənilən yolla ərazi bütövlüyünü bərpa etmək istəyi düşmənə aydın oldu”
“İşğalçı tərəf erməni xalqını aldatmaq və özlərinin müharibəyə hazır olmaları ilə bağlı görüntü yaratmaqla məşğuldur”
“Həm sosial mediada, həm də ümumilikdə mətbuatda Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurmasına dair ehtimallar yer alıb. Düşmənin hərbi əməliyyatları yenidən bərpa etməyə hazırlaşdığı və növbəti təxribata başlamaq niyyətində olduğu iddia olunur. Eyni zamanda, Ermənistan rəhbərliyinin son zamanlardakı davranışları da işğalçı ölkənin bu niyyətindən xəbər verir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
O bildirib ki, əslində bu proses heç də qarşı tərəfin cəsurluğundan, öz ordusuna güvənindən və ya hər an başlaya biləcək müharibədə qalib gəlmək əzmindən yararlanmır:
“Sadəcə bunu, münaqişənin həlli prosesinin uzun müddət davam etdiyi son dövrlərdə bir sıra ciddi olayların baş verməsi ilə şərtləndirmək daha doğru olardı. Vəziyyətin bu yerə gəlib çıxmasının səbəblərindən biri də, Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə dair prosesin əsassız olaraq həddindən artıq uzanmasına ciddi etirazı ilə bağlıdır.
Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatması, status-kvo vəziyyətinin davam etməsi və hətta Minsk qrupu həmsədrlərinin fəaliyyətsiz olması ilə bağlı Azərbaycan Prezidentinin çıxışları var. Ölkə başçısının bu bəyanatları həm qarşı tərəfi, həm də onun havadarlarını ciddi şəkildə narahat etməkdədir.
İyulda baş verən Tovuz hadisələri ilə bağlı xalqımızın, ordumuzun və ölkə rəhbərliyinin nümayiş etdirdiyi münasibətdən, artıq Azərbaycan tərəfinin nəticəsiz danışıqlar prosesini davam etdirməklə bağlı səbrinin tükəndiyi, istənilən yolla ərazi bütövlüyünü təmin etmək üçün real addımlar atmaq mərhələsinin çoxdan yetişdiyi açıq şəkildə bəlli oldu.
Azərbaycanın istənilən an müharibəyə başlaya biləcəyini düşünən işğalçı tərəf həmişəki kimi həm erməni xalqını aldatmaq məqsədi ilə, həm də ümumiyyətlə özlərinin də müharibəyə hazır olmaları ilə bağlı görüntü yaratmaqla məşğuldur”.
Politoloq erməni baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu müddət ərzində tez-tez Qarabağa səfərlər etməsini, əslində onun ailə biznesinin maraqlarından irəli gəldiyini bildirib:
“Bu səfər həm də İşğal olunmuş torpaqlarımızda olan təbii sərvətlərin və digər qiymətli məmulatların qanunsuz istismarı ilə bağlı prosesi mümkün qədər sürətləndirmək məqsədi daşıyır”.
araz.az xəbər portalı.