Sabiq deputat, “Qasid” firmasının rəhbəri Mirkazım Kazımovun oğlu Səid Kazımov adı açıqlanan şirkətlərin ona məxsus olduğunu təsdiq edib.
Pravda.az-ın xəbərinə görə, S.Kazımov deyib ki, həmin şirkətlər fəaliyyətsizdirlər.
Deputatın oğlu şirkətlərlə bağlı məlumat yaydığı üçün araşdırmaçı jurnalist Cavanşir Həsənliyə irad bildirib.
O, Ukraynada qeydiyyata alınan “Al Razzaq”, “МИР-М.Л”, “SAİD-07” şirkətlərinin ona məxsus olduğunu bildirsə də, fəaliyyətsiz olduğunu qeyd edib: “Məni tanımadan haqqıma girmisiniz. Bəli, şirkətlər mənimdir. Fəaliyyətini görmüsünüz? Əgər bircə fəaliyyətini göstərsəniz, minnətdar olaram… Hər bir şəxs Ukraynada şirkət aça bilər, söhbət fəaliyyətdən gedir”.
C.Həsənli isə ona belə cavab verib: “Yazdıqlarım rəsmi mənbələrə, yaxud sənədlərə əsaslanır, sizin işiniz uğurlu olub, yaxud alınmayıb, mən bunlar haqqında heç nə bilmirəm. Sadəcə sizin adınıza 3 şirkətin mövcudluğu (ikisi ölkə xaricində) və rəsmi mənbəyə istinadən fəaliyyət sahəsi haqda yazmışam. Özünüz də təsdiq edirsiniz ki, bu şirkətlər mövcuddur. Qaldı fəaliyyətsiz olmalarına, mən də sual edirəm ki, Ukraynaya minlərlə kilometr yol qət edəsən, iki şirkət açasan, indiyədək dediyiniz kimi fəaliyyətsiz olsunlar, hələ də ləğv etməyəsən, bir az məntiqli görünmür axı. “Qasid”lə bağlı məsələyə gəldikdə isə bir çox qəzetlər o zaman pullarını ala bilmədiklərini elə öz səhifələrində yazıblar”.
S.Kazımov isə şirkətlərin ləğv edilmədiyini, dondurulduğunu bildirib: “”Qasid”lə bağlı nəsə deyə bilmərəm, xəbərim yoxdur. Bir onu bilirəm ki, olan atama oldu”.
Qeyd: Bir müddət öncə, araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq deputat Mirkazım Kazımovun oğlu Səid Kazımova məxsus şirkətlərin adını açıqlayıb: “İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi “mal-qaranın topdansatışı” göstərilib. Sənədlərdə qeyd olunur ki, Bakı şəhəri, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Anatoli Lapinski adlı Ukrayna vətəndaşını da şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin. Ötən ilin avqustunda Kiyevdə “Mir-M.L” MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni “tuşenka” hazırlamaqdan ibarətdir”.
araz.az xəbər portalı.