Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Pravda.az-a verilən məlumata görə, avqust ayında yeni maliyyə dəstəyi çərçivəsində 234 355 muzdlu işçini əhatə edən 22 885 vergi ödəyicisinə 51 939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18 245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərçivəsində avqust ayında 49 887 fərdi (mikro) sahibkara 12 471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.
Sentyabr ayının 10-da sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq.
Qeyd edək ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.
araz.az
araz.az xəbər portalı.