Xəbər vermişdim ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2( vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci ( büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir.
Teref.az xəbər verir ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun vəkili Adil İsmayılov KİV üçün açıqlamasını belə başlayıb.Daha sonra Adil İsmayılov yazır:
Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim.
Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir. Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətində olan problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir. Fürsətkən dövlət başçısına və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək öz səlahiyyətləri çərçivəsində vəsatətimizin qanunauyğun həll edilməsində yardımçı olmalarını xahiş edirik.
Ümidvarıq ki, vəsatətimiz qanuni həllini tapacaq.
Hələlik deyə biləcəklərim bu qədərdir. KİV-lər mənə istinadən yazdıqlarımı paylaşa bilər.
Adil İsmayılov
vəkil
Teref.az
araz.az xəbər portalı.