putin pasinyanMoskva ilə Bakı arasında ciddi fikir ayrılığı yaranıb. Fikir ayrılığına səbəbsə əslində, Rusiya-Azərbaycan münasibətlərində hər zaman ciddi məsələ olmuş mövzudur: Ermənistana silah tədarükü…

İstər Ermənistan, istərsə də Azərbaycan son 20 ildə Rusiyadan müxtəlif növ silahlar alıb. Lakin Azərbaycan bu silahları bazar qiymətinə tədarük edirsə, Ermənistan “şimallı” müttəfiqilə imzaladığı müvafiq müqavilədən bəhrələnərək, Rusiyadan hərbi avadanlıqları güzəştli qiymətlərlə alır. Yaxın keçmişdə Yerevanın Moskvadan pulsuz hərbi texnika tədarük etdiyi haqda belə, məlumatlar yayılıb.

Amma indi, silah tədarükülə bağlı vəziyyət fərqlidir. Bu dəfə Rusiyadan Ermənistana silah ixracı sonuncu ilə Azərbaycan arasında baş vermiş dəhşətli hərbi toqquşmalar dövrünə təsadüf edir. Başqa sözlə, bu, Moskvanın Yerevanın Azərbaycana hücum etməsinə icazə verdiyini, hətta onu buna təşviq etdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə təxminən iki həftə əvvəl baş tutmuş telefon danışığında Moskvanın Yerevana 400 tondan artıq hərbi texnika və döyüş sursatını tədarük etməsindən narahatlığını ifadə edib.
Məlumata görə, Rusiyanın “İL-76” hərbi yük təyyarələri Qazaxıstan, Türkmənistan və İranın hava məkanı vasitəsilə Ermənistana bir neçə uçuş həyata keçirib. Bu uçuşları “Flightradar24” izləyib və bu haqda xəbəri də məhz o yayıb.
Bəs Rusiyanın Cənubi Qafqaz üçün təhlükə yaradan bu addımı atmasının arxasında nə dayanır? Putin Ermənistan-Azərbaycan münaqişəsində “stvaka”nı niyə qaldırır? Görünən odur ki, bunun bir neçə səbəbi var.
Rusiyanın Baş qərargahı Moskvada, Arbatskaya meydanında yerləşən Müdafiə Nazirliyi bu yay çox işləyib. Son bir neçə ayda Rusiya Suriya və Liviya cəbhələrində ciddi məğlubiyyətlərlə üzləşib. Məlum olduğu kimi, Moskva bu ölkələrdə müvafiq olaraq, hakimiyyətdə möcüzə sayəsində qalan diktator Bəşər Əsədi və ancaq müharibəyə can atan general Xəlifə Haftarı dəstəkləyir.
Rusiyanı Aralıq dənizi hövzəsində uğurlardan məhrum edən region dövlətlərindən biri isə Türkiyədir. Ankara ustalıqla həyata keçirdiyi siyasi manevrlər, həmçinin müasir dronlardan istifadə ilə Moskvanın siyasi planlarını tamamilə pozmasa da, ən azı onun qarşısını xeyli dərəcədə alıb. Məsələn, Türkiyə Suriyada 20 millik təhlükəsizlik zonasını qoruyaraq, cənuba doğru irəliləməyə nail olub. Nəticədə Moskvanı atəşkəs müqaviləsi imzalamağa məcbur edilib. Bundan başqa, Türkiyə ilə Rusiya Suriyada birgə patrul xidmətini həyata keçirir. Bu da məhz Ankaranın maraqlarına xidmət edir.
Liviyaya gəlincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə BMT-nin tanıdığı qanuni hökumətə yardım edəcəyinə söz verdikdən sonra türkiyəli hərbçilər Həftar qüvvələrinin, ən əsası Tripoli istiqamətində hücuma dəstək verən rusiyalı muzdluların mövqelərinə sistemli şəkildə zərbələr endirib. Nəticədə Rusiyanın “Vaqner qrupu” kimi tanınan özəl hərbi şirkətinin Liviyadakı 1600 nəfərlik hərbi birləşməsi dərhal buraxılıb və ölkələrinə qayıtmağa məcbur olub. Həmin vaxt “Vaqner qrupu”nun vəziyyəti həqiqətən də çox pis idi. Hətta deyilənə görə, qrupunun bütün üzvlərinin məhv edilməməsi üçün onların geri çəkilməsi məhz Ankara ilə razılaşdırılıb.
Bütün bunlar azmış kimi, Rusiya Avropanın enerji bazarındakı mövqelərini də itirir. İyulun ortalarında ABŞ-ın dövlət katibi Mayk Pompeo Avropada Kremlin mövqelərini gücləndirəcək “Şimal axını-2” layihəsinin, həmçinin “Türk axını” layihəsinin dəniz hissəsi üzrə ikinci boru kəmərinin tikintisində iştirak edəcək şirkətlərə qarşı sanksiyaların tətbiq olunacağını bildirib. Amma bu, Moskvaya qarşı atılmış yeganə addım deyil. Rusiyanın nəhəng qaz şirkətləri üçün böyük bazar hesab edilən Türkiyə də Moskvadan qaz idxalını azaldır. Artıq Türkiyənin qaz bazarının böyük hissəsi məhz Azərbaycanın payına düşür. Məsələn, bu ilin martında Azərbaycandan Türkiyəyə 924 milyon kubmetr qaz ixrac edilib. Bu, Türkiyəyə tədarük edilən qazın 23,45%-i deməkdir. Beləliklə, İran və Rusiya Türkiyəyə qaz tədarükündə müvafiq olaraq ikinci və üçüncü yerləri tutur.
Beləliklə, həm siyasi məğlubiyyətlər, həm də enerji bazarındakı itkilər Kremli ciddi narahat edir. Nəticədə Rusiya hər zaman yaxşı bacardığı üsuldan istifadə etmək qərarına gəlib – münaqişənin alovlandırılması, regionda vəziyyətin gərginləşdirilməsi… Gərginliyin artdığı bölgədənin oyunçuları arasında isə Türkiyə də var. Üstəlik, Qərbə neft-qaz nəql edən enerji kəmərləri məhz bu regiondan keçir.
Bütün bunları nəzərə aldıqda, görünən odur ki, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan, regional müttəfiqi Ermənistandan istifadə edir. Başqa sözlə, erməniləri Azərbaycana Tovuz istiqamətində hücuma məhz Moskva sövq edib. Hücumun olunduğu bölgə neft-qaz kəmərlərinin, həmçinin Avropa ilə Asiyanı birləşdirən Şərq-Qərb avtomagistralı və dəmir yolunun yaxınlığındadır…
Yeri gəlmişkən, Azərbaycan Ermənistanla sərhəddə baş vermiş son döyüşlər zamanı 1 general-mayor, polkovnik və mülki vətəndaş daxil olmaqla, 16 insanını itirib. Ermənistan tərəfi isə 4 əsgərin həlak olduğunu bildirir. Bir neçə gün davam etmiş müharibə zamanı tərəflər bir-birinin mövqelərinə ağır artilleriyadan və müasir dronlardan zərbələr endirib. Doğrudur, Rusiya rəsmi olaraq bu hərbi əməliyyatlarda iştirak etməyib. Amma bütün dəlillər baş verənlərdə “Moskvanın əli”nin olduğunu göstərir.
Bir məqama da diqqət yetirmək yerinə düşər. Dağlıq Qarabağda müharibə Ermənistanla Azərbaycan arasında 1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşması ilə sona çatıb. O vaxtdan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənməsi üçün Moskva Yerevana sistemli şəkildə pulsuz hərbi avadanlıqlar tədarük edib. 1990-cı illərin sonlarına kimi Kreml Cənubi Qafqazdakı müttəfiqinə qeyri-qanuni olaraq 1 milyard dollarlıq hərbi avadanlıq verib. Daha sonra Moskva Yerevanın ondan “İskəndər” kimi müasir silahlar ala bilməsi üçün Ermənistana kredit ayırıb. Bu raketlər Xəzər dənizinin neft-qaz infrastrukturunu hədəf almaq iqtidarındadır. Odur ki, erməni liderlərin hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Azərbaycanın enerji infrastrukturuna zərbələr endirilə biləcəyinə dair hədələri təəccüblü deyil.
Yeri gəlmişkən, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası, Yerevandakı Erebuni hava limanında isə 3624-cü aviasiya bazası yerləşir. Üstəlik, Ermənistanın sərhədini də rus hərbi birləşmələri qoruyur. Demək, əslində Moskva Yerevanın nominal müstəqilliyinə də nəzarət edir.
Maraqlıdır ki, Ermənistan-Azərbaycan sərhədindəki son döyüşlərdən dərhal sonra Moskva Yerevanla birgə hərbi təlimlər keçirib. Bununla Kreml Azərbaycanla Türkiyəyə çox sadə icmarıc ünvanlayıb: əgər Azərbaycan Rusiyanın enerji siyasətinə təhdidi davam etdirərsə, Moskva Bakını hədəfə almaqda tərəddüd etməyəcək!
Qeyd edək ki, Türkiyə və Avropaya enerji resurslarının nəqli Gəncə dəhlizi vasitəsilə həyata keçirilir. Moskva isə bu dəhlizi bağlaya biləcəyinə də eyham vurur. Odur ki, Rusiyanın son dövrdə Ermənistana külli miqdarda silah tədarük etməsi təəccüblü deyil.
Birincisi, görünür Moskva Cənubi Qafqazdakı müştərisini məhz hücum silahları ilə təchiz edir. Bu hərbi avadanlıqlar Ermənistana Azərbayacana qarşı uzunmüddətli hərbi kampaniya aparmağa imkan verməlidir. Buraya Azərbaycanın müasir pilotsuz uçuş aparatlarını vura biləcək silahlar da daxildir. Yeri gəlmişkən, Rusiyanın Ermənistanla son hərbi təlimlərində əsas məqamlardan biri məhz dronların vurulması ilə bağlı olub.
İkincisi, Rusiya Cənubi Qafqazda Türkiyəyə müqavimət göstərmək istəyir, bununla da regionda yaxından iştiraka can atır. Demək, Ankaranın Bakıya bugünədək görünməmiş tam və birmənalı dəstəyi həm də buradan qaynaqlanır. Əslində, Türkiyə Liviya və Suriyadakı qalibiyyətlərilə Rusiyadan üstün mövqeyə malikdir. Lakin o, Rusiyaya təzyiq göstərmək və Azərbaycana dəstək verməklə, Qafqazda da movcudluğunu artırmağa, əlavə geosiyasi xal qazanmağa çalışır. Doğrudur, Türkiyə Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib. O, Ermənistanın 1993-cü ilin aprelində Kəlbəcəri işğal etməsindən sonra bu ölkə ilə sərhədlərini belə, bağlayıb, bununla da Ermənistanın işğalçı siyasətinə etirazını nümayiş etdirib. Amma Ərdoğan hökumətinin Azərbaycana bugünkü dəstəyi fərqlidir və bu, çox şeydən xəbər verir.
Tovuz istiqamətində döyüşlər başlar-başlamaz, Ərdoğan Türkiyənin Azərbaycanın haqqına və torpağına qarşı hər hansı hücuma qarşı olacağını açıq şəkildə bəyan etmişdi. Az sonra o, öləsinin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər daxil olmaqla, yüksək rütbəli hərbi nümayəndələrini Bakıya göndərdi. Aydındır ki, Ədoğan bununla etnik qardaşları ilə həmrəy olduqlarını göstərməyə çalışıb. Onun əsas mesajı isə əlbəttə ki, Vladimir Putinə idi: Rusiya regionda Ankaranın geosiyasi maraqlarına qarşı çıxarsa, Suriya və Liviyadakı acınacaqlı məğlubiyyəti burada da yaşayacaq.
Elə həmin günlərdə (iyulun 29-dan avqustun 10-dək) Bakı ilə Ankara da Azərbaycanın bir neçə rayonunda birgə hərbi təlimlər keçirib. Təlimlərdə görünməmiş sayda canlı qüvvə və hərbi texnika iştirak edib. Hərbi təlimlərdə iştirak məqsədilə Türkiyə Azərbaycana 11 min əsgər göndərib!
Maraqlıdır ki, Rusiyanın Yerevana silah tədarükü haqda xəbərlərdən və Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinə açıq təsiri haqda deyilənlərdən sonra çox sayda azərbaycanlı politoloq Türkiyə hərbçilərinin Azərbaycanda qalmasının vacibliyindən danışmağa başlayıb. Bununla yanaşı, Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilmiş aksiyada Ankaradan Azərbaycanda hərbi baza yaratması tələb olunub.
Bütün bunların fonunda Ərdoğanla Putin arasında telefon danışığı da olub. Məlumata görə, onlar regionda vəziyyətin sabitləşdirilməsi üçün koordinasiyalı fəaliyyət haqda razılığa gəliblər.
Nəhayət, Rusiya Azərbaycanla münasibətləri düzəltmək üçün müdafiə naziri Serqey Şoyqunu Bakıya göndərib. Lakin Şoyqu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə mənasız açıqlama ilə yadda qalıb. Guya Rusiyaya məxsus “İL-76” hərbi təyyarələri Ermənistana Gümrü hərbi bazasında aparılan işlərlə əlaqədar tikinti materialları daşıyırmış. Amma ortada olan dəlillər və təyyarələrin uçuş istiqaməti bunun əksini iddia etməyə əsas verir. Əgər daşınan tikinti materialları idisə, Moskva uçuşları niyə Gürcüstan və ya Azərbaycanın hava məkanı ilə həyata keçirməyib?
Bundan başqa, “Flightradar24” saytının müşahidəsi nəticəsində məlum olub ki, Yerevana enmiş təyyarələrdən biri oradan Suriyadakı Lakiya aviasiya bazasına uçub. Bəlkə Rusiya Suriyaya da tikinti materialları tədarük edir?
Görünən odur ki, Rusiya nə qədər təxminedilməzdirsə, region ölkələri o qədər ehtiyatlı olmalıdır.  /WorldMedia.Az/

araz.az xəbər portalı.