Ölkəmizdə həyata keçirilən məhkəmə islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür.
E-huquq.az-ın məlumatına görə, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan keçərək, yarım illik tədris kursunu, məhkəmələrdə stajkeçməni başa vurmuş və tədrisin yekunu üzrə yazılı imtahanı vermiş 44 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə şifahi imtahan keçirilib.
Karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə təşkil olunmuş imtahanın nəticələrinə Hakimlərin Seçki Komitəsinin iclasında baxılıb, 43 nəfər hakimliyə namizədin növbəti mərhələ olan yekun müsahibəyə buraxılması barədə qərar qəbul edilib, bir nəfər – Əliyev İsa Hüseyn oğlu lazımi bilik nümayiş etdirmədiyindən imtahandan keçə bilməyib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçimi prosesi davam edir.
araz.az
araz.az xəbər portalı.