Rusiya Suriyada yerləşdirdiyi radioelektonik sistemlərinin bir qismini tələsik Ermənistana daşıyıb…
Rusiya Suriyada yerləşdirdiyi radioelektonik sistemlərinin bir qismini tələsik Ermənistana daşıyıb. Azərbaycanda və bütövlükdə bölgədə baş verən hadisələr böyük tarixi hadisələrin ərəfəsini xatırladır.
Moderator.az son vaxtlar baş verən vacib siyasi – hərbi hadisələrin gedişinə mütəxəssis rəyini öyrənmək məqsədilə konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb.
– Elxan bəy, Tovuz döyüşləri və Azərbaycan gəncliyinin ortaya qoyduğu mövqe və iradə, Türkiyənin Azərbaycan torpaqlarını azad etmək üçün ortaya qoyduğu qətiyyət və dərhal Türkiyə-Azərbaycan hərbi təlimləri Azərbaycan xalqında bir ümid yaratdı. Hadisələrin gedişi bu ümidi artırırmı?
– Görünən odur ki, biz tərəfdən bəyanatlara üstünlük verildiyi halda, düşmən tərəf vəziyyəti öz lehinə möhkəmlətmək istiqamətində daha qətiyyətli hərəkət edir və etməkdə davam edir. Ermənistan bu bəyanatları duyar-duymaz öz müttəfiqi Rusiyanı hərəkətə keçirmiş və Rusiya müharibə dövrünün qaydalarına uyğun hərəkət edərək operativ şəkildə Ermənistana təcili şəkildə lazımı hərbi avadanlıqları çatdırmışdır. Bu ilk növbədə Türkiyəyə və Türkiyənin atacağı addımlara qarşı önləyici operativ tədbirlər olmuşdur. Rusiya, Türkiyə dedikdə, öncə Türkiyənin dünyada önə çıxmış insansız silahlı və silahsız uçuş aparatlarının ən böyük təhlükə olduğunu görür. Çünki Rusiya bu İHA və SİHA-ın gücünü öz gözü ilə Suriyada və qismən olaraq Liviyada görüb. Suriyada, Rusiyanın dəstəklədiyi Suriya hökümət qüvvələrini Türkiyənin İHA və SİHA-ı iki gün ərzində darmadağın etmişdi. Və Rusiyanın çox sayda bahalı “Pansir”-ləri və digər hava hücumundan müdafiə sistemlərini Türkiyənin radio-elektronik sistemləri kor edərək SİHA-lar vasitəsilə məhv etmişdi. Bu baxımdan, Rusiya Türkiyənin qətiyyətini gördüyü an etibarı ilə ən yüksək səviyyədə bu işləri təcili şəkildə görməyə başlamışdır. Göndərilən bu silahların çox hissəsi hava hücumundan müdafiə sistemləri və radioelektronika sistemləridir və əsasən də pilotsuz aparatlara qarşı yönəlmişdir. Rusiya bu məsələdə Türkiyənin həmən işə qarışacağını və yəqin ki, Azərbaycanın da həmən Qarabağda hərbi əməliyyatlara başlayacağını düşünərək Rusiyanın Suriyada yerləşdirdiyi HHM sistemlərini və radioelektonik sistemlərinin bir qismini də tələsik Ermənistana daşımışdır. Naxçıvan istiqaməti, döyüşlərin getdiyi Tovuz istiqaməti və əsasən də işğal edilmiş ərazilərə bu sistemlər yönləndirilmişdir. Rusiya artıq Ermənistanda müharibəyə hazır müdafiə mövqeyi tutmuşdur.
– Bəs Azərbaycan bu zaman ərzində nə etməlidir?
– Bu zaman ərzində mənim müşahidə etdiyim odur ki, Müdafiə Nazirliyinin işi Ermənistanın zibilliyə atılmış keçmiş rəhbərləri ilə söz davasına girib 4 il bundan əvvəl baş verən Aprel döyüşünün qalibinin özü olduğunu sübut etməyə çalışması olmamalıdır. İkinci, hakimiyyətiin aparıcı məsul şəxslərinin çox sayda müsahibələri və bəyanatlarında müşahidə edilən əsas vurğu erməni təcavüzünün bu ölkədəki iqtisadi, sosial, pandemiya və demoqrafik vəziyyətin ağır olması ilə əlaqəli olduğunu dünyaya izah etmək omuşdur. Mən belə başa düşdüm ki, Ermənistanın sosial, iqtisadi durumu ağır olduğundan bizim torpaqları işğal edib əlində saxlayır, yoxsa etməzdi. Yaxın vaxtlarda bu təcavüzdə milyarder Sorosun da əlinin olduğunu eşitsəniz, təəccüb etməyin. Əksinə, erməni generalları və müdafiə naziri Ağdamın və Cəbrayılın ərazilərində və Murov dağının başında cəzasız və maneəsiz olaraq yeni müdafiə sistemləri quraşdırır və Paşinyan da hava fəzasını qoruduğumuz DQ-da vertolyatla gəzərək bu sistemlərə baxış keçirir. Biz isə baş verənlərə seyrçi mövqedəyik.
Faktiki olaraq Ermənistan Rusiyanın köməyi ilə müharibəyə hazırlaşır. Xalq könüllü silahlı dəstələrin yaradılmasının son günlər aktuallaşması bunu təsdiq edən amildir. Burda xüsusi diqqət yetirməli məqam var. Azərbaycanın mümkün əməliyyatından öncə düşmən qabaqlayıcı zərbə endirib, sonra da dünyaya səs salaraq atəşkəsin pozulması haqqında bizi günahlandırmaq variantından istifadə edə bilər. Bu, əlverişli vəziyyətin uzaq və bilinməyən, həm də uyğun olmayan zamana keçməsi, işğalın uzanması demək olar. Zamanın düzgün seçilməsi və uğur qazanmanın əminliyi indiki dövrdə çox vacibdir. Burda tələsmək də, gecikmək də fəlakətlə nəticələnə bilər
araz.az
araz.az xəbər portalı.