1599050897 1575973889 photo 601Tanınmış şair: “Azərbaycan dövlətçiliyi heç vaxt indiki qədər təhlükədə olmayıb. Bu proseslərdə Mehdiyevin rolu var. Əgər icra hakimiyyətləri onun göstərişi və təlimatı əsasında işləyibsə, vəziyyətin necə olduğu ortadadır. Rüşvət, korrupsiya əməlləri…”

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında başlayan qalmaqal və onun tənqidlərə cavabı müxtəlif aspektlərdən qiymətləndirilir.

Tanınmış şair Rüstəm Behrudi Reyting.az-a müsahibəsində yaranmış vəziyyətdən danışıb:

– Mən, Ramiz Mehdiyev deyilən şəxsi tanımamışam. Ancaq bildiyiniz kimi, mən yaşlı insanam, ömrümün bir hissəsi sovetlər zamanında keçib. Ramiz Mehdiyevi də hər zaman hakimiyyətdə görmüşəm. Mərkəzi Komitədə katib olub, rəhmətlik Heydər Əliyevin dövründə Prezident Aparatında işləyib, Prezident İlham Əliyevin dövründə də Prezident Administrasiyasında İcra Aparatına rəhbərlik edib.

Onu uzaqdan-uzağa tanıyıram. Mətbuatdan, deyilənlərdən belə anlaşılır ki, Mehdiyev ölkədə gedən demokratik proseslərin qarşısını kəsən adam olub. Mehdiyevi bu cür tanıyıram. Bilirəm ki, Azərbaycanda demokratikləşmənin, müstəqilliyin qarşısında dayanan adam olub. Mətbuatdan oxumuşam ki, icra başçıları, digər məmur və vəzifə sahibləri onun göstərişi və təklifi ilə irəli çəkilib. Elə onun tapşırıqlarını da həyata keçiriblər.

İndi Azərbaycandakı vəziyyəti görürsünüz. Mən açıq demişəm ki, Azərbaycan dövlətçiliyi heç vaxt indiki qədər təhlükədə olmayıb. Bu proseslərdə Mehdiyevin rolu var. Əgər icra hakimiyyətləri onun göstərişi və təlimatı əsasında işləyibsə, vəziyyətin necə olduğu ortadadır. Rüşvət, korrupsiya əməlləri… Başqa sözlə, onun təqdimatı ilə təyin edilən icra başçıları bizim əleyhimizə gedən adamlardır. Bu halda Mehdiyev haqqında nə danışmaq olar? Ancaq onu şəxsən tanımıram.

– Bəzən iddia edilir ki, Ramiz Mehdiyev həm də türkçülüyə qarşı mövqeyi ilə seçilib. Bu mövqeyini açıq ifadə etməsə də, addımları ilə bu istiqamətdə ciddi zərbələr vurub…

– Türkçülüyə qarşı olan bütün hərəkətlər namərdlikdir. Əgər deyilənlər həqiqətdirsə, onda Mehdiyev bu xalqın düşmənlərindən biridir. Azərbaycanda türk və türkçülüyə qarşı olan insanların əksəriyyəti faktiki “Beşinci kolon”dur. Əgər bu adamların başında Mehdiyev dayanırsa, bağışlanılası adam deyil.

Ancaq bu məsələdə gülməli hallar da var. Məsələn, bir vaxtlar Ramiz Mehdiyevin təqdimatı ilə vəzifə tutanlar, hakim partiyada mövqe sahibi olanlar bu günün onun əleyhinə danışırlar. Məncə, bu, çox qəribə və ağrıdıcıdır. Kişinin bir sifəti olar. Bütün Azərbaycan bilir ki, bu şəxslərin hamısı ya Mehdiyevin təqdimatı, ya da məsləhəti ilə yüksək mövqelər tuta biliblər. Əks təqdirdə bu şəxslər kimdir ki?

Mən şairəm, həm də düşünürəm ki, şərin şər haqqında danışması əslində şərə heykəl qoymaqdır. Şərin tərəfində olan adamlar şəri tənqid edirlər. Başqa sözlə, Mehdiyevi bir çox hallarda elə onun özü kimi olan adamlar tnqid edirlər. Mehdiyevin yaratdığı icra strukturunun qayəsi də elə bundan ibarət olub ki, insanları üz-üzə qoysun. İndi özü də bu reallıqla qarşılaşmalı olub.

– Mehdiyev 30-ildən çox müddətdə yüksək vəzifədə çalışıb. Ancaq bir dəfə də olsun Türkiyəyə səfər etməyib. Sizcə, niyə?

– Yuxarıda qeyd etdim ki, bizim ömrümüzün mühüm bir dövrü onun hakimiyyəti altında keçib. Ən dəhşətlisi odur ki, belə yüksək post tutan adam ya Türkiyəyə bir dəfə səfər edib, ya da ümumiyyətlə etməyib. Türkçülüyə qarşı durmağın səbəblərini də araşdırmaq lazımdır ki, niyə belə mövqe tutublar?

Mən mətbuatdan oxudum ki, toyda Ramiz Mehdiyevin ətrafında əyləşənlərin çoxu erməni əsillilərdir. Azərbaycanda sözsüz ki, vəzifə sahibi olanların çoxu qarışıqdır. Mənim buna etirazım yoxdur. Ancaq biz ermənilərlə düşmənik, müharibə şəraitindəyik. Bunu hökmən nəzərə almaq lazımdır. Bu adamların dolayısı yolla türkə düşmənçiliyi rusla müttəfiqliyindən irəli gəlir.

Maraqlı bir fakt deyim. 1920-ci illərdə Türkiyənin özündə kommunist dünyagörüşü formalaşır və sol təmayüllülər hakimiyyətə gəlmək istəyirdi. O zaman türk jurnalist Leninin yanına gələrək Türkiyədə sosializm ideyasının yaranması və inkişafı mövzusunda müzakirə aparıb. Bu dövrü mətbuatda var və mən də oradan oxumuşam. Lenin jurnalistə deyir ki, nə qədər Türkiyədə olan bozqurd dağını, əsatiri millətin yaddaşından çıxarmasanız orada sosializm qura bilməzsiniz. Bu mənada demək istəyirəm ki, Azərbaycanda bizim türkçülük və turançılıqla bağlı fikirərimizi heç kəs silə, unutdura bilməz. Çünki bu, millətimizin yaddaşında min illərdir ki, kök salıb. Odur ki, yüzlərlə mehdiyevlər gəlib-getsə də, amma məqsədlərinə çata bilməyəcəklər.

Həm də bir nüansı qeyd etmək istəyirəm. Mühüm vəzifədə işləyən adamlar bizim düşmənimizdən medal alırsa, deməli, biz elə düşmənlə eyni səngərdə dayanmış oluruq. Sözsüz ki, düşməndən ənam alan şəxs onun qarşısında mütiyə çevrilir.

Bizim Rusiya ilə diplomatik münasibətlərimiz üzdə gözəl görünsə də, ruslar Ermənistana 400-500 tonlarla silah-sursat daşıyır. Və bizim məmurlar da Rusiyadan orden-medal alırsa, deməli, bu xəyanətdir.

– Ramiz Mehdiyev həm də yazılar yazır, onu tənqid edənlərə cavablar verir, öz fəaliyyətinin qüsursuz olduğunu nümayiş etdirməyə çalışır. Sizcə, bu hara qədər davam edəcək?

– Bu gün Azərbaycan mətbuatını Ramiz Mehdiyevlə iqtidarın savaş meydanına çevirmək əslində dövlətimizə ziyandır. Əgər bu adam vəzifədə olduğu zaman Azərbaycan dövlətçiliyinin maraqlarına işləməyibsə, cinayətləri olubsa, deməli, cinayət məsuliyyəti daşıyır. Hərəkət də bu istiqamətdə olmalıdır. Yoxsa, mətbuatı Mehdiyev və onu tənqid edənlərin döyüş meydanına çevirmək zərərlidir. Mən bütün hallarda dövlətin yanındayam. Dövlət bizim üçün müqəddəs anlayışdır.

A. YELMAROĞLU
Reyting.az

araz.az xəbər portalı.