Son günlər ciddi ictimai narazılığa səbəb olan “vahid taksi qiymətləri”nə keçid sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2011-ci ildə başladığı, 2014-cü ildə isə pik nöqtəyə çatan “taksi əməliyyatı” ilə oxşar mənzərə yaradıb.
Yeni “layihə” ilə ucuz taksilərin sıradan çıxarılması gündəmdədir.
“Ucuz taksi olmamalıdır” fikrinə Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev belə aydınlıq gətirib:
“Taksi qiymətləri bu gün o həddə edib ki, hətta az qala avtobus qiymətlərinə bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən istifadə etmək əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Yəni taksidən yararlanmaq olar, amma bunu gündəlik və daimi nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil. Bunun üçün gündəlik sərnişindaşıma mövcuddur”.
Yeni “taksi əməliyyatı”nın kökündə duran fikir budur ki, kasıb əhali taksiyə minməməli, ancaq ictimai nəqliyyatdan istifadə etməlidir. İctimai nəqliyyat xüsusilə pandemiya şəraitində təhlükəli olduğundan, əhalinin daha ucuz taksi şirkətlərinin xidmətinə üz tutmaqdan başqa çarəsi yoxdur. Bura Bakıda uzun müddətdir metronun bağlı olmasını, şəhərdə yaranan uzun tıxacları da əlavə etsək, nisbətən ucuz taksilərin xidmətindən istifadə daha məqbuldur. İndi isə bəlli olur ki, kasıb təbəqənin taksidən istifadəsini də doğru hesab etməyənlər var və taksi xidmətinin ancaq müəyyən imkanı olan şəxslər üçün əlçatan olmasını istəyirlər.
Hər halda ilk yayılan məlumatlar və rəsmilərin dedikləri bu nəticəni verir. Təxminən 2010-cu ildən sonra Bakıda “1 manatlıq taksi”lər xidmətə başlayıb. Söhbət müxtəlif uzaq qəsəbə və kəndələrdən mərkəzə gələn taksilərin 1 manata sərnişin daşımasından gedir. Təxminən 1 il sonra isə Ziya Məmmədov bu məsələnin qarşısını almaq niyyətinə düşdü və onları qanunsuz taksi fəaliyyəti adlandıraraq bu bazarı ələ keçirmək istədi. Nəticədə ölkənin nəqliyyat sistemində çox eybəcər bir mənzərə formalaşdı və insanların leksikonuna “Ziya Məmmədovun qoçuları” ifadəsi gəldi. Ziya Məmmədovun “taksi əməliyyatı” da elə məhz bu ifadə ilə yadda qaldı.
Hazırda da aparılan müzakirlər maddi imkan baxımından fərqlənməyən təbəqənin taksiyə yolunu bağlamağa xidmət edəcək. Bu isə haqlı olaraq xalq arasında ciddi narazılıqla qarşılanır. Ümumiyyətlə, taksi fəaliyyəti bu gün ölkədə monopoliyada olmayan, rəqabətliliyin çox olduğu az sayda sahələrin başında gəlir. Əslində qiymətlərin ucuzlaşması da məhz bununla bağlıdır. Hər halda heç bir taksi sürücüsü qazancı olmasa, heç vaxt adambaşına 1 manata sərnişin aparmaz. Bu aksiomadır. Deməli, taksi qiymətlərinin ucuz olması birbaşa olaraq rəqabətli mühitin yaratdığı imkandır ki, əhalinin də əksər hissəsi bu gün o xidmətdən istifadəyə üstünlük verir. İctimai nəqliyyatda olan problemlər isə heç kimə sirr deyil.
Xüsusilə də pandemiya dövründə bu məsələ özünü daha qabarıq göstərdi. Doğrudur, metroların işləməməsi səbəbindən yük maşrut avtobuslarının üzərinə düşüb, amma karantindən əvvəl də müəyyən problemlər, çatışmazlıqlar mövcud idi. Hazırkı vəziyyətdə isə karantin müddəti 30 sentyabra qədər uzadılıb, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Halbuki şənbə və bazar günləri karantin müddətində fəaliyyətinə icazə verilən bir sıra sahələr işləyir. Belə bir məqamda isə taksilərin önəmi bir daha gündəmə gəlir. Xüsusilə də “1 manatlıq taksilərin” həmin günlərdə fəaliyyəti insanların küçələrdə qalmasının qarşısını alır,qarşıdan payız-qış mövsümünün gəlməsi məsələni daha da aktuallaşdırır. Nəzərə alsaq ki, insanların gəlirlilik səviyyəsi kifayət qədər aşağı düşüb, belə bir məqamda ucuz taksi xidməti önəmlidir. Xalqın vəziyyəti ucuz taksilərin olmasını zəruri edir.
İqtisadçı Samir Əliyev də hesab edir ki, taksilər, xüsusilə də “bir manatlıq” taksilər avtobusların yükünü azaldır:
“Pandemiya dövründən sərnişinlər avtobuslarda az-qala bir-birinin belində gedirlər. Taksilərin sıradan çıxarılması avtobusların yükünü daha da artıracaq. Bu gün UBER, BOLT kimi taksi xidmətləri ünvanlara gedərkən WAZE proqramını tətbiq edirlər. Bu proqramı istifadə edənlər yaxşı bilirlər ki, proqram bir qayda olaraq sürücünü tıxac olmayan yollarla ünvan başına çatdırır. Məhz bu proqram şəhərdə tıxacların azalmasında əhəmiyyətli rol oynayır, maşın yükünü boş yollara yönəldir. BNA təmsilçisi ucuz qiymətin rəqabəti pozduğunu deyirsə, onda niyyət aydındır”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.