Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Qərbi Azərbaycan Partiyası Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli ilə müsahibəni təqdim edir.
– Əziz müəllim, 2018-ci il həyatımıza Azərbaycan üçün mühüm tarixi hadisələr ili kimi daxil olub. Martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, aprelin 11-də növbədənkənar prezident seçkiləri, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi… Bəlkə buradan başlayaq…
– Başlayaq. Tamamilə haqlısınız. Əvvəl prezident seçkilərinə münasibət bildirmək istərdim. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, yüz minlərlə qaçqının iradəsini ifadə edərək, Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayından dərhal sonra Azərbaycan qaçqınları və məcburi köçkünləri adından prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamını və YAP-ın VI qurultayının partiyanın sədri, ölkə prezidenti cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsini müdafiə edən bəyanat qəbul etdik. Həm də bu qərarı elə-belə, siyasi etiket olaraq deyil, son 30 ildə Azərbaycanın keçdiyi tarixi yolunu dərindən təhlil edərək qəbul etdik. Bu seçim həm də bizim bu qarışıq dünyada Azərbaycanın gələcək taleyi üçün arxayın olmaq istəyimizdən doğur. Və bütün Azərbaycan xalqını da region və dünya üçün bu məsuliyyətli dövrdə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırırıq.
– Prezidentin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olundu…
– Bu, çox mühüm, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına, milli dövlətçilik ideologiyası olan azərbaycançılıq ideyasının təbliğinə hesablanmış bir qərardır və hamımızın bu qərara böyük hörmətimiz var. Amma bu il həm də azərbaycanlıların soyqırımlarının ildönümləridir və heç də Cümhuriyyətimizin 100 illiyinin kölgədə buraxacağı ildönümləri deyil. Təsadüfi deyil ki, cənab prezident bu yaxınlarda azərbaycanlıların soyqırımının 100 illiyi barədə də sərəncam verdi. Lakin bu ildönümünə cəmi bir ay qalır, qarşıdan isə ölkəmiz üçün mühüm bir tarixi hadisə – prezident seçkiləri gəlir. Deməli, istəsək də, istəməsək də, biz bu soyqırımının 100 illiyini lazımi səviyyədə keçirə bilməyəcək, Azərbaycanın bu tarixi faciəsini, bu faciədə erməni faşizminin rolunu dünya ictimaiyyətinə çatdıra bilməyəcəyik. Necə ki, bir neçə gün əvvəl digər bir tarixi faciəmizin üzərindən sükutla keçdik. Azərbaycanın Rusiya və İran arasında ikiyə bölünməsini və ermənilərin İrandan Cənubi Qafqaza köçürülməsini rəsmiləşdirən, bununla da son 200 ildəki bütün tarixi faciələrimizin əsasını qoyan Türkmənçay müqaviləsini nəzərdə tuturam. Bu il fevralın 10-da həmin müqavilənin 190-cı ildönümü idi. Amma susduq, elə bil heç bizə aidiyyatı yox idi.
– Bu il, deyəsən, 1948-ci il deportasiyasının da ildönümüdür…
– Bəli, bu il həm də 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümüdür. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının bu tarixi faciəsinə 1997-ci il dekabrın 18-də imzaladığı fərmanla tarixi-siyasi qiymət verdi, tarixi faciəni unutmamağı bizə tövsiyə etdi. Hətta bu məsələ ilə sistemli məşğul olmaq üçün özünün sədrliyi ilə mötəbər Dövlət komissiyası da yaratdı. Bu gün həmin tarixi faciəni yüksək səviyyədə qeyd etmək niyə lazımdır? Ona görə ki, Stalinin ölümündən bir müddət sonra repressiya olunan bütün xalqlar tarixi bəraət aldı və onlar öz tarixi torpaqlarına qayıtmaq hüququ əldə etdilər. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən deportasiya olunan soydaşlarımızdan başqa – o vaxt SSRİ rəhbərliyində Anastas Mikoyan başda olmaqla, xeyli erməni və ermənipərəst qüvvələr vardı, onlar buna imkan vermədilər. Çünki azərbaycanlıların Ermənistana qayıtması ermənilərin strateji maraqlarına cavab vermirdi. Üstəlik, bu il azərbaycanlıların 1988-ci il soyqırımı və deportasiyasının da 30 illiyidir. Düz 30 il bundan əvvəl biz tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycan adlı böyük bir ərazini itirdik, 250 min soydaşımız ata-baba yurdundan qaçqın düşdü. Əgər bu il bu deportasiyaların ildönümlərinin dövlət səviyyəsində keçirilməsinə kimlərsə mane olacaqlarsa, demək, yenə də kimlərsə ermənilərin maraqlarına xidmət edəcəklər. Mən inanmıram ki, bu gün Azərbaycanda belələri olsun.
– Bu yaxınlarda Qərbi Azərbaycan Partiyası adlı yeni siyasi təşkilatın yaranması barədə informasiyalar yayıldı. Siz də bu barədə bir neçə dəfə müsahibə verdiniz. Sonra araya bir sükut çökdü. Nə məsələ idi?
– Tamamilə haqlısınız. Bu ideya uzun illərdir, insanlar arasında dolaşırdı. İnsanlar ata-baba yurdlarının unudulmasından narahat idilər. Bir insan üçün vətən itirməkdən böyük faciə yoxdur. İnsanlarımız bu gün də bu itkini həzm edə bilmirlər. Yaşlı nəslimiz sürətlə dünyadan köçür, hamısı da son nəfəsində Vətən -Göyçə, Dərələyəz, Zəngəzur, Dərəçiçək, Ağbaba, Ağrı dağı, Alagöz dağı, İrəvan deyir. Bu, bizi ağrıdır. İnsanlar tələb edirdilər ki, o torpaqların unudulmaması üçün, o ellərin yaddan çıxmaması üçün və insanlarımızı o tarixi torpaqlarımıza qayıtmaq ideyası ətrafında birləşdirmək, gənclərimizi bu ruhda tərbiyə etmək üçün siyasi bir təşkilat yaradılsın. Doğrudan da buna böyük ehtiyac vardı. Elə bu vaxt cənab Prezident “İrəvan, Zəngəzur bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq” bəyanatını verdi. Biz də bundan ruhlanaraq və həm də mövcud sosial sifarişi nəzərə alaraq, belə bir partiyanın yaradılması ideyasını irəli sürdük. İnsanlarımız bunu çox müsbət qarşıladılar. Bizim üçün maraqlısı o oldu ki, sıralarımıza qoşulmaq istəyənlər arasında, Qərbi azərbaycanlılarla yanaşı, Azərbaycanın ən müxtəlif bölgələrindən də xeyli insanlar vardı. Bu, bizim bir millət olaraq bütövlüyümüzün göstəricisi idi. Bu, bir daha sübut elədi ki, biz tək işğal altında olan Qarabağ yox, hətta Azərbaycanın tarixi torpaqlarının hər qarışı üçün canından keçməyə hazır olan bir millətik.
– Bəs partiyanın yaranması məsələsi indi hansı mərhələdədir?
– Artıq partiyanın təsis qurultayının keçirilməsi üçün, demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Təşəbbüs Qrupu vaxtaşırı iclaslarını keçirib, insanlarla müzakirələr aparılıb. Təşəbbüs Qrupunun sədri kimi, məni ilk növbədə partiyanın strukturu, ilkin sənədlərinin hazırlanması maraqlandırırdı və artıq bu məsələlər həll olunub. Lakin qarşıdan ölkəmiz üçün mühüm tarixi hadisə – prezident seçkiləri gəlir və təbii ki, biz bu seçkilərə qədər hər hansı addım atmaq fikrində deyilik. Təşəbbüs Qrupumuzun bütün üzvləri prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir və biz bu istiqamətdə tərəfdaşlarımız arasında fəal iş aparmaq qərarına gəlmişik. Bu günlərdə Yeni Azərbaycan Partiyasının son qurultayında cənab Prezidentin yenidən “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq… Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” deməsi biz Qərbi azərbaycanlılarda yeni bir ruh yüksəkliyi yaradıb. İnanırıq ki, yaxın zamanlarda nəinki işğal altında olan Qarabağ torpaqları düşməndən azad ediləcək, Qərbi Azərbaycan qaçqınları da tarixi torpaqları olan İrəvana, Göyçəyə, Zəngəzura qayıda biləcəklər. Biz bu məsələdə xalqımıza, dövlətimizə, Prezidentimizə, bir də böyük tarixi ədalətə arxalanırıq.
– Bir partiya olaraq əsas hədəfləriniz nədən ibarət olacaq?
– Ən yaxın hədəflərimiz bu il soydaşlarımızın 1948-1953-cü illər deportasiyasının ildönümünün dövlət səviyyəsində qeyd olunması, ulu öndər Heydər Əliyevin yaratdığı dövlət komissiyasının işinin bərpa olunması, həmin deportasiyaya Milli Məclis tərəfindən hüquqi qiymət verilməsi, SSRİ və Azərbaycan SSR tərəfindən o zaman qəbul edilən bütün qərarların ləğv edilməsinə nail olunması və deportasiya olunanların övladlarının, varislərinin ata-baba yurdlarına qayıtmaq hüquqlarının tanınmasıdır. Bundan əlavə, soydaşlarımızın 1988-ci il deportasiya və soyqırımının 30 illiyi də dövlət səviyyəsində qeyd olunmalı, Milli Məclis bu məsələyə də siyasi-hüquqi qiymət verməli, əvvəl Azərbaycan dövləti qaçqınların məcburi köçkünlərə bərabər tutulan bütün hüquqlarını bərpa etməli, onların birtərəfli şəkildə ləğv olunan Ermənistan vətəndaşlığını geri qaytarmalı, sonra da müvafiq sənədlərlə beynəlxalq qurumlara müraciət edərək qaçqınlıq hüquqlarının BMT-də tanınmasına nail olmalıdır.
– Bəs bir partiya olaraq, strateji hədəfləriniz nədən ibarətdir?
– Strateji hədəfimiz – tarixi torpaqlarımıza qayıtmaqdır. Tarixi Azərbaycan torpaqlarında qondarma erməni dövləti yaradıb, Qafqazı qan çanağına çevirən, hətta bununla da kifayətlənməyib, yeni torpaq iddiaları ilə Azərbaycana qarşı işğalçılıq siyasəti yeridən ermənilərin başına dünyanı dar eləməkdir. Biz bu yola bir dəfə çıxdıq və geriyə dönüş yoxdur. Yetər ki, arxamızda Azərbaycan xalqı dursun. Modern.az
araz.az xəbər portalı.