Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların sayı 26 milyonu ötüb. Sonuncu statistikaya görə, Covid-10 səbəbindən dünyasını dəyişənlərin sayı isə 867,370 nəfərdir.
Koronavirusla mübarizədə hər ölkə fərqli üsul nümayiş etdirib. Əvvəllər, pandemiya ilə mübarizədə ölkələrarası əməkdaşlıq mövcud olmasa da, sonradan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyası keçirilib.
Bu sessiya isə ölkə başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə təşkil olunub. İnsanlığı çətin sınaq qarşısında qoyan COVİD-19 virusunun tüğyan elədiyi bir zamanda onun təşəbbüsləri dəstək qazanıb və beynəlxalq həmrəyliyin nümunəsi kimi qəbul edilib. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edib. Amma bütün bunlara baxmayaraq, dünyanın ali təşkilatının baş assambleyasının xüsusi iclasının keçirilməsini istəməyən də olub ki, Ermənistan bu məsələdə də öz mənfi mövqeyini ortaya qoyub.
İyul ayının 10-da çağırılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 2 seqmentdən ibarət formatda keçirilib. Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulub. Belə ki, BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil.
Sentyabr ayının 1-də BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə əlaqədar Azərbaycana təşəkkür edib. Koronavirusdan ölənlər üçün məyus olduğunu dilə gətirən Ticani Məhəmməd-Bande müraciətində bildirib ki, bu sessiya kordinasiyalı əməkdaşlıq üçün atılan uğurlu təklifdir. O, müraciətində pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsinin dünya liderlərinin pandemiyaya qarşı cavab tədbirlərində daha çox iştirakını təmin edəcəyini vurğulayıb.
“Mövcud vəziyyət Covid-19-u məğlub etmək və çoxtərəfli əməkdaşlığı gücləndirmək üçün birlikdə işləmək zərurətini yaradır. Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək. Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq”, – onun müraciətində qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Covid-19 pandemiyasına qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb.
Umarlı
Milli.Az
araz.az xəbər portalı.