Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ətrafında cərəyan edənlər, onun 4 tənqidi məqalə yazıb, güc nümayiş etdirməsi gündəmin əsas mövzularından biridir. “Boz kardinal” avqustun 18-də nəvəsinə etdiyi toy məclisindən sonra yaxınlarının cəzalandırılması və tənqid edilməsi ilə barışa bilmir, bir-birinin ardınca “tikanlı məqalələr”lə çıxış edir. Bu proseslərdə sabiq səhiyyə naziri Əli İnsanovun susqun mövqe sərgilməsi də maraq doğurur. Çoxları İnsanovun Mehdiyevə dəstək verəcəyini təxmin edirdi. Doğrudur, bu iki şəxsin ötənlərdə düşmən olduqları da məlumdur. Amma bu ilin iyununda Xural.TV-yə verdiyi geniş müsahibədə İnsanov Mehdiyev haqqında müsbət fikirlər səsləndirmişdi. Məhz o müsahibəyə istinad edənlər onların bir araya gələ biləcəkləri yönündə ehtimallar irəli sürürlər. İnsanov və Mehdiyevin bir araya gələrək, müəyyən bir regional kontingenti ətraflarında cəmləyə biləcəkləri iddiası da var.
Bu iddialarla bağlı “Yeni Müsavat”a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilginc fikirlər söylədi. O, “əslində Əli İnsanovla Ramiz Mehdiyev birlikdədirlər” – deyə qeyd etdi: “İnsanov Xural-a vermiş olduğu müsahibədə Ramiz Mehdiyevə olduğu isti münasibətini ortaya qoyub. Onlar zamanında bir-birilərinin qanını içməyə hazır idilər. Təbii ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması onun ürəyincə olmadı. O, ömrünün sonuna qədər bu vəzifədə qalmaq arzu və istəyində idi. Lakin ölkə Prezidentinin müəyyən etmiş olduğu dəqiq vaxtda zərərsizləşdirildi, vəzifədən uzaqlaşdırıldı. Çünki Ramiz Mehdiyevin düşüncəsi, iş metodu, baxışlar sistemi ölkə Prezidentinin apardığı islahatlarla daban-dabana zidd idi. Cənab Prezidentin həyata keçirdiyi islahatlar Azərbaycanı daha yüksək səviyyəyə qaldırıb, onun dünya miqyasında nüfuzunu artırmağa, dövlətçilik immunitetini gücləndirməyə hədəflənib. Mehdiyev isə ölkəmizi güclü dövlət kimi görmək istəməmişdi. Əksinə, himayə etdiyi anti-Azərbaycan qüvvələr tərəfindən, xüsusi olaraq, Rusiyada böyük kök atmış və Rusiyanın idarəçilik sistemində, siyasətində, mediasında yer alan, böyük maliyyə imkanlarına sahib olan erməni diasporası tərəfindən idarə olunan, onun tapşırıqlarını yerinə yetirən şəxs olub. Baxmayaraq ki, layiq olmadığı bir yer ona etimad göstərildi və yenə də əvvəlki ənənələrini həyata keçirməkdədir. Onunla Əli İnsanovun məqsədləri tamamilə üst-üstə düşür. Hər ikisi ölkə Prezidentinə və dövlətçiliyə qarşıdır. İnsanovun qısasçılıq düşüncələri ilə Mehdiyevin eyni düşüncəsi, kin-küdurətləri bir-birini tamamlayır. İnsanov bu gün tamam açıq müstəvidə, formada müxalifətdə dayanaraq, İlham Əliyev iqtidarına qarşı barışmaz mübarizə mövqeyi sərgiləyir. Ramiz Mehdiyev isə imkanlarından məhrum olunduğuna görə Azərbaycanı zəiflətmək xəttini başqa bir müstəvidə həyata keçirməyə başlayıb. AMEA-nın vermiş olduğu imkanlar və bu səlahiyyət çərçivəsində o, artıq akademiyanın saytından istifadə edərək bloger, köşə yazarı kimi dövlətçiliyimizə və İlham Əliyevə qarşı olduqca məkrli mübarizəsini ortaya qoymaqdadır. Bu mübarizəni o ulu öndərimizə, İlham Əliyevə sədaqətlə pərdələməyə çalışır. Bu üsuldan istifadə edərək Azərbaycan dövlətini demək olar ki, bütün istiqamətlərdə təftiş etməyə və həm dünən, həm də bu gün dövlətçiliyimizin əldə etmiş uğurlarına kölgə salmağa çalışır. Xüsusi olaraq, ayrı-ayrı epitetlərdən istifadə edərək, özünün riyakarlığını başqalarının üzərinə qoyaraq, satqınlığını digərlərinə – millət vəkillərinə, mətbuata, qəzet redaktorlarına, ziyalılara ünvanlayaraq, əslində ciddi problemlər yaratmaqdadır. Bununla o, özünü bütövlükdə cəmiyyətə, xalqa qarşı qoyub. Xalqın iradəsinə qarşı bu gün ciddi müqavimət göstərməkdədir. Səpmiş olduğu hiyləgər toxumlarla xalqla dövlət arasında bağlılığı qırmağa, həmrəyliyin, birliyin səviyyəsini aşağı endirməyə çalışır. Onun hədəfləri bəllidir. Hədəfi indi mirzələrinin vəzifəsi ilə dövlətçiliyimizə qarşı mübarizəsini önə çəkməkdir. Onun imzası ilə gedən dörd yazı əslində Ramiz Mehdiyevin kəskin müxalifətçilik mövqeyində durmaqda olduğunu və böyük sürətlə bu istiqamətə transfer etdiyini açıq şəkildə göstərməkdədir”.
Deputat digər ittihamlar da səsləndirib: “O, bu gün Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatla birlikdə Azərbaycana qarşı Əli İnsanovla bərabərdir. Əslində artıq sübut olunmaqdadır ki, uzun illər o, Əli Kərimli və onun ətrafı ilə ciddi əməkdaşlıq edib. Faktiki olaraq, Əli Kərimli 2003-cü ildən, yəni İlham Əliyevin prezident seçilməsindən sonra birbaşa Ramiz Mehdiyevin çətiri altına keçib. Diqqət edin, 2003-cü ilə qədər o, birbaşa Ramiz Mehdiyevin nəzarətində onun tapşırıqlarını yerinə yetirdiyi vəziyyətdə idi. Amma həmin ildən sonra tamam başqa bir fəaliyyət növü seçdi və tədricən radikal müxalifət mövqeyinə transfer olundu. Halbuki Əli Kərimli parlamentdə təmsil olunduğu dövrdə bu cür deyildi. Düşünülmüş şəkildə Kərimlini radikallığa sürükləyən və buna nail olan Ramiz Mehdiyev onunla İlham Əliyev iqtidarını düşmən etdi. Həm vermiş olduğu təlimatlarla, həm də çox məkrli, hiyləgər bir metodla onu və ətrafını dövlətçiliyimizə qarşı barışmaz mövqedə qərarlaşdıra bildi. Beləliklə, özünün məhz bu gün nəzərdə tutduğu ”B planı”nda bərabər olduqları üçün illərdən bəri yaratmış olduğu zəminin “bəhrələrini” görməkdədir. Təsadüfi deyil ki, Əli Kərimli və onun dəstəsi böyük həvəslə Ramiz Mehdiyevi müdafiə edir, vəkillik funksiyasını yerinə yetirirlər. Ramiz Mehdiyev dövlətə meydan oxumaqdadır. Düşünürəm ki, o, düşünülmüş şəkildə karantin rejimində qaydaları pozaraq, nümayişkaranə nəvəsinin toy mərasimini təşkil etdi, bunun sosial şəbəkələrdə yayılmasına şərait yaratdı. Mehdiyev düşünməmiş deyildi ki, bu addımı cəmiyyətdə qıcıqla qarşılanacaq. Onun qanunlara və dövlətçiliyə meydan oxumasının dövlətçilik mövqeyində duran, qanunlara hörmət edən hər bir insanda qəzəb oyadacağını yaxşı bilirdi. Amma bunu etdi. Xalqımızın onun üzərinə gedərək onu intizama, qayda-qanuna, qanunların aliliyinə tabe olmağa heç bir təhqir söyləmədən səslədiyi bir anda o, od püskürməyə başladı, hamını riyakarlıqda, sədaqətsizlikdə, saxtakarlıqda ittiham etdi. Halbuki bunların hamısı onun şəxsi və dəyişilməz keyfiyyətləridir. İndi bu şəxs açıq şəkildə döyüşə gedir. Hədəf Azərbaycan dövlətçiliyidir. Düşünürəm ki, dövlətçiliyə sədaqətli olan, istiqlalımızın qazanılmasında müstəsna xidmətləri olan xalqımız Ramiz Mehdiyevin bu məkrli planına, hiyləgər məqsədlərinə qarşı barışmaz mövqe nümayiş etdirməlidir. Artıq xalqımız bununla bağlı öz iradəsini ortaya qoyub. Müşahidə etdiyim xüsusi bir məsələ də var ki, artıq İlham Əliyev hakimiyyətinə bəzi hallarda liberal, bəzi hallarda isə müxalifət mövqeyində duran qüvvələr də Ramiz Mehdiyevə qarşı döyüşlərin içərisində yer almaqdadırlar. Çünki onlar başa düşürlər ki, bu artıq milli dövlətçilik məsələsidir, millətin bu günü və sabahına yönəlib. Ona görə də onlar Ramiz Mehdiyevin ittihamlarına baxmayaraq, mövqe dəyişikliyi etmirlər. Əslində öz cinahlarında mövqelərini daha ardıcıl şəkildə davam etdirdiklərini göstərirlər. Onların 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində Azərbaycanın fəlakətə düşdüyü zaman kəsiyində milli dövlətçiliyi qorumaq üçün iradələrini necə ortalığa qoymuşdularsa, bu gün Ramiz Mehdiyev və onun arxasında duran məkrli erməni diasporunun, lobbisinin ölkəmizi zəiflətmək, onu xaosa çevirmək məqsədlərinə qarşı iradələrini ortalığa qoymaqdadırlar. Bu, əlbəttə, dövlətçiliyimiz üçün yaranmış olan çox uğurlu bir üstünlükdür. Ramiz Mehdiyevin ən müxtəlif şəkildə yağdırdığı böhtanlara baxmayaraq, sədaqətli insanlar öz sözlərini deyirlər. Bu mövqe sona qədər gedəcək. Buna qətiyyən şübhəm yoxdur. Xalqın bu etirazı, kütləvi şəkildə rəyi AMEA-da çalışan çox hörmətli akademiklərimizin, ziyalılarımızın fəaliyyətində ciddi dönüş yaradacaq. Dəfələrlə demişəm, bu dəfə də deyirəm ki, Mehdiyev əlində olan bütün alətlərdən məhrum edilməlidir. Xalqımıza, dövlətimizə qarşı düşmənçiliyini bu gün açıq şəkildə ortalığa qoyubsa, dövlət də öz sözünü deməlidir. O, mənəvi haqqını uzun illərdən bəridir itirib. İndi bunu daha qabarıq şəkildə göstərir. Heç bir halda elmimizin məbədi olan AMEA-ya rəhbərlik edə bilməz. Ramiz Mehdiyev olduqca pis nümunə ortalığa qoymaqdadır. Bu hərəkətləri və davranışları ilə rəhbərlik etdiyi akademiyadakı çox nəcib ziyalılarımızın hörmətinə kölgə salmaqdadır. Onun üçün də dəyərli akademiklərimiz, ziyalılarımız yığışıb, onu oradan uzaqlaşdırılmalı və bu ləkəni aradan qaldırmalıdırlar. Bu gün Ramiz Mehdiyev son yazısı və ondan əvvəlki yazısında onların da üzərinə gedib. Onları riyakarlıqda, satqınçılıqda günahlandırır. Nəyə görə nəcib ziyalılarımız bunu üzərlərinə götürüb, onun rəhbərliyini qəbul edirlər? Bu, kifayət qədər düşündürücü məsələdir. İnanmaq istərdim ki, ziyalılarımız iradələrini ortalığa qoyub, hər kəsin gözlədiyini edəcəklər. Ramiz Mehdiyev ona verilən bütün təltiflərdən məhrum edilməlidir. Onun haqqında cinayət işi açılmalıdır. Çünki sosial şəbəkələrdən izləyirik ki, neçə-neçə insanların talelərinə zərbə vurub, onları həbsxanalara atdırıb, ölkədən didərgin salıb. Bunu biz bilirdik, sadəcə, indi faktlar üzə çıxır. Bunların hamısı araşdırılmalı və hüquqi qiymətini almalıdır. Bu adam çoxsaylı insanların mülkiyyət hüquqlarını pozub. Heç bir halda Azərbaycan dövlətçiliyində ərköyün uşaqlar ənənəsini yaratmağa imkan verilməli deyil. Bu ənənənin yaradılması dövlətçiliyimiz üçün indi və gələcəkdə çox böyük təhlükədir. Buna qətiyyən imkan vermək olmaz”.
Deputat AMEA rəhbərinin müttəfiq axtarışında olduğunu da söylədi: “Bu gün artıq Ramiz Mehdiyev Əli Kərimli və onun ətrafındakı Milli Şurada özü üçün müttəfiq tapmaqdadır. Eyni zamanda artıq neçə vaxtdır ki, Əli İnsanovla bərabərdir. Sadəcə olaraq, indi düşünülmüş şəkildə belə görüntü yaradılır ki, guya onlar bir yerdə deyillər. Amma bu belədir. Sadəcə olaraq, onların bir yerdə şəkil çəkdirib cəmiyyətə fərqli deyil, eyni mövqedən yanaşan bəyanatlarla çıxış etmələri çox da uzaqda deyil. Beləliklə, Ramiz Mehdiyevin yeni müstəvidə yetişdirdiyi və bu günə qədər müttəfiqlik etdiyi insanlarla, eyni zamanda Əli İnsanovla birlikdə dövlətçiliyimizə qarşı mübarizəsi göz önündədir”.
F.Ağamalı heç bir halda R.Mehdiyev və Əli İnsanovun naxçıvanlıları və qərbi azərbaycanlıları dövlətə qarşı qaldırmaq gücündə olmadıqlarını söylədi: “Onların naxçıvanlıları və qərbi azərbaycanlıları əz ətraflarında birləşdirib, sosial baza yaradacaqlarına qətiyyən inanmıram. Ramiz Mehdiyevin naxçıvanlılar içərisində qətiyyən hörməti, nüfuzu yoxdur. Bu yaxınlarda səhv etmirəmsə, Mübariz Pənahov açıq şəkildə müsahibəsində Mehdiyevin naxçıvanlılar içərisində heç bir nüfuzunun olmadığını qəti şəkildə bildirdi. Ola bilsin ki, orada vaxtilə hansısa vəzifəyə yerləşdirdiyi, geniş imkanlar açdığı həmin regiondan olan tək-tük insanlar bununla bərabər ola bilərlər. Bunu istisna etmirəm. Amma bunun sosial bazaya çevriləcəyinə inanmıram. Əli İnsanov isə uzun illərdən bəri çalışsa da, Qərbi Azərbaycandan olan kiminsə onun yanında yer almasını demək olar ki, görmək mümkün deyil”.
araz.az xəbər portalı.