299258Azər Qasımov: “Lakin Türkiyənin dəstəyi ilə bu təzyiqlər qarşısında duruş gətirmək mümkündür”

Son vaxtlar Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsi gündəmdədir. Lakin bəzi mütəxəssislər hesab edir ki, belə bir addım Azərbaycanı Rusiyanın ciddi təzyiqləri ilə üz-üzə qoya bilər.

Azərbaycan belə bir qərar alarsa, o zaman həqiqətən də Rusiyanın təzyiqlərinə məruz qala bilərmi? Ən əsası, Azərbaycanın bu təzyiqlər qarşısında davam gətirməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Qasımov Rusiyanın bu məsələdə ortaya qoyacağı mövqeyin bəlli olduğunu bildirib:

“Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq istəməsini, sadəcə iki qardaş ölkənin bir-birini dəstəkləməsi kimi qələmə vermək, məsələnin mahiyyətini kiçiltmək deməkdir. Bu, eyni zamanda tarixi zərurətdir!

Türkiyə son dövrlərin yüksələn və daim inkişaf edən ölkəsi kimi Türk dünyasının lideridir. Bu baxımdan, Türkiyənin Azərbaycanda hərbi baza qurması qardaşlıq borcundan öncə Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi yolunda əsaslı addım olacaq.

Əsrlərdir Rusiyanın təsir dairəsində olan Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi Rusiyanın geostrateji maraqlarına ziddir və ona qarşı təhlükədir. Odur ki, belə bir qərarın alınmasında sözdən ciddi işlərə keçiləcəyi zaman Rusiyanın təzyiqləri qaçılmaz olacaq. Rusiyanın Azərbaycana təzyiq mexanizmləri, bildiyimiz və bilmədiyimiz təsir yolları vardır. Bura rusyönlü 5-ci kolonun aktivləşməsindən, cəbhədə gərginlikdən, Rusiyada yaşayan azərbaycanlıların deportasiyasından tutmuş, rus hərbi birliklərinin Azərbaycana daxil olmasına kimi təhlükələr gözləmək olar. Təbii ki, biz tək bu təzyiqlərin qarşısında duruş gətirə bilmərik, lakin Türkiyənin bizə olan dəstəyi buna olan inamı artırır. Hesab edirəm ki, biz həm Azərbaycan, həm də Türkiyə bu işi təmkinlə, ciddi qarşıdurma yaratmadan aparmalıyıq, çünki Rusiya çox təhlükəli və məkrli ölkədir.

Türkiyə son dövrlər əldə etdiyi uğurlarını daha da artırmalı, silah-sursat istehsalında daha da təkminləşməlidir. Azərbaycan da daim ona bu yolda dəstək verməli, Türkiyənin daha da güclənməsinə şərait yaratmalıdır. Güclü Türkiyə güclü Azərbaycan deməkdir”.

Seymur ƏLİYEV

araz.az xəbər portalı.