WhatsApp Image 2020 09 04 at 18.08.35 1 Bu gün günorta saatlarında paytaxtda
dəhşət doğuran qorxunc hadisə baş verib. Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 29 ünvanında “Qarant İnşaat — 2012” MMC-nin tikintisini apardığı 16 mərtəbəli yaşayış binasının yerləşdiyi ərazidə, tikinti şirkətlərindən birinə məxsus qülləli 
kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. araz.az xəbər portalının hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, küçədə dayanan 5 avtomobilin üzərinə də aşan kran, həmin maşınları tam yararsız vəziyyətə salıb.Verilən ilkin rəsmi məlumata görə, kabinada olan krançı ölüb, bir nəfər kran quraşdırıcısı isə, özünü, tikintisi gedən qarşıdakı obyektin üstünə atıb. Ciddi bədən xəsarətləri alan həmin şəxsin vəziyyəti də kritikdir.WhatsApp Image 2020 09 04 at 18.08.35 

Onu da qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat çatdırılıb. Dərhal hadisə yerinə aidiyyatı dövlət qurumlarının əməkdaşları gəliblər. Verilən məlumatlara görə, hadisənin baş verdiyi əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitini qiymətləndirərkən, qorxulu bu hadisənin baş vermə səbəblərini müəyyən ediblər. Bu hadisə barədə, bir müddət öncə Bakı Nəqliyyat Agentliyi də məlumat  yayıb. Verilən məlumatlara görə, kranın üstünə aşdığı, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidəki doqquz mərtəbəli köhnə yaşayış binasına da ciddi zərər dəyib.  Xoşbəxtlikdən, bina sakinləri bu təhlükədən xəsarət almayıblar. 
Bu qorxunc hadisəni nəzərə alan aidiyyatı qurumlar, artıq, Möhsün Sənani və Nəsib bəy Yusifbəyli küçələrindən Həsən Əliyev küçəsinə və şəhər istiqamətində Azadlıq prospektinə avtomobillərin girişini də bağlayıblar. Hazırda avtomobillər, eləcə də müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələri də xahiş olunub.
İndi hadisə yerinə FHN əməkdaşları cəlb olunublar. Onlar aşan kranın qaldırılması üçün çalışırlar. 
Rəşad CƏFƏRLİ,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.