İki toplantıdan sonra görüşlərə gəlməyən Asif Əsgərov Ramiz Mehdiyevlə vasitəçilər olmadan əlaqə saxlayır
Son günlər ölkə mediasında Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün xəyanətləri, korrupsiya faktları və digər qanunsuz hərəkətləri ilə bağlı ciddi faktlara əsasən yazılar işıqlandırılır, sabiq məmurların dövlətçiliyə etdiyi sobataj sərt şəkildə tənqid edilir. Amma bütün bu yazılarda bir nüans yaddan çıxır. Bu da əlbəttə ki, müəyyən mənada məlumat qıtlığından irəli gəlir. Söhbət dövlətə dərin xəyanətin tərkib hissəsi olan çevrilişə cəhddən gedir. Gəlin ötən bir ilə nəzər salaq.
8 oktyabr 2019-cu il. Prezident İlham Əliyevin Sərəncamı ilə Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edildi. Hələ ötən il bununla bağlı dövlət başçısının qətiyyətli addımı cəmiyyətdə böyük rezonans doğurdu.
2018-ci ilin aprelin 21-də baş nazir vəzifəsinə təyin olunan və Milli Məclisdə kəhkəşanlı nitq söyləyən Novruz Məmmədovun təxminən ilyarımdan sonra siyasi karyerasının sona çatması ölkədə gedən proseslərlə az-çox maraqlanan hər kəsdə xeyli suallar doğurdu.
Məsələnin məğzi isə cəmiyyətə bu günə qədər tam aydın olmadı.
Qeyd edək ki, bu, o vaxtlar idi ki, Prezident İlham Əliyevin ağır xəstəliyə düçar olması haqqında şaiyələr gəzirdi. Sevinc Osmanqızı və digər mühacir internet resursları ağına-bozuna baxmadan bu məlumatları yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışır, ölkənin faktiki idarə olunmaması barədə rəy formalaşdırmağa çalışırdılar.
Görünən isə o idi ki, məkrli plan işə düşmüşdü. Fransız dili müəllimi Ramiz Mehdiyev və Əli Həsənovun qurduğu oyuna düşmüşdü. Həmin oyunun bir epizodu isə onun Azərbaycan tarixində ən qısa ömürlü baş nazir kimi tarixə düşməsinə səbəb olmuşdu.
Belə ki, N.Məmmədov dar çərçivədə görüşlərindən birində demişdi ki, “biz situasiyanı tam nəzarətə götürməli, hakimiyyəti heç kəsə verməməliyik”. Bu söhbətlərdə isə Əli Həsənov, Ramiz Mehdiyev və adı bizə məlum olmayan başqa yüksək çinli məmur iştirak etmişdi.
Hadisələrin sonrakı inkişafı bəllidir. Bilərəkdən və ya bilməyərəkdən hadisələrin mərkəzində olan Novruz Məmmədov gözlənilmədən baş nazir portfelini itirməli olur. Ardınca isə ötən ilin yay aylarında Prezident Administrasiyasında əsl təlatüm baş verir. Xəyanətkar şəbəkənin üzvü Əli Həsənov faş edildiyini hiss edib hiyləgərcəsinə xəstəliyini əsas gətirərək iş otağından əşyalarını yığışdırıb istefa verməyə hazırlaşır. Ancaq ölkə rəhbərliyinin müdrikliyi və hadisələrə soyuqqanlılığı onun istefasını hələ ki gerçəkləşdirmir.
Xatırladaq ki, hələ ötən ilin sentyabr ayında KONKRET.az Ramiz Mehdiyevin tez bir zamanda vəzifədən gedəcəyini, onun yerinə daha təcrübəli, gənc və intellektual bir kadrın gətiriləcəyi barədə məlumata diqqəti çəkmişdi. O zaman bu yazı saytdan dərhal çıxarılmışdı. Çünki qabaqcadan belə xəbərlərin yayılması xəyanətkar şəbəkənin ifşa edilməsinin qarşısını ala bilərdi.
Ancaq KONKRET.az-a məlum olmuşdu ki, Ramiz Mehdiyev məkrli planını işə salmamışdan qabaq Əli Həsənovla münasibətlərinin korlandığı haqqında şaiyələri cəmiyyətdə yaymağa başlamışdı. Həmin şaiyələrdə bildirilirdi ki, Ə. Həsənov özünün sadiq silahdaşı Ramiz Mehdiyevi onun düşmənlərinə satmışdı.
Xəyanətin içində olan Əli Həsənov isə gizli planlarını məharətlə həyata keçirə bilirdi. Xalqın Əli Kərimova olan etimadsızlığı, yeknəsək tənqidləri müqabilində o, özünün ən yaxın dostu Qurban Məmmədovla gizli görüşlər keçirir və xüsusi tezislər verərək ölkəni müvəqqəti tərk etməyi tapşırır. Mühacir müxalifətçi kimi Qurban Məmmədova tapşırılır ki, bir müddət bu tezis əsasında olduqca radikal çıxışlar etsin, getdikcə böyük auditoriyaya “Azərbaycanda Heydərizm” başlığı ilə ayrı-ayrı və Əli Kərimlidən fərqli mövzular təbliğ edilsin. Məqsəd isə ölkədə Heydər Əliyev irsini dağıtmaq, bu tarixi şəxsiyyət haqqında əsası olmayan, tükürpədici məlumatları cəmiyyətə sırımaq və dövlətçiliyin əsasını sarsıtmaq idi.
Dövlət çevrilişini etmək üçün Əli Həsənova sadiq kadrlar ölkənin bəzi televiziya rəhbərliyinə də gətirilmişdi. Çünki elan olunacaq çevrilişə don geyindirmək üçün televiziya tribunasına ciddi ehtiyac var idi. Belə missiyanı isə canla-başla, iş otağında onun zənginə hətta ayaq üstə danışmağı özünə şərəf bilən “kadrlar” həyata keçirə bilərdi.
Bu istiqamət Ramiz Mehdiyevə rahat şəkildə dövlət çevrilişini etməyə imkan yaradacaqdı. Mükəmməl işlənilən planın icrası onların istədiyi kimi getmirdi.
Bu işlərə mane olan isə Əli Həsənovun hədsiz nəfsi, dövlətə, xalqa və Prezident İlham Əliyevə sadiq olan məmurların ləkələnməsi, şantaj edilməsi oldu. Bunların arasında yeni təyin olunan nazirlər, tanınmış diplomatlar və digər yüksək rütbəli şəxslər var idi.
İşin maraqlı tərəfi o idi ki, Ramiz Mehdiyev ona belə bir tapşırıq verməmişdi.
Məsələnin digər tərəfi haqqında. KONKRET.az olaraq əlimizdə olan digər etibarlı mənbələr bildirirdi ki, Ramiz Mehdiyevdə hələ PA rəhbəri olduğu dövrdə İlham Əliyev və onun ailə üzvlərinə qarşı qisasçılıq hissi formalaşmışdı. O, bu hissini gizlətməyə çalışsa da, buna müvəffəq olmamışdı. Artıq müxtəlif kluarlarda belə bir yekdil rəy formalaşmışdı ki, ölkədə tüğyan edən korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı məhz onun himayəsində olduğu üçün bu, İlham Əliyevin komandasının islahatçı qanadı tərəfindən gec-tez ifşa olunacaq. Həmin fikirlərin əsas qayəsi bu idi ki, dövlət başçısı əsasən uğurlu xarici siyasət həyata keçirərkən dövlət idarəçiliyini Heydər Əliyevin yaxın silahdaşlarına etibar edib. Lakin Səfəvi xanədanının qüdrətli hökmdarlarından biri olan I Təhmasib kimi İlham Əliyev də çevik hərəkət etməklə nə qədər çətin də olsa, paralel olaraq islahatlara başlayır, “ASAN xidmət” kimi sistem yaratmaqla inqilabi dəyişikliyin əsasını qoyur. Dövlət strukturlarında, icra hakimiyyətlərində və hüquq-mühafizə orqanlarında iyrənc miqyasda olan rüşvətin qarşısı alınır. Bütün bu addımlar, əlbəttə, Mehdiyevin əsəblərini tarıma çəkir, özünün qurduğu korrupsiya sistemi vasitəsilə yüksək çinli məmurlara təsir vasitəsini getdikcə azaldır.
Belə olan halda Ramiz Mehdiyev və Əli Həsənovun “B” planı işə düşür.
Cəmiyyətdə müəyyən nüfuzu və hörməti olan, cəfakeş obrazı ilə tanınan Qurban Məmmədov qəfildən oyuna daxil olur.
Sual oluna bilər ki, axı necə olur ki, həbsdən çıxandan sonra idarə olunan Qurban Məmmədov sonradan böyük əmlaka sahib olsa da, (bu barədə mətbuatda kifayət qədər məlumat gedib) mühacir həyatına üstünlük verir? Cavab aydın və sadədir. Əli Həsənov onu inandırır ki, bir müddətdən sonra o, Əliyevlərin olmadığı Azərbaycana təntənəli və qəhrəman şəkildə qayıdacaq.
Əli Həsənov onun maliyyəsini də qabaqcadan həll edir. Qurban Məmmədovun bank hesabına pulların bir qismi Türkiyə vasitəsilə, Əli Həsənova yaxın jurnalistlərdən birinin əli ilə ötürülürdü. Xatırladaq ki, Ə.Həsənovun Türkiyədə otel və restoranlar şəbəkəsi, zavod və fabrikləri, eləcə də daşınmaz əmlak biznesi fəaliyyət göstərir. Təbii ki, onun oliqarx qohumları ilə şərikli biznes imperiyası da nəzərdən qaçırılmamalıdır. Onlardan biri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdir.
Qayıdaq yenə də Qurban Məmmədova.
Avropada Azərbaycan Prezidenti əleyhinə müxalifətin formalaşmasında Qurban Məmmədov tək buraxılmır. Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrası və sponsorluğunu təkcə onlar yerinə yetirmirdi.
Şəbəkənin içində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də var idi.
Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi danılmaz faktdır. Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı öz mövqelərinin zəiflədiyini görən Ramiz Mehdiyev Abdin Fərzəliyevi (özünün ailə kassasını) qorumaq üçün razılaşdırılmış oyun qurur. Bu oyuna əsasən sanki, onların arasında münasibətlərin pozulması ictimai rəyə təqdim edilir. Bu dövrdə Abdin Fərzəliyevi qorumaq missiyasını guya Ramiz Mehdiyevin düşməni Əli Həsənov həyata keçirir. Lakin Gülər Əhmədova qalmaqalı səngiyəndən dərhal sonra Ramiz Mehdiyevlə Abdin Fərzəliyev kölgədən çıxırlar. Bu şəxslərin maraqlarının həm siyasi, həm də kommersiya prinsipləri əsasında birləşməsi dəfələrlə mətbuatın diqqətindən yayınmayıb.
O həm də Ramiz Mehdiyevin təlimatı ilə kadr seçimini yalnız tayfa, qohum, dost meyarı ilə həyata keçirirdi.
Məqsəd isə bu idi ki, etibarlı adamların əli ilə toplanılan sərvətin müəyyən hissəsi Ramiz Mehdiyev və Əli Həsənova ötürülməli, ölkədə zərgər dəqiqliyi ilə hazırlanan dövlət çevrilişi enində-sonunda reallaşdırımalı idi.
Gəlin adlara bir daha diqqət edək:
“Meridian” və “Komfort” restoranlarının sahibi, Abdin Fərzəliyevin ov və əyləncə dostu olan Ramiz Həsənovun bacanağı Şahmar İbadovun əli ilə külli miqdarda maliyyə maxinasiyaları edilib.
Müavini İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı)
Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilib.
Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu
Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu
Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu
MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı
1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev – Başçının qohumu
2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov – Başçının qohumu
3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov – Başçının qohumu
Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri
Nərimanov rayonunu tamamən Şərur qruplaşmasının total nəzarətinə keçirmək üçün Abdin Fərzəliyevə kart blanş təmin olunub. Bunun səbəbləri aşağıdakılardır:
– Maliyyə mənbələri yaratmaq və inkişaf etdirmək
– Tövsiyə edilən şəxslərə torpaq sahələri ayırmaq
– Tövsiyə edilən şəxslərə qeyri-yaşayış sahələri hədiyyə etmək
– Tövsiyə edilən şəxslərə mənzillər hədiyyə etmək
– Tövsiyə edilən şəxslərə mülklər özəlləşdirərək hədiyyə etmək
AMEA-nın saytında açıqlamalarınıb birində öz siyasi məqsədləri naminə insanların dini duyğularından istifadə edərək, halal və haram mövzusuna toxunan Ramiz Mehdiyev bu faktların üzə çıxa biləcəyini düşünmürdümü?
Eyni zamanda, nəğd vəsaitin toplanması üçün Əli Həsənov Abdin Fərzəliyevə geniş imkanlar yaratmış, nəticədə qəbristanlıq ərazilərinin satılması zamanı bir sıra torpaqları Prezidentin İctimai-Siyasi şöbəsinin rəhbərinə hədiyyə etmişdir.
Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaiti mənimsəməsi mətbuatda qeyd edilmişdir.
Vilyam Hacıyevin nümunəsində həbs edilən icra başçılarında aşkar edilən böyük həcmdə nağd vəsait həm də onu təsdiq edir ki, Ramiz Mehdiyevin kadr təyinatları zamanı əsas prinsiplərindən biri də nağd vəsaiti akkumlyasiya edib, sonradan şəffaflığı sual yaradan istiqamətlərə yönəltmək olub.
Pulların yuyulması üçün müxtəlif sxemlərdən istifadə edilib.
Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, o topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərcləyib. Reallıq isə belədir ki, Nərimanovda toplanın yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə dəhliz olaraq istifadə edilib.
Nəticədə isə Əli Həsənov beşinci kolonu maliyyələşdirib və eyni zamanda özləri zənginləşib. Başçı və qohumları isə oliqarxa çevrilib. Bu gün Əli Həsənovun ümumi (ölkə daxili və xarici) varidatı orta hesabla görə 400 milyon dollar ətrafında olduğu halda, Abdin Fərzəliyevin xarici hesablarında olan vəsaitin 750 milyon dolları keçdiyi artıq sübüt edilib və müvafiq strukturlar artıq məsələ ilə bağlı araşdırmanı yekunlaşdırırlar. Vəsaitlərin böyük hissəsi Türkiyə, kiçik hissəsi Avropa banklarında saxlanılır.
Bundan əlavə cari xərclər üçün də müəyyən edilmiş sxem mövcud idi. Hər ay Abdin Fərzəliyev Əli Həsənova cari xərclərə 100 000 avro vəsait göndərirdi. Həmin vəsaitin 20 000 Avro Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 euro), 30 000 Avro – Hollandiyaya, 30 000 Avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirdi. Bu vəsaitlər həmin ölkələrdə yaşayan və mühacir həyatı sürən insanlara dəstək formasında verilirdi.
Bu işlərin həyata keçirilməsində Əli Həsənova əsas dəstək verən insanlardan biri Nazim İbrahimov idi. Eyni zamanda, Diaspora Komitəsinə ayrılan vəsaitlərin əksəriyyəti İbrahimov və Əli Həsənov tərəfindən mənimsənilirdi. Bunun nəticəsi idi ki, Prezident İlham Əliyev Fuad Muradovu yeni komitə rəhbəri təyin edəndə cəmiyyətə konkret mesaj göndərdi:
“Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Əslində vəsaitlər çatırdı… sədəcə Əli Həsənova lazım olan adamlara… digər vəsaitlər isə Əli Həsənovun ailəsinin varidatını artırırdı.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan “Altun” restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib. Bu görüşlərdə Əli Həsənov ilə yanaşı Ramiz Mehdiyevə sədaqət andı içmiş icra başçıları – Abdin Fərzəliyev (Nərimanov rayonunun başçısı), Arif Qasımov (keçmiş Nizami rayonunun başçısı), Asif Əsgərov (Nəsimi rayonunun başçısı), Süleyman Mikayılov (Qaradağ rayonunun başçısı) və digərləri iştirak edirdilər. Asif Əsgərov 2 toplantıdan sonra görüşlərə davam etmir və Akademiklə vasitəçilər olmadan münasibət saxlayacağını bildirir…(Konkret.az)
araz.az xəbər portalı.