resizerƏli Həsənov: “Siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, yolumu və məsləyimi dəyişmək fikrində deyiləm”

“Əgər mənim 1998-ci ildən sonra Qurban Məmmədovla hər hansı bir formada əlaqəmi, hər hansı bir formada əməkdaşlığımı, yaxud ona hansısa dəstək verməyimlə bağlı hər hansısa bir real faktı ortaya qoysalar, mən başımı verməyə hazıram”.

Versus.az xəbər verir ki, bunu özünün “Facebook” hesabında yazdığı statusunda keçmiş PA rəsmisi, Prezident yanında İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində işləyən, Türkiyəyə müalicə üçün getməsinə baxmayaraq ölkədən qaçdığı iddia edilən Əli Həsənov yazıb. O, bu barədə son zamanlar adının Ramiz Mehdiyevlə birgə çəkilməsi və Ramiz Mehdiyevin adamları olan Qurban Məmmədov və digər şəxslərlə əlbir olması, onlara dəstək verməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlamasında bildirib.

Əli Həsənov yazır ki, bu gün Qurban Məmmədova ev verən firma və şəxslər qalıb kənarda, mətbuat onları araşdırmaq əvəzinə, sadəcə bir qara piar uyduraraq “günah keçisi” düzəltməyə çalışır.


“Məni və ailəmi son 20 ildə Qurban qədər təhqir edən ikinci bir adam mövcud deyil”

Əli Həsənov hazırda Türkiyədə müalicə olunmasına baxmayaraq barəsində yayılan iddiaları böhtan adlandırıb və bəzi detallara aydınlıq gətirib:

“Dəyərli dostlar, hörmətli səhifə izləyiciləri! 10 aydır ki, mən 25 il fasiləsiz çalışdığım dövlət qulluğundan –  Prezident Administrasiyasındakı işimdən ayrılmışam və səhhətimin imkan verdiyi dərəcədə yenə ölkə Prezidentinin siyasi kursunu dəstəkləyən məqalələr yazıram, FB hesabımda statuslar paylaşıram. Lakin son iki ayda səhhətimdə yaranan ciddi problemlərlə əlaqədar yaradıcılıq fəaliyyətimi bir qədər azaldaraq, intensiv müalicə alıram. Hazırda Türkiyədəyəm və ikinci infarktdan sonra növbəti ürək əməliyyatına hazırlaşıram. Lakin bəzi xüsusi naqis “qələm əhli” mövcud vəziyyətimdən istifadə edərək dayanmadan mənim indiyə qədər dövlət qulluğunda gördüyüm işləri qaralamaq, xüsusi yalan məlumatlar uyduraraq məni xaricdəki antidövlət ünsürləri ilə bağlamaq və bununla da cəmiyyəti çaşdırmaq istiqamətində çirkin kampaniya aparırlar. Əslində, onlar şəxsimə qarşı belə kampaniyanı düz dörd ildir başlayıblar və bu işə keçən müddətdə xeyli güc və vəsait sərf ediblər.

Son zamanlar ağıllarına gələni yazırlar. Guya mən Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə birləşərək, dövlət çevrilişi etməyə çalışırmışam, guya neçə müddətdir ki, xaricdə gizlənərək Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə, ailəsinə, yaxın ətrafına, o sırada da şəxsən mənə və ailəmə qarşı 1998-ci ildən bu yana çox çirkin mübarizə aparan Qurban Məmmədova və digər antidövlət mövqeli ünsürlər dəstək vermişəm. Guya indi də qorxumdan ölkədən qaçaraq Türkiyəyə sığınmışam, Prezident Rəcəb Tayyib Ərdoğandan siyasi sığnacaq istəmişəm və s. Necə deyərlər, yalanın biri bir qəpik!


“Həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna da hər kəs əmin olsun”

Bəri başdan bəyan edirəm ki, bunların hamısı ağ yalan və böhtandır. Mən Türkiyəni də, türk xalqını da sevirəm, onun Lideri hörmətli Rəcəb Tayyib Ərdoğana da xüsusi rəğbətim var. Amma mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var! Mən siyasi həyata Heydər Əliyevçi kimi qədəm qoymuşam, 30 il bu əqidəyə qulluq etmişəm, bundan sonra da yolumu və məsləyimi dəyişmək fikrində deyiləm. Mən həyatdan da Əliyevçı kimi köçəcəyəm, qoy buna da hər kəs əmin olsun!

Diqqətinizə çatdırıram ki, indiyə qədər mənim bu məsələlərə, haqqımda uydurulan yalan və böhtanlara, sehirli nağıllara susqunluq nümayiş etdirməyimin əsas səbəbi sadəcə onunla bağlıdır ki, indiyə qədərki həyatımda heç zaman ətrafımda baş verən bu tipli pislik və naqisliyin saf və təmiz iç dünyamı qaralamasına imkan verməmişəm və bundan sonra da vermək fikrində deyiləm. Çünki bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim. Bir də haqqımda  yazılan o qara-qura yazılara cavab verməməyimin səbəbi onunla bağlıdır ki, mənim indiyə qədər yaşadığım məsuliyyətli və gərgin məmur həyatının, məşğul olduğum içtimai-siyasi fəaliyyətin həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, onu qiymətləndirmək üçün həmin o səviyyəsiz cızma-qaraların altına imza qoyan naqis insanların nə bəsid təfəkkürü, nə pozuq məntiqi, nə də ki, kasad dil qabiliyyəti onu ifadə etməyə yetərli deyil!

Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!”

Əli Həsənov məlum statusunda Qurban Məmmədovun qardaşı Sərdar Cəlaloğlunun “Yeni Sabah saytına verdiyi açıqlamanı təqdim edib. Bəyan edib ki, qoy bu yalanı uyduranların vicdanı varsa, heç olmasa xəcalət çəksinlər.

Sərdar Cəlaloğlu həmin müsahibəsində bildirib:

“Qurban Məmmədovla Əli Həsənov eyni vaxtda oxusalar və tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər. “Bu deyilənlərin hamısı böhtandır. Qurban Məmmədov Ramiz Mehdiyev və Əli Həsənovla düşməndir. Qurban Məmmədovun 5 saylı xəstəxanın yanında 450 kvadrat metrlik ev və həyətyanı sahəsi var idi. Oranı Kəmaləddin Heydərovgil sökürdülər. Qurban Məmmədova da dəyərindən çox-çox aşağı pul təklif edirdilər. O vaxt Qurban Məmmədov “Hürriyyət” qəzetində Kəmaləddin Heydərovun əleyhinə yüzlərlə məqalə yazıb. Ondan sonra belə razılıq əldə olundu ki, Qurban Məmmədova Montində həmin evin dəyərində 5 mənzil verildi. Mənzillərin təmirini də öz üzərlərinə götürdülər. Yəni, bu evləri Ramiz Mehdiyevlər Əli Həsənovun verdiyi sadəcə böhtandır. Qurban Məmmədov o evləri Kəmaləddin Heydərovu biabır edə-edə alıb. Gedib araşdıra, “Hürriyyət” qəzetinin arxivinə baxa bilərsiniz”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, – “Qurban Məmmədovla Əli Həsənov eyni vaxtda oxusalar və tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər KİV-dən çıxarılandan sonra hakimiyyətin əleyhinə sərt tənqidlər səsləndirirdi. Bir dəfə ABŞ səfirliyində tədbirdə Əli Həsənov mənə yaxınlaşıb dedi ki, Qurbana de tənqidləri dayandırsın, bu məsələni həll edərik.

Hələ mərhum Heydər Əliyevin dövründə Qurban Məmmədov həbs ediləndə Əli Həsənov yazmışdı ki, Qurban Məmmədov dostumdur, amma günahı var. Yəni, münasibətlərimiz olub. Nə isə mən Əli Həsənovun dediklərini Qurban bəyə çatdırdım, o da tənqidləri dayandırdı. Amma bir neçə ay keçdi, onu Vəkillər Kollegiyasına bərpa etmədilər”.

Strategiya.az

araz.az xəbər portalı.