“İndi görək, vəzifəlilərimiz Türkiyənin Azərbaycanda möhkəmlənməsinə şərait yaradacaq, yoxsa kürsü, para xatirinə dərhal  bayraqları endirəcəklər?..”

…O günləri bir qonşumla Qarabağ mövzusunda söhbət zamanı dedim ki, əgər Türkiyənin bizə gərəkli dəstəyinə, birliyimizə kifayət qədər şərait yaratsaq, tezliklə torpaqlarımızı azad edəcəyik… Cavabında qonşum şühbəli-şübhəli soruşdu: “Bəs Rusiya buna imkan verəcək?..” Dedim, ay qonşu, Rusiya yox e, nəfsimiz imkan versə, mütləq Qarabağı azad edəcəyik…
 
Fikir savaşı.
 
 
213…Son əsrlərdə öz işimizi, vəzifəmizi başqasının boynuna qoyduğumuz, yadlardan “böyük qardaşlıq” umduğumuz kimi,  öz xətalarımızın, günahlarımızın da hamısını başqalarının belinə yükləməyə çalışırıq….
 
 
 
İndi bir dəstə 1920-ci illərdə olduğu kimi, “nicatımız, gələcəyimiz Rusiyadadır, günəşimiz Şimaldan doğacaq” deyir, digərləri də əksinə, “Rusiya qoymaz müstəqil olaq”, “Rusiya qoymaz Qarabağı azad edək” şüarlarını dəstəvuz edərək bir müsəlman, türk xalqı kimi Allahın buyurduğu ardıcıl mübarizə yoluyla getməyimizə əngəl olurlar…
 
 
 
Bəli, qonşuluğumuzdakı, uzaqlığımızdakı bir sıra qonşu, yaxın-uzaq dövlət və imperiyalar kimi  Rusiya da Azərbaycanı hər baxımdan ləzzətli bir pay olaraq ələ keçirmək üçün daim onun xalqını, dövlətçiliyini məhv etməyə, ən azı, manqurtlaşdırmağa, torpaqlarını işğal etməyə çalışıb… Bu haqda on illərdir, xüsusən, Qarabağ məhz Kremlin  və yerli “hakimiyyət dahiləri və aşiqləri”nin dəstəyi ilə ermənilərə işğal etdiriləndən bəri kifayət qədər danışılıb…
 
Amma həmin dövrdə eyni zamanda bizim keçmişimizdəki şanlı səhifələrdən – Cavanşir igidliyindən, Babək dönməzliyindən, Dədə Qorqud müdrikiyindən, Şah İsmayıl fatehliyindən, Cavad xan əyilməzliyindən və s. də çox bəhs edilib… Fəqət, bizlər çoxumuz nədənsə müstəmləkə olduğumuz uzun əsrlərdə  xarakterimizə artıq genetik olaraq hopmuş köləlik xüsusiyyətlərimizi daha çox qabartmağa çalışırıq…
 
 
Doğrudur, həm daxili, həm xarici siyasətimizdə, o cümlədən torpaqlarımızın azad olunması məsələsində mütləq yalnız Rusiya deyil, İran,  ABŞ, Avropa, Britaniya, İsrail, Çin amillərini də nəzərə almalıyıq… Fəqət, daim “ay aman, Rusiya qoymayacaq, Fransa qoymayacaq Qarabağı almağa”, “ABŞ da bərk ayaqda Ermənistana dəstək verəcək” kimi fikirləri həyatımıza, gündəmimizə hakim etməməliyik… Əvəzində ardıcıl, düşünülmüş, sistematik, operativ proqram və planlarla, özü də qətiyyət və prinsipiallıqla məqsədimizə – üçrəngli bayrağımızı Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə… sancmağa doğru addımlamalıyıq… Bir xalq kimi  vəzifəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər birimiz  bu istiqamətə köklənməli, hər kəs bu mübarizəyə öz payını verməlidir… Yoxsa, daim qorxaq, gözüqıpıq vəziyyətdə “Rusiya imkan verməyəcək”, “Amerika qoymayacaq” kimi dülşüncələrlə yaşasaq, olan-qalan torpağımızı da, dövlətçiliyimizi də itirəcəyik…
 
 
Bu yerdə rəhmətlik Məmməd Araz yada düşür: “Dur, içində dovşanı boğ! Dur, özünü bozqurd elə!..”
 
 
 
Yaxşı, Qarabağı Rusiya, Amerika qoymur almağa, bəs ölkədəki digər həyati məsələlərdə də Putin, ya Tramp başımızın üstündə durub bizlərə göstəriş verir?.. 
 
 
Ay qonşu, sənə Putin, ya Tramp başının üstündə durub göstəriş verir ki, o biri qonşuların qeybətini elə, hesabını apar, yaxşı yaşayanların, irəli gedənlərin paxıllığını çək… Sənə rus, yoxsa ingilis deyir ki, evindən yığdığın zir-zibili aşağı enib zibil qabına yox, birbaşa eyvandan küçəyə qolazla?..
  
 
Ay kartofsatan, sənə Medvedev, Pompeo, bəlkə Likaşenko deyir ki,  tərəzidə, qiymətdə, keyfiyyətdə öz soydaşını, fəhləni, müəllimi, həkimi aldat…
 
 
 
Ay asfalt  döşətdirən, sənə Moskvadan əmr gəlir ki, asfaltı, məsələn, 8-10 sm yox, 3-4 sm vur…
 
Ay müəllim, sənə birbaşa Putin, ya Tramp məsləhət verir ki, şagird, yaxud tələbədən müxtəlif bəhanələrlə pul yığ və ya yanına  hazırlığa gələnə  yaxşı qiymət  yaz, gəlməyənə pis?..
 
 
 
Ay direktor, sənə Kremldən, yaxud Ağ Evdən əmr gəlir ki, müəllimlərdən, valideynlərdən pul topla, öz payını götür, qalanını təhsil müdirinə, yaxud icra başçısına ver?..
 
 
 
Ay həkim, sənə Moskvadan qayda qoyublar ki, xəstəyə insan kimi yox, bir qazanc obyekti kimi bax, onu saxta firma dərmanlarıyla “müalicə et” ki, ölüncə sənin müştərin olsun, yaxud pulunu almamış ölmək üzrə olan birinə yaxın da durma?..
 
Ay “jurnalist” adlanan kəs, sənə Ağ Ev, yoxsa Kremldən təlimat gəlir ki, hər hansı bir vəzifə sahibinin xalqa qarşı nəinki nöqsanları, cinayətləri haqda faktları qələmə al, sonra həmin şəxsdən babat pul alıb yaz ki, bağışlayın, səhv eləmişik, bu kişi(?), ən vətənpərvər adam imiş?..
 
 
 
Ay icra başçısı, sənə Tramp, ya Putin əmr verir ki,  işə başlayan kimi, rayonun bütün vəzifəlilərini, iş adamlarını başına toplayıb “haqq”ını tələb elə və gerçəkdən haqqını tələb edən yoxsula “radikal müxalifət”, “vətən xaini” damğası vurub zindana atdır, rayonun hər qarışını özəlləşdir, şəhid adı daşıyan məktəblərdən belə, rüşvət yığdır, bir neçə “plandan kənar”  narkotik satan kasıb-kusubu tutdurub narkobiznesə özün rəhbərlik elə və yeniyetmə qızları belə, narkomanlığa, narkotik alverinə təhrik et…
 
 
 
Ay hüquq-mühafizə əməkdaşı, sənə ABŞ, yaxud Rusiya Daxili İşlər Nazirliyindən göstəriş gəlir ki,  günahsız birinin cibinə nəşə ataraq həbs olunub türmədə çürüdülməsinə şərait yarat?
 
 
 
Ay məhkəmə, ay hakim, ay prokuror, sizə Moskvadan, ya Vaşinqtondan əmr verilir ki, varlının pulunu al, azadlığa burax, cinayəti kasıbın boynuna yıxıb həbs elə, yaxud kimlərinsə sifarişi ilə kiminləsə cüzi mübahisəyə, davaya məcbur edilmiş birinə 5-6 il nallayıb qazamata basdır?.. 
 
 
 
Ay nazir, sənə Tramp, yaxud Putindən göstəriş gəlir ki, Aygün Kazımova, Röya, Brilyant kimiləri “xalq artisti” elə, xalqın başına çıxart və oğul-qızlarımızın, nəvə-nəticələrimizin əxlaqının pozulmasına şərait yarat?..
 
 
…Belə suallar saysız-hesabsızdır. Və çoxları sözdə cavab verməyə cəsarət tapmasalar da, vicdanları onlara deyəcək: “ Sən özün, öz nəfsin, öz tamahın, öz şəhvətin günahkardır bu cinayətlərin baş verməsində…”
  
 
Bu alçaq xislətlər,  nə yazıqlar ki, Qarabağ savaşında da özünü göstərib; döyüş gedə-gedə əsgərlərin maaşına, gələn yardıma, ərzağa göz dikən üzdəniraq zabitlərimiz, polis rəislərimiz də olub, arxa cəbhədə ön cəbhə üçün toplanan paranın, ləl-cəvahiratın arxasına keçənlər də…
 
 
Elə iki əsr öncə Rusiya imperiyası tərəfindən torpaqlarımıza köçürülən ermənilərin də Qərbi Azərbaycanda, Qarabağda, elə Bakıda, Sumqayıtda, Gəncədə də möhkəmlənməsinə dəstək verən həm də öz tamahımız, nəfsimiz olub… Bizə, bizim şahlara, xanlara, bəylərə, kəndxudalara, yüzbaşılara, sonra da 1-ci katiblərə, nazirlərə, raykomlara, kolxoz sədrlərinə və s. Birinci Pyotr, Yekaterina, Nikolay, yoxsa Stalin, Brejnev göstəriş verirdi ki, erməni axçilərinin, harsınlarının sevdasına qapılıb torpaqları, mülkləri dığalara paylasın, erməni qızlarının özlərinə katibə edib nazirliklərin, rayonların bütün məlumatlarını, sirlərini onlarla bölüşsün, onların qardaş, bacılarını, qohum-əqrəbalarını vəzifələrə yerləşdirsin?..
 
 
 
…Qarabağın işğalı da öncə ruhumuzun işğalından, ruhumuzun nəfsimizin əsarətinə düşməsindən başladı… 
 
 
Bizi Xruşov, yoxsa Brejnev  məcbur edirdi müsəlman ola-ola ermənilərdən tut arağı, zoğal arağı çəkməyi öyrənib onlarla badə-badəyə vurub, o haram içkilərlə tuluqlarımızı doldurub  İsa bulağında, Cıdır düzündə acgözlüklə onların axçilərinə sarılaq?..
 
 
Bu minvalla öncə dindən-dondan çıxdıq, sonra da torpaqlarımızdan…  
 
 
Fəqət, bu gün də türklükdən, azərbaycançılıqdan, müsəlmanlıqdan danışıb ermənilərə, ruslara, fransızlara xas əməllər törədirik… Araq da içirik, çaxır da içirik, bir-birimizə kələk də gəlirik, saxtakarlıq, dələduzluq da edirik… Üstəlik, rüşvət də alıb-verməkdə davam edirik… Bu yandan Qarabağın azad olunmasından danışıb, o biri yandan rüşvət verib oğullarımızı “erməni gülləsindən uzaq, rahat bir yerə saldırmağa” çalışırıq, özümüzə, övladlarımıza “babat, çörəkli vəzifə” axtarırıq… Azərbaycan qız-qadınlarının yarıçılpaq olub səhnələrə çıxmasından ləzzət alırıq… Və yavaş-yavaş öz qızlarımızın, arvadlarımızın da bu cür geyim, həyat tərzi ilə”irəli gedib, varlanmasıyla” razılaşırıq…
 
 
…Bu gün Vətənimiz “olum-ölüm” dilemması qarşısındadır… Ölkəmizin nicatının, o cümlədən Qarabağın azadlığı yolunun artıq Rusiya ilə yox, Türkiyə ilə birlikdə olması sözsüzdür. İndi görək, aşağı-yuxarıdakı vəzifə sahiblərimiz Rusiyanın yuxarılardakı adamlarının sözünü qulaqardına vurub Türkiyənin Azərbaycanda möhkəmlənməsi təbliğatına şərait yaradacaqlarmı, yoxsa kürsü, vəzifə, var-dövlət xatirinə dərhal təslim olub bayraqları endirəcəklər?..
 
 
Bir sözlə, qonşuma dediyim kimi, Rusiya yox e, nəfsimiz imkan versə, Qarabağı azad edəcəyik…
 
 
 
Və nəfsimizin əsarətindən qurtulmayınca torpaqlarımızı da erməni əsarətindən qurtara bilməyəcəyik…
Sultan Laçın

araz.az xəbər portalı.