Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevin və Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun xaricdən İlham Əliyev hakimiyyətinin ünvanına sərt tənqidlər səsləndirən Qurban Məmmədova dəstək verməsi iddiası gündəmin əsas müzakirə mövzusuna çevrilib. ANAXEBER. Info xəbər verir ki, xüsusilə, hakimiyyətin nəzarətində olan telekanallarının və mətbuatın bu mövzuya yer ayırması artıq Ramiz Mehdiyevlə Əli Həsənovun sonunun yaxınlaşdığı barədə ehtimallara yol açıb. Keçmiş köməkçinin iddialara tələsik və həyəcan dolu cavabı, onu hədəf alanlara vicdanlı olmağa çağırması, ardınca isə səhhətinin qəfil pisləşməsi barədə məlumatın yayılması məsələnin ciddi olduğunu göstərir. Ramiz Mehdiyevlə Əli Həsənovun Qurban Məmmədova dəstək verməsi iddiaları hüquqşünasın 2011-ci ildə sökülən evinin müqabilində beş mənzillə təmin olunmasından qaynaqlanır. Media yazır ki, həmin mənzillər Qurban Məmmədova Ramiz Mehdiyev və Əli Həsənovun göstərişi ilə verilib. Qurban Məmmədovun qardaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə iddiaların doğru olmadığını bəyan edərək bu məsələdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adını hallandırır. Onun sözlərinə görə, mənzillər Qurban Məmmədova nazirlə razılaşma əsasında verilib. Sərdar Cəlaloğlu deyir ki, Qurban Məmmədovun evini Kəmaləddin Heydərova yaxın şirkət söküb. Qardaşı da nazirdən etdiyi şikayətlər əsasında sökülən evinin əvəzinə həmin mənzilləi ala bilib. Maraqlıdır ki, Əli Həsənov da onun fikirlərini Facebook səhifəsində tirajlayıb. Lakin sonradan silib. 2011-ci ildə Kəmaləddin Heydərov hakimiyyət komandasının ən güclü fiqurlarından biri olub. Həmin vaxt iqtidar komandasının iqtisadi qanadının faktiki lideri hesab edilən Fövqəladə Hallar nazirinin Qurban Məmmədovun şikayətlərindən ehtiyatlanaraq geri çəkilməsi inandırıcı deyil. Ola bilər ki, Kəmaləddin Heydərov başqa bir “güc”ün məsələyə müdaxiləsi ilə hüquqşünasla razılığa gəlib. Həmin “güc”ün isə Ramiz Mehdiyev olması mümkündür. 2011-ci ildə PA rəhbəri olan akademik bütövlükdə hakimiyyətin siyasi xəttini müəyyənləşdirən və onu yönətən şəxs kimi xarakterizə edilirdi. Ona görə də hakimiyyət komandasında Kəmaləddin Heydərov kimi digər iqtisadi “güclərin” onunla hesablaşmaması mümkün ola bilməzdi. Bununla belə, Qurban Məmmədovla bağlı iddialar təsdiqlənərsə, bundan Kəmaləddin Heydərova qarşı istifadə ediləcəyi də gözləniləndir.
ANAXEBER. Info
Turan
araz.az xəbər portalı.