1599374479 ec31fbe7 0ff2 456c 9075 f0b7d9f72a0c“Rusiyanın və Yunanıstanın Azərbaycan dövləti əleyhinə xarici siyasət yürütdükləri ölkə başçısı İlham Əliyev tərəfindən dəfələrlə rəsmən elan olunub. Ermənistan siyasiləri də öz təcavüzkar siyasətlərində Rusiyaya bel bağladıqlarını gizlətmirlər. Belə bir vəziyyətdə Rusiya və Yunanıstanla diplomatik münasibətlərimizin ən yüksək səviyyədə saxlanılmasının heç bir anlamı yoxdur, ölkə başçısının “hücum diplomatiyası” siyasi xəttinə kölgə salır”.

Ədalət partiyasının sədr müavini, şair-publisist Heydər OğuzHürriyyət” qəzetinə açıqlamasında belə deyib.

 

Onun sözlərinə görə, istənilən siyasi ritorika konkret addımlarla dəstəklənmədiyi təqdirdə səmimi görünmür: “Ona görə də rəsmi Bakı bu istiqamətdə konkret addımlar atmalı, həmin ölkələrlə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirməlidir. Bunun üçün də ilk növbədə Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri fövqəladə və səlahiyyətli səfarət səviyyəsindən müvəqqəti təmsilçilik səviyyəsinə gətirilməlidir”.

Heydər Oğuzun fikrincə, döyüş anında düşmən tərəfi silahlandırmaq onunla eyni cəbhədə ciyin-çiyinə vuruşmaq anlamına gəlir: “Düşmən tərəfdə isə hər hansı təmsilçi saxlamazlar. Biz əgər ölkəmizin suverenliyinə, torpaq bütövlüyünə, milli maraqlarına təcavüz aktında iştirak edən qüvvələrə qarşı hərbi gücümüzlə cavab verə bilmiriksə, heç olmasa bu mövqeyimizi diplomatik sahədə göstərməliyik. Çünki müharibə təkcə əlinə silah alıb qarşı tərəflə döyüşmək deyil. Müharibə həm də “proksi qüvvələr” tərəfindən sənə edilən hücumdur. Faktiki olaraq, iyul ayında ermənilərin Tovuz rayonuna hücumu Rusiyanın maraqlarına xidmət edirdi. Məqsəd özünün “Türk axını” qaz kəmərinə alternativ olaraq gördüyü TANAP-TAP layihəsini dayandırmaq və qlobal enerji bazarında rus qazına ehtiyac yaratmaqdı. Bu hücumların baş verdiyi ərəfədə Rusiyanın düşmən ölkəyə təyyarə-təyyarə silah göndərməsi də həmin təxribatın arxasında dayandığını təsdiqləyir. Rəsmi Bakının bu ardıcıl təcavüz aktı qarşısında Moksva ilə diplomatik münasibətlərini ən yüksək səviyyədə davam etdirməsi, ölkəmizə təlimlərə gələn rus hərbçilərini gül-çiçəklə, rəqqasə ilə qarşılaması heç cür başadüşülən deyil. Ölkəmiz Rusiya ilə münasibətlərə yenidən baxmalı və Moskvaya adekvat  cavab verməlidir”.

Diplomatik münasibətlərin tənzimlənməsini də müharibənin bir növü sayan Heydər Oğuz fikrini belə əsaslandırıb: “Ümumiyyətlə, diplomatiya və hərb sənəti bir-biriylə bağlı iki fərqli məfhumlardır. Məşhur bir söz var: “diplomatiya bitən yerdə müharibə başlayır”. Məsələyə bu aspektdən yanaşanda Prezidentin bu yaxınlarda elan etdiyi hücum diplomatiyasını müharibənin ilk mərhələsi saymaq olar. Ölkə başçısı bu sözləriylə faktiki olaraq Rusiyaya qarşı müharibənin ən yumşaq formasına keçdiyimizi bəyan etmişdi. Bir ölkə ilə müharibə aparmaq hara, onunla ən yüksək diplomatik əlaqələr qurmaq hara? Hesab edirəm ki, Azərbaycanın Rusiyadakı səfiri ya geri çağırılmalı, ya da onun səlahiyyətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirilməlidir. Eyni şəkildə Rusiyanın Azərbaycandakı səfirinin də səlahiyyət dərəcəsi azaldılmalı, ya da təmsilçisiliyini etdiyi ölkə düşmən tərəfində dayandığı üçün Persona non Grata elan olunmalıdır”.

Heydər Oğuzun fikrincə, artıq bir çox Avropa ölkələri Rusiyanın təcavüzkar siyasətinə etiraz əlaməti olaraq, bu yolu seçiblər: “Polşa, İsveç, Danimarka, İngiltərə, ABŞ və s. Qərb dövlətləri Rusiya diplomatlarını öz ərazilərindən qovub. Yeri gələndə Rusiya onlara təcavüz də etməyib və ya onların düşmənini dəstəkləməyib. Bizdə isə erməni cildində ölkəmizə hücum edir, generalımızı, yüksək rütbəli zabitlərimizi öldürür, Azəzrbaycan iqtisadiyyatının qan damarını təhdid altında saxlayır. Biz isə sadəcə bəyanat verməklə kifayətlənirik”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan Moskvanın bu düşmənçilik siyasətinə cavab olaraq, ölkədəki rusdilli məktəblər də bağlamalıdır: “Ümumiyyətlə, bu məktəblər kimin ağlının məhsuludur, anlamaq mümkün deyil. Azərbaycan müstəqil dövlətdir və onun öz dövlət dili var. Məktəblər də o dildə olmalı, başqa xarici dillər universitetlərin müxtəlif kafedralarında öyrədilməlidir. Necə ki, fransız, alman, ingilis dilləri öyrədilir”.

Həmsöhbətimiz onu da qeyd edib ki, rusdilli məktəblərdə təhsil alan onminlərlə şagirdimizin gələcəyi faktiki təhlükə altına atılıb: “Rəsmi məlumata görə, ölkəmizdə 400-ə qədər rusdilli məktəb var. Hər il bu məktəblərdə 100 mindən artıq şagird təhsil alır. Sabah bu şagirdlərin oxuyacaqları ali məktəb problemi yaranacaq. Ali məktəbləri bitirənlərə iş tapılmayacaq. Rusiya bu gün elə vəziyyətdədir ki, bəlkə 10 ildən sonra heç onun özündə belə, rusca danışan kadrlara ehtiyac qalmayacaq. Dünyadan tamamilə təcrid olunmuş bu ölkənin dilində yetişdirdiyimiz gələcək nəsillərimizi indidən özümüz kor vəziyyətinə salırıq. Yadınızdadırsa, SSRİ dağıldıqdan sonra rus dili müəllimləri özlərinə iş tapa bilmir, əmək təlimi müəllimi olmaq üçün əlavə imtahanlara girirdilər. İndi biz yenidən bu uşaqları niyə gələcəyin çarəsiz kadrlarına çeviririk? Valideynlər bunu başa düşməyə bilərlər. Bəs təhsil sistemimiz niyə gələcəyimizi korlaşdırır?” 

Heydər Oğuz qeyd edib ki, “hücum diplomatiyası” siyasətinin bu metodu təkcə Rusiyaya qarşı deyil, Yunanıstan, Serbiya və s. kimi ölkələrə də tətbiq olunmalıdır: “Əks halda başına gətirilən min bir oyuna dözən ölkəyə kim sayqıyla yanaşar? Fikrimcə, ölkəmizə düşmən mövqeyi tutan dövlətlərə qarşı diplomatik təmsilçilik səviyyəsinin aşağı salınması  siyasətinin tətbiqi digərləri üçün də dərs olar və Azərbaycanın beynəlxalq nüfuzunu, sayqınlığını artırar”.

 

 

araz.az

araz.az xəbər portalı.