cingiz12Dövlətimizin başçısı Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən olduqca açıq, ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirməsi dünya ictimaiyyətinin diqqət mərkəzndədir. İxtisasca diplomat olan, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. Dövlətimizin başçısıAzərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi və Azərbaycan–Yunanıstan əməkdaşlığının son illərdə aşağı səviyyədə olduğunu vurğulayaraq, Yunanıstan hökumətinin Azərbaycanla əməkdaşlıq məsələsində nümayiş etdirdiyi qeyri-adekvat mövqeni tənqid etdi, bunun beynəlxalq əməkdaşlıq ruhuna uyğun olmadığını diqqətə çatdırdı. Yunanıstan, Ermənistan və Kipr arasında üçtərəfli formatda hərbi əməkdaşlığın ölkəmizdə narahatlığa səbəb olduğunu vurğulayan möhtərəm Prezidentimizin prinsipial mövqe nümayiş etdirməsi ölkə başçısınn qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığının narahatlıq doğurduğunu bildirən ölkəmizin rəhbəri Ermənistanın 30 ilə yaxın müddətdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını diqqətə çatdırdı. İşğal faktı beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapıb və Ermənistan işğalçı ölkə olaraq qəbul edilir. Belə bir vəziyyətdə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı işğalçıya və işğala verilən dəstək kimi qiymətləndirilməlidir və bu məsələ Azərbaycanı narahat etməyə bilməz. İki ölkə arasındakı əməkdaşlığımıza mənfi təsir göstərən məsələləri açıq-aydın şəkildə diqqətə çatdırması Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqe tutmasının bariz göstəricisidir. Dövlətimizin başçısı görüşdə Azərbaycan–Türkiyə münasibətlərinə xüsusi yer ayıraraq, ölkəmizin Şərqi Aralıq dənizi məsələsində Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini bildirdi. “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”, – deyən Prezident İlham Əliyev Azərbaycanın tərəddüdsüz Türkiyənin yanında olduğunu göstərdi və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirdi. Xatırladım ki, Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək demişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə–Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Ölkə PrezidentininYunanıstanın səfiri ilə görüşdə nümayiş etdirdiyi qətiyyətli mövqe qardaş ölkədə böyük rəğbətlə qarşılandı. Türkiyənin yüksək vəzifəli rəsmiləri, ictimai-siyasi xadimləri Prezident İlham Əliyevin bu dəstəyini yüksək qiymətləndirdi, bunu qardaş həmrəyliyinin barizi nümunəsi adlandırdı və təşəkkürlərini bildirdilər. Türkiyənin kütləvi informasiya vasitələri haqlı olaraq Prezident İlham Əliyevin qardaş ölkəyə dəstəklə bağlı fikirlərinə geniş yer verdilər. Dövlət başçımızın həyata keçirdiyi xarici siyasət kursu milli maraqlarımızı qoruyan qətiyyətli və prinsipial diplomatiyadır.

Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

araz.az xəbər portalı.