bandicam 2020 09 07 14 33 43 965Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biri kimi qəbul olunur və bu sahənin inkişafı üçün əsas şərtlərdən biri də, məhz gömrük əməkdaşlarının hazırlıqlı şəxs olmalarıdır.

Düzdür, gömrük general-mayoru rütbəsinə sahib olan və Bakı Baş Gömrük İdarəsinə rəhbərlik etmiş sabiq rəis Vüsal Novruzov da, bu sahədə müəyyən qədər iş təcrübəsi və hansısa formada xidmətləri olan bir şəxsdir. Onu da qeyd etmək yerinə düşər ki, bu şəxs Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən zaman ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunması, münbit biznes mühitinin formalaşması, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində atılan addımlara dəstək göstərmək əvəzinə, o, daim şəxsi maraqlarının təmin olunmasını öndə tutmuş və bu yöndə də lazımi addımlarını atmışdır. Vüsal Novruzov adı çəkilən idarəyə rəhbərlik etdiyi ötən illər ərzində gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin olunması, gömrük əməkdaşı ilə vətəndaşlar arasında təmasın minimum həddə endirilməsi sahəsində lazımi addımlarını atmadığı, köklü kadr islahatları həyata keçirmədiyi, nöqsanları olan şəxsləri daşıdıqları vəzifələrindən uzaqlaşdırmadığı, gömrük xidmətinin yaxşılaşdırılması üçün savadlı və bacarıqlı kadrlara etimad göstərmədiyi və s. iddia olunur. Bir sözlə, qarşıya qoyulan mühüm vəzifələrin icrası istiqamətində Bakı Baş Gömrük İdarəsi rəisinin ardıcıl, planlı və sistemli fəaliyyəti heç də diqqəti cəlb etməyib.
O da hər kəsə bəllidir ki, ölkəmizin milli iqtisadiyyatının inkişaf etdirilməsində, respublikamızın iqtisadi təhlükəsizliyinin təmin olunmasında Bakı Baş Gömrük İdarəsinin də, məhz xüsusi rolu var. Buna baxmayaraq, bu idarənin sabiq rəisi Vüsal Novruzov daşıdığı vəzifəsindən uzaqlaşdırıldıqdan və az sonra istintaqa cəlb olunduğu vaxtlarda bəlli oldu ki, bu şəxs külli miqdarda büdcə vəsaitlərini mənimsəmişdir. Məsələn, həmin vaxtlarda bəzi media qurumları bu yöndə müəyyən araşdırmalar aparmış və Vüsal Novruzovun Bakı Baş Gömrük İdarəsində mənimsədiyi 3 milyon 281 min 270 manat pulun son qəpiyinə kimi geri qaytarması haqda məhkəmənin çıxarmış olduğu qərarla bağlı açıqlamalar da yayımlamışdı.Yayılan məlumatlara görə, qeyd olunan mənimsəmə faktı 01 yanvar 2016-cı il tarixlə 27 may 2018-ci il tarixi arasında baş verir.
Ümumiyyətlə, Vüsal Novruzov sıradan gömrük genaralı və ya idarə rəisi deyildi. O, nazir Kəmaləddin Heydərova qeyri-rəsmi bağlı olan şirkətlərin mühasibatlığını da apardığından, bu şəxsin əli daha “uzun əl” hesab olunurdu. İqtisad Universitetinin məzunu olan bu gömrük generalı hər ay Qəbələyə şirkətlərin “hesab-kitab”ını aparmaq üçün təşrif də buyururmuş və onun xidməti təkcə bunlarla yekunlaşmırmış. Vüsal Novruzovun ölkəmizin Gömrük Komitəsi sistemində “yeni bir komitə” kimi də fəaliyyət göstərdiyi bildirilirdi. Yəni, bu şəxsin onun bəzi gömrük generalları haqda lazımi kompromatları toplaması və toplanmış məlumatları “hamisinə ötürməsi” haqda da, bu sistemdə ciddi şübhə və narahatçılığın varlığı qeyd olunurdu.
2011-ci ildə Bakı Baş Gömrük İdarəsinin sabiq rəisinin adı yumurta olayı zamanı da daha çox hallanır və həmin vaxtlarda yüksək çinli məmurlardan birinin inhisarında olan yumurtanın qiymətini qaldırılması, məhz ölkə rəhbərini bərk əsəbləşdirir. Həmin vaxt cənab Prezident ölkəmizin yumurta ilə təchizatını Kəmaləddin Heydərova tapşırır, Kəmaləddin Heydərov da bu işin icrasını Vüsal Novruzova həvalə edir. Belə bir olayların yaşandığı bir vaxtlarda mediada məlumatlar yayılır ki, Bakı Baş Gömrük İdarəsinin şefi adını çəkmədiyimiz məmura məxsus olduğu iddia olunan malları ölkəyə buraxmır, bu da son anda ona “baha başa” gəlir.
Vüsal Növruzovun adı mediada başqa bir qalmaqallı məsələ ilə bağlı da tez-tez hallanıb ki, bu da onun ölkədəki sement satışını monopoliyaya alması ilə bağlı olub. Bu işdə onun tək olmadığı və əsas şərikinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin olduğu söylənilir. Orucəli Hacıyev 2006-cı ildə Ukraynadan Azərbaycana qayıdır və o, yeni yaradılan Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsinə təyin olunur. Bu şəxsin Vüsal Novruzovla ortaq biznesi də, məhz həmin anlardan başlayır və hər iki şəxs birgə qurduqları “Babək-97” şirkəti vasitəsilə, məhz ölkədə sement satışını demək olar ki, tam şəkildə inhisara almağa başlayırlar.
Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovla bağlı GundemXeber.Az-a daxil olan məlumatlarda o da qeyd olunur ki, bu şəxsin monopoliyasında olan sahələrdən biri də, məhz mərmər və dekorativ ağac biznesi sahələri olub. Verilən məlumatlara görə ən populyar bizneslərindən olan dekorativ ağac alveri, tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağaclar ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlər hesabına əldə olunur. Unutmayaq ki, təkcə bir ədəd palma ağacı şitilinin 400 dollar olduğu bildirilir. İddialara görə, belə bir biznes növlərindən Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov, hər il milyonlarla manat gəlir əldə edirmiş. İddialara görə o, bu cür gəlirlərin qarşılığında yaşadığı mənzilinin şüşələrini “bronirovannı”, yəni gülləkeçirməz şüşələrdən hazırlatdırıb. Hətta, vaxtilə böyük bir çevrədə belə bir söz-söhbət də dolaşırdı ki, bu şəxs əldə etdiyi milonları “bandrol”lara yığdıraraq, həmin gülləkeçirməz şüşələrin arxasında saxlayırmış. Söylənilənlərə görə, Vüsal Novruzov vaxtilə ələ keçirmiş olduğu büdcə pulları hesabına bu gün biznes şəbəkəsini genişləndirməklə məşğul olur və rahat şəkildə dolanışığını təmin edir.
Media üzərindən apardığımız müəyyən araşdırmalardan bəlli olur ki, gömrük generalı Vüsal Növruzov olduqca qumar həvəskarı olan bir şəxsdir. Məsələn, iddia olunan məlumatlarda o da qeyd olunur ki, bu şəxs Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini daşıdığı vaxtlarda ara-sıra qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedib qumar oynayar və büdcə vəsaitlərini öz kefi üçün “sağa-sola” xərcləyərmiş. Çatdırılan məlumatlarda müəyyən məqamlara da toxunulur ki, Vüsal Növruzov sonuncu qumar oyununda 5 milyon dollar uduzur. O, uduzduğu pulun yarısını versə də, gürcülər onu təhdid edirlər və qalan pulun qısa zaman kəsiyində ödənilməsini qəti şəkildə tələb edirlər. Elə ki, 2018-ci ildə Səfər Mehdiyev komitə sədri vəzifəsinə təyin olunur, o halda Azərbaycanın gömrük sistemində böyük bir “bəlaya çevrilən” və sərəncama götürülən Vüsal Novruzova, məhz getmək istədiyi “qapının yolu” göstərilir. Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovla bağlı GundemXeber.Az-a daxil olan digər məlumatlarda o da qeyd olunur ki, bu şəxs zaman-zaman korrupsiya əməllərinin ictimailəşməsinin qarşısını almaq üçün, ayrı-ayrı jurnalislərlə işbirliyi qurur və həmin jurnalistlərdən bəziləri MTN-lə, bir neçəsi isə DİN-lə yaxın təmasada olan şəxslər olurlar. Bu şəxsin dövlətçiliyimizə qarşı gizli şəkildə müharibə elan edən “qara qüvvələr”lə də əlbir olduğu iddia olunur.
Son vaxtlar bəzi media qurumlarında yayılan xəbərlərə diqqət yetirsək o halda görərik ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə qarşı, sanki media üzərindən yeni bir “savaş açılıb”. Bu da onu söyləməyə əsas verir ki, DGK sədrinin varlığı bir çox şəxsləri, ələlxüsus Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovu olduqca narahat etməkdədir. Belə bir narahatçılığa da əsas səbəb, məhz 2018-ci ildə rəhbərlik tərəfindən sərəncama göndərilən sabiq idarə rəisinin özünü DGK sədri “post”unda görməsidir. Söylənilənlərə görə, Vüsal Novruzov bu gün də həmin “post”a sahiblənmək üçün “dəridən-qabıqdan çıxır” və çalışdığı qədər bugünkü Komitə sədrinin nöqsanlarını media vasitəsilə ictimailəşdirməyə çalışır. Deməli, Səfər Mehdiyevə qarşı media üzərindən “açılan savaş”da, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisinin “isti izləri”ni aşkara çıxarmaq, o qədər də çətin məsələ deyil.
Əldə etdiyimiz bir çox məlumatları da, yaxın günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.

GundemXeber.Az 

araz.az xəbər portalı.