yap logo2Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin karantn qaydalarını pozaraq nəvəsinə toy etməsi cəmiyyyətdə ciddi narazılığa səbəb oldu.

Məclisdə iştirak edənlər ictimai qınağa tuş gəldilər. Onlar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbər şəxsləri də vardı. Yaşanan son hadisələrdən sonra hakim partiyada ciddi islahatların aparılacağına dair fikirlər səslənir. YAP-ın növbədənkənar qurultaya gedəcəyi, partiyanın rəhbərliyində təmsil olunan “köhnə qvardiya”nın uzaqlaşdırılacağı iddia olunur.

Hətta iddia edilir ki, növbəti seçkilərdə YAP-ın Milli Məclis təmsilçiləri arasında ciddi dəyişikliklər olacaq. Bu günə qədər də, müxtəlif zamanlarda hakim partiya ilə problemlər yaşayan bəzi siyasətçilər YAP-dan ayrılıb (çıxarılıb-V.M) və müxalifətə keçib.

Son 25 ildə YAP-dan ayrılaraq müxalif düşərgəyə keçən simalar arasında zamanında ölkədə böyük vəzifələr tutmuş şəxslər də az deyil. Cebhe.info xəbər verir ki, YAP-la yollarını ilk ayıran Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev olub.

Qeyd edək ki, Rəsul Quliyev I Çağırış Milli Məclisə 11 saylı III Xətai Seçki Dairəsindən YAP üzvü kimi seçilib. O, 1996-cı ildə Milli Məclisin spikeri vəzifəsindən istefa verərək ABŞ-a mühacirət edib və müxalifətə keçib. Azərbaycan Demokrat Partiyası (ADP) ilə birləşən Rəsul Quliyev 2003-cü ildə bu partiyanın namizədi kimi prezident seçkilərinə qatılıb, amma Mərkəzi Seçki Komissiyası onun namizədliyini qəbul etməyib. Həmin dövrdə, yəni 1996-cı ildə Rəsul Quliyevlə bərabər YAP-dan 5 deputat-Mahir Əsədov, Şamil Yusifov, Akif Şahbazov, Solmaz Ələsgərova, Zəminə Dünyamalıyeva da çıxarılıb. Onlar YAP-dan çıxarıldıqdan sonra Rəsul Quliyevin yanında, müxalif düşərgədə olsalar da, qısa zaman sonra siyasi fəaliyyətlərini dayandırıblar.

YAP-dan müxalifətə keçən məhşur simalardan biri də sabiq səhiyyə naziri Əli İnsanovdur. Ə.İnsanov həm də hakim partiyanın qurucu üzvlərindən biridir. Qeyd edək ki, 2005-ci ildə İqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə Əli İnsanov dövlət çevrilişinə cəhddə ittiham olunaraq YAP-dan qovulub və həbs edilib. Əli İnsanov həbsdən çıxdıqdan sonra isə Haqq və Ədalət Partiyası (HƏP) təsis edib və hazırda bu partiyanın lideridir, müxalif cinahda hakim partiyaya qarşı mübarizə aparır.

Müxalifətə keçən hakim düşərgə təmsilçilərindən biri də sabiq bitərəf deputat Gültəkin Hacıbəylidir. Hazırda o, “Demokratik Qüvvələrin Milli Şurası” adlanan qurumun Koordinasiya Mərkəzinin üzvüdür. Qeyd edək ki, Gültəkin Hacıbəyli II və III çağırış Milli Məclisin üzvü olub, hakim kursu müdafiə edib. IV çağırış Milli Məclisə seçkilərdə seçilə bilməyən Gültəkin Hacıbəyli hakim düşərgədən ayrılaraq hakim partiyaya radikal mövqe nümayiş etdirib.

Bununla yanaşı müxalifətdən ayrılıb hakim partiyaya keçən və hazırda yüksək vəzifə tutan şəxslər də var. Belə ki, Azərbaycan Demokratik İstiqlal Partiyasının (ADİP) həmsədrləri Mübariz Qurbanlı və Vilayət Quliyev deputat olduqları dönəmdə, 1999-cu ildə istefa verərək YAP-a keçiblər. Bu transferdən sonra Mübariz Qurbanlı (Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir-V.M) YAP-ın rəhbərliyinə gətirilib , Vilayət Quliyev (Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir-V.M) isə Xarici işlər naziri təyin olunub. YAP-dan çıxarılan digər məhşur simalar isə müxtəlif vaxtlarda hakim partiyadan narazılıq etsələr də, birbaşa müxalifətə keçdiklərini bəyan etməyiblər. Sabiq məmurlar və deputatlar – İqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezident Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti, deputat Fikrət Sadıqov, Azərbaycan Respublikasının Mətbuat və informasiya naziri Sirus Təbrizli, Bakı şəhər İcra Hakimiyyətinin başçısı, deputat, mərhum Rəfael Allahverdiyev, deputat Xıdır Alovlu, deputat Gülər Əhmədova və deputat Nazim Məmmədov (Bəydəmirli) hakim partiyadan çıxarılanlardır. Amma onlar bu günə qədər müxalifətə keçdiklərini bəyan etməyiblər.

Vilayət Muxtar
Cebhe.info

araz.az xəbər portalı.