1598975068 886Təhlükəsizlik ən vacib məsələlərdən biridir. Lakin təhsilsiz cəmiyyət də bir başqa fəlakətdir. Odur ki, mart ayının 3-dən qapısı şagirdlərin üzünə bağlı qalan məktəblərin fəaliyyətinin yeni dərs ilində bərpa edilməsi gözlənilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, avqustun 31-dən etibarən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor xidmətləridir.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir. Repetitorlara say məhdudiyyəti tətbiq etməklə şagird qəbuluna icazə verildiyi halda, niyə tədris-hazırlıq kurslarına da eyni qayda tətbiq edilmir?

Bu barədə Correct.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi tədris kurslarının da fəaliyyət göstərməsinin mümkünlüyünü qeyd edib: “Əlbəttə, kurslar üçün də həmin qayda tətbiq edilməli idi. Təəssüf ki, hələ bu barədə qərar yoxdur. Bu qərarda bir növ kursların da fəaliyyətinin bərpası əsas götürülür. Kurslarda da müəllimlər 6-7 nəfər olmaqla dərsləri tədris edirlər. Ümumi olaraq tədris kurslarının fəaliyyətə başlaması haqqında qərar qəbul edilməsə də, müvafiq qərara əsasən, kursların fəaliyyət göstərməsi mümkündür. Kurslarda müəllimlərin fərdi və repetitor kimi məşğul olmaları üçün heç bir maneə yoxdur.

Bütün təhsil müəsisələri, kurslar mütləq zəruri şərtlərə əməl etməlidirlər. Şagirdlər, tələbələr, abituriyentlər, eyni zamanda müəllimlərin hər biri qoruyucu maskadan və dezinfeksiyaedici məhsullardan istifadə etməli, sosial məsafəni qorumalıdırlar”. E.Əfəndi son zamanlar qəbul edilən qərarların yenidən qapadılma ilə nəticələnəcəyini bildirib: “Ümumi olaraq qəbul edilən qərarlara əsasən təxmin edirəm ki, sentyabr ayının 15-dən sonra yoluxma hallarının artımını müşahidə edəcəyik. Bu tendensiya artan xətt üzrə inkişaf edəcək və düşünürəm ki, qərarlar tədricən yenidən qapadılma ilə nəticələnəcək.

Baş nazirin təhsil ilə bağlı verdiyi sonuncu qərar 2 noyabr tarixinədək qüvvədə qalacaq, sonra vəziyyət necə olacaqsa, ona uyğun addım atılacaq. Düşünürəm ki, payızda mövsümi xəstəliklərin daha çox yayıldığı ehtimalını nəzərə alaraq, yenidən dərslər distant formaya keçid alacaq və bəzi sahələr bağlanacaq”.

Mustafayeva Aygün

Correct.az

araz.az xəbər portalı.