Sabiq nazirin qardaşı Elton Məmmədov Leila Janashianı himayə etməkdə suçlandırılır
Gürcüstan vətəndaşı Leila Janashia Azərbaycanda dolandırıcılıqla, müxtəlif şəxslərin etibarından sui-istifadə etməklə külli miqdarda əmlaka sahiblənə bilib. Leila Janashianın əməllərindən zərərçəkən vətəndaşlar – Elisabed Lashkhi, Nübar Əliyeva, Rebeka Sakhatarova, Yaroslava Ağamaliyeva və Leyla Qasımova müxtəlif dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına müraicət ediblər.
Onların sözlərinə görə Gürcüstan vətəndaşını keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı, AMEA-nın İşlər İdarəsinin müdiri, sabiq deputat Elton Məmmədov himayə edir. Bu səbəbdən də Bakıda dələduzluq əməlləri ilə at oynadan bu qadına heç kim “gözünün üstündə qaşın var” demir.
Onların dediyinə görə, Janashia özünü onlara “Elton Məmmədovun yaxın adamı” kimi təqdim edirmiş. Belə ki, E.Məmmədov və digər varlılar Janashianın müştəriləri olublar, ondan əntiq əşyalar alıblar. “Əmlaklarımızı mənimsəyib, özümüzə isə şər atır” “Leila Janashia əmlaklarımızı mənimsəyib, pullarımızı geri qaytarmır.
Keçmiş deputat Elton Məmmədovun himayəsi sayəsində məsuliyyətdən yayınır, üstəlik hamımıza böhtan atır. Hesab edirik ki, dələduzluq yoluyla mənimsədiyi pullarımızın xeyli hissəsini də elə keçmiş deputata verib. Əgər istintaq araşdırarsa onların arasında yüzlərlə zənglərin və sms-lərin olduğu sübut ediləcək” – şikayətçilər belə deyirlər.
Şikayətçilərin redaksiyamıza təqdim etdikləri sənədlərdən də görünür ki, onlar qadının əməlləri barədə hüquq-mühafizə orqanlarına da müraciət ediblər, lakin nəticəsi olmayıb:
“Nədənsə bu qadın hər dəfə hansısa “sehrli əl”in vasitəsilə “sudan quru” çıxmağa müvəffəq olur. Bu azmış kimi üstəlik borclu olduğu şəxslərdən hüquq-mühafizə orqanlarına şikayət də edir”. Gürcüstan Respublikası vətəndaşı Rebeka Sakhatarova bildiribr ki, Leila Janashianın əməllərindən ən çox o zərər görüb, maddi və mənəvi təzyiqlərlə üzləşib. Dediyinə görə Leilanı özünə yaxın bilib, həmyerlisi kimi evinin qapısını üzünə açıb, illərlə rəfiqəlik edib, sonda isə dələduzluğun qurbanına çevrilib.
R. Sakhatarova başına gələnləri danışıb: “Mən Leilanı 2005-ci ildə Tbilisidən Bakıya köçəndən sonra tanımışam. Əri ilə birgə qonşuluqda kirayədə yaşayırdı. Alverlə məşğul olur, evdə xırda fiqurlar, əşyalar satırdı. Əri öldü, dəfn etdikdən sonra Bakıya qayıtdı. Qalmağa yeri olmadığından bizimlə bir yerdə yaşadı. İcarəyə mağaza götürmüşdüm. Türkiyədən antikvar əşyalar gətirirdim, onların satışı ilə məşğul olurdum. Mənim gümüş əşyalarımı, antik vazlarımı satdı, pulunu vermədi”.
R.Sakhatarova deyib ki, Bakı Univermağının 1-ci mərtəbəsində mağazası olub. Leila həmin mağazadakı antikvar malları nağd və nisyə satmaqla əldə etdiyi 207 min dolları mənimsəyib. Bu azmış kimi onun rəfiqələrinə, tanışlarına, bir sözlə mağazasına gedib-gələnlərə qarşı da dələduzluq edib: “Dəfələrlə evimdən gümüş qablar müəmmalı şəkildə yoxa çıxırdı, pulqabımdan pullarım itirdi. Sonradan öyrəndim ki, Leilanın oğlu anasının pullarını kazinoda uduzub. Qardaşı öləndə də 79 min manat pul vermişdim. Pullarımı qaytarmadı”. Gürcüstan vətəndaşı Elisabed Lashkhi də uzun illər öncə Azərbaycana köçərək burada mağaza işlədib, qab-qacaq satışı ilə məşğul olub.
Bakı Univermağında işləyən müddətdə də Leilanı tanıyıb: “Onu Gürcüstanda deyil, Azərbaycana gələndən sonra tanımışam. Univermağa gedib-gəlirdi. Deyirdi ki, guya kimlərsə onu aldadıb, pullarını alıb verməyiblər. Amma sonradan məlum oldu ki, özü hamını aldadıbmış. Mənə xəstəxanada müalicə olunan bir uşaq şəkli göstərdi, dedi nəvəmdir, təcili əməliyyat olunmalıdır. Sonradan bildim ki, şəkildəki uşaq bunun nəvəsi deyilmiş. 50 min dollarımı alıb, bu günə qədər də geri qaytarmayıb”.
Leila Janashianın Bakı şəhər sakini Nübar Əliyeva ilə dostluq əlaqələri, yaxınlığı da Bakı Univermağından yaranıb. Nübar Əliyeva deyir ki, Leila onun evinə ayaq açıb, get-gedə yaxın rəfiqəyə çevriliblər. Ara-sıra N.Əliyevanın yanında Rebeka Sakhatarovadan söz salıb, onun arxasınca asıb-kəsib, sonuncunun ona borclu olduğuna inadırmağa çalışıb. Mütəmadi olaraq ailəsindəki problemdən söz açıb, ağlayıb, pul lazım olduğunu deyib:
“Mənim maddi imkanımın yaxşı olduğunu hamı bilirdi. Evimə gəlib gah qardaşının, gah oğlunun problemlərrindən danışır, anasının, nəvəsinin əməliyyat olunacağını deyir, ağlayırdı. Təbiətcə çox həssas adamam, yazığım gəlirdi, pul verirdim. Dəfələrlə borc vermişəm, qaytarıb gətirirdi. İki il olar ki, artıq aldıqlarını geri qaytarmadı”.
Şikayətçi iddia edib ki, Leila 2017-2018-ci illərdə hissə-hissə olmaqla onun 105 min dollar pulunu mənimsəyib. 2019-cu ildə isə guya əvvəlki pulları dirildib qaytaracağını vəd edərək əlavə olaraq ondan 95 min dollar da alıb. Leila Janashia ilə heç cür əlaqə qura bilməyən N.Əliyeva hər həftə onun kilsəyə getdiyini bildiyindən Leilanı Allahın evində axtarıb:”Keşişin yanında Allaha and içdi, söz verdi, dedi ki, borcunu qaytaracaq. Diz çöküb ağladı. Mən də inandım, düşündüm ki, əgər Allahın evində Allaha and içirsə, yəqin yüz faiz qaytaracaq. Amma yenə də qaytarmadı”.
Yaroslava Ağamaliyeva müəllimə işləyib. Nübar Əliyeva ilə yaxın qonşu olublar. Leilanı da həmin vaxtlarda tanıyıb. Müəllimə işləyən Y.Ağamaliyevaya bu tanışlıq 3 min manata və 4 min dollara “başa gəlib”: “Belə baxıram ki, elə ən az məndən pul alıb. Bu günə kimi də pulumu geri qaytarmayıb”.
L. Janashia 2009-cu ildə Rebekanın mağazasında tanış olduğu iş adamı Dilarə Bağırova ilə də “dostlaşa” bilib. Rəfiqə kimi etibarını qazanaraq ondan 55 min dollar borc pul alıb. Borcu qaytarmasına dair görüntü yaradaraq üzərində saxta 925 əyyar yazılmış, əslində isə gümüş olmayan əşyaları girov qoyub. Elə ilk olaraq ondan şikayət edən də Dilarə Bağırova olub. Məhz onun şikayətindən sonra Leila Janashia deportasiya məsələsi ortaya çıxıb:
“Leilanı Rebyakaya görə tanımışdım. 2010-cu ildən dəfələrlə ona pul vermişəm. Hər dəfə aldığı pulu qaytarırdı. Amma 2016-cı ildə yenə yanıma gəldi, dedi Rebyaka bilməsin, mənə borc pul lazımdı, nəvəm ağır xəstədi dedi, yalvardı, inandım. Fikirləşdim ki, kömək eləyim, yəqin qaytarar. Hissə-hissə ona 55 min dollar verdim. 2018-ci ildə borclarımı geri istədikdə vermədi. Borcun əvəzində girov kimi yeddi ədəd gümüş vazalar verdi. Pulu qaytarmadıqda istədim ki, həmin vazaları satım. Məlum oldu ki vazalar gümüş deyil, saxta imiş”
Ötən ilin mayında D.Bağırova Səbail rayon Polis İdarəsinə gedərək L. Janashiadan şikayət edib. Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Cavid Məmmədov işi araşdırıb, şikayətlərini dinləyib: “Həmin gümüş əşyaları da apardım polis şöbəsinə. Ekspertiza təyin olundu, məlum oldu ki, ucuz metaldır, gümüş deyil. Leilanı da çağırdılar. Özü hər şeyi etiraf etdi, borcu da yaxın zamanda ödəyəcəyinə söz verdi, vaxt istədi”.
D.Bağırova deyir ki, nədənsə müstəntiq işi “bağlayıb”, pullarını da geri ala bilməyib. Bundan sonra R. Sakhatarova da Səbail rayon prokurorluğuna şikayət edib. Amma yenə də şikayətləri axıradək araşdırılmayıb:
“Mənə deyirdilər ki, get gecəynən öz mallarını götür. Mən bunu necə edə bilərdim axı? Sonradan mənim özümə oğurluqla cinayət işi açmazdılarmı? Hər yerə şikayət etmişik, bizim işimizi araşdırmırlar”. Şikayətçi qadın deyir ki, Fəvvarlər meydanında təsadüfən sabiq deputat Elton Məmmədovla rastlaşıb. Ona yaxınlaşaraq nədən L. Janashianın tərəfini saxladığını, onu himayə etdiyini soruşub : “Dedim ayıbdır, siz ziyalı adamsız, niyə bu cür dələduz qadını himayə edirsiniz? Hər yanda sizin adınızı hallandır, deyir ki, mənim arxamda deputat dayanır. Elton Məmmədov o adamla heç bir əlaqəsinin olmadığını dedi, hər şeyi inkar elədi”.
Borcluların polisə şikayət etdiklərini öyrənən Leila Janashia isə çox çəkməyib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerlışdirilib. İddia edir ki, onu şikayətçilər intihara əl atmağa məcbur ediblər. Zərərçəkənlər isə onun iddialarının tam uydurma olduğunu deyirlər. Şikayətçilər baş verənlərlə bağlı Səbail rayon Polis İdarəsinə müraciət ünvanladıqlarını deyiblər. Bildiriblər ki, bu günə qədər də dövlət qurumlarını şantaj edərək qanunsuz mağaza açan, vergi ödəmədən, bəyannamə yazdırmadan, mənşəyi məlum olmayan, saxta əyyarlarla əyyarlanmış malların satışı ilə məşğul olan L.Janashia ilə bağlı şikayətləri qanuni səviyyədə araşdırılmır.
Şikayətçilər prezident İlham Əliyevə müraciət edərək külli miqdarda dələduzluqla məşğul olan və bu gün də dələduzluq edən Leila Janashianın cinayət məsuliyyətinə cəlb edilməsinə, barəsində həbs-qətimkan tədbirinin seçilməsinə, qanunsuz “biznes”inin qarşısının alınmasına göstəriş verməsini xahiş ediblər.
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini yayınlamağa hazırıq.
araz.az xəbər portalı.