Türk dövlətlərinin vahid yumruq halında birləşərək böyük bir iqtisadi-siyasi təşkilat yaratması zaman-zaman ciddi müzakirələrə səbəb olub. Hazırda bu məsələ böyük tarixi zərurətə çevrilib. Əslində xristianların belə bir birlikləri var: Avropa İttifaqını “xristian dövlətlərinin birliyi” adlandırırlar. Xritianlar özləri bu təşkilatı daha çox “iqtisadi və siyasi” birlik adlandırsalar da, 1965-ci ildə imzalanmış Brüssel müqaviləsi bu birliyin əsl mahiyyətinə işıq salır. Əslində 30-a yaxın xristian dövləti elə bir “beynəlxalq təşkilat” yaradıblar ki, bu təşkilat özündə həm də vahid dövlət əlamətlərini daşıyır. Sanki xristian dövlətləri bu ittifaqda birləşərək “vahid dövlət” yaradıblar. Yəqin unutmamısınız, Birliyə tabe olan əsas qurumlardan Avropa Parlamenti 2015-ci ildə “erməni soyqırımı” ilə bağlı 12 maddəlik qətnamə qəbul etmişdi. Üzv olmayan dövlətlərin daxili işlərinə müdaxilə, xüsusilə də, müsəlman-türk dövlətləri ilə bağlı mütəmadi qərəzli hesabatlar hazırlamaq AP-nin əsas adətlərindəndir.
Dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur: Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan. Şimali Kipr Türk Respublikası isə de-fakto müstəqil dövlətdir. Əslində türkdilli ölkələr Türk Dövlətləri Birliyinin (Turan Birliyi) yaradılması istiqamətdə ciddi addımlar atıblar. Məsələn, türkdilli ölkələrin sammitinin keçirilməsi, ortaq türk telekanalların yaradılması bu istiqamətdə atılan mühüm addımlardır. Eləcə də, Türk PA-nın mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Müstəqil türk dövlətləri arasında iqtisadi əlaqələr də yüksək səviyyədə qurulub. 2019-cu ilin statistikasına əsasən, müstəqil türk dövlətlərinin toplam ümumi daxili məhsulunun həcmi təqribən 1,5 trilyon dollara bərabərdir.
Lakin hesab edirik ki, türkdilli dövlətlər arasındakı bu münasibətlərin hərbi konturları müəyyənləşdirilməli, bu məsələ öz miqyasını genişləndirməli, daha çox siyasi və hərbi birlik məsələlərini özündə ehtiva edən vahid birliyin yaradılması əsas prioritet məsələ olmalıdır.
1992-ci ildən keçirilən Türkdilli Ölkələrinin Dövlət Başçılarının Zirvə görüşləri əhəmiyyəti və tarixiliyi baxımdan mühüm hadisədir. Qazaxıstan dövlətinin birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşündə bildirirdi: “Bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçməsinin vaxtıdır”. O, həmçinin, Şuranın “Türk Dövlətləri Təşkilatı”adlandırılması təklifi ilə çıxış etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən türksoylu dövlət başçılarına təşəkkür etmişdi: “Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından bu sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.
Türk Dövlətləri Birliyinin yaradılması üçün böyük imkanlar mövcuddur. Bu təşkilat həm də dünyada mühüm faktora çevriləcək, əsas hərəkətverici qüvvələrdən biri kimi sülhün qorunmasında, bəşəri və milli-mənəvi dəyərlərin təbliğinda əsas rol oynayacaq.
Türk Dövlətlərinin Vahid Ordu Korpusu yaradılmalıdır. Türkdilli dövlətlərin xarici siyasətinin vahid konturları hazırlanmalı, terrorizmlə mübarizə istiqamətində, ticarət əlaqələri, sahibkarlıq mühitinin yaradılması ilə bağlı ortaq yanaşma müəyyənləşdirilməlidir. Ümumilikdə, sırf türk dövlətlərini əhatə edən “beynəlxalq iqtisadi plan” hazırlanmalı, bunun beynəlxalq miqyasda təşviqi prosesi aparılmalıdır.
Bəs Vahid Türk Dövlətləri Birliyinin yaradılması nə üçün tarixi zərurətə çevrilib?
Pandemiyadan sonra dünyanın siyasi xəritəsində ciddi dəyişikliklərin olacağının işartılarını görmək elə də çətin deyil. Sanki dünya müharibəyə hamilədir. Amma bəzilərinin “üçüncü dünya müharibəsi”nin olacağı ilə bağlı verdiyi proqnozlar da əssasız görünür. O zaman vəd olunan müharibə nədir və hansı formada özünü büruzə verəcək? Düşünürük ki, bu dəfə müharibələr dünyadakı ən qanlı münaqişə ocaqları üzərindən həyata keçiriləcək və türk dünyası bu proseslərdən sığortalanmış vəziyyətdə deyil.
Məsələn:
Özbəkistan, Qırğızıstan və Tacikistanın sərhəd rayonlarında narkotik trafikləri uğrunda zaman-zaman qeydə alınan toqquşmalar süni şəkildə yeni mərhələyə qədəm qoya bilər. Hətta daha da şiddətlənərək ərazi iddiaları uğrunda silahlı toqquşmalara da gətirib çıxarar. Heç şübhəsiz ki, 3 türk dövləti arasında münaqişənin qızışdırılmasında, silahlı toqquşmaların baş verməsində əsas rol oyanayan Qərb dövlətləri və Rusiya olacaq. Qərb dövlətləri Rusiyanın bu ölkələrdəki dayaqlarını zəiflətmək üçün ssenarilər hazırlayacaq. Rusiya isə öz dayaqlarını itirməmək üçün münaqişənin davam etdirilməsini, türk dövlətlərini zəiflədib taqətsiz hala gətirilməsini və Rusiyanın bu ölkələrə hərbi müdaxiləsini tarixi zərurətə çevirəcək.
Xorvatiya, Serbiya, Bosniya və Hersoqovinada müsəlman və xristianlar arasında etnik münaqişə yaradıla və yenidən bu bölgə vətəndaş müharibəsinin ən qızğın ocaqlarından birinə çevrilə bilər.
Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Qardaş ölkənin 6 vilayətinə qarşı ərazi iddiaları yenidən qızışa bilər.
Azərbaycan-Ermənistan arasındakı Qarabağ problemi isə hərbi əməliyyatlarla müşahidə olunan yeni mərhələyə qədəm qoya bilər. Əslində hazırda iki ölkə arasındakı sülh danışıqlarının perspektivi görünmür. Ermənistan rəhbərliyi müharibə çağırışları edir, müxtəlif ölkələrdən silahlar alır. Hazırda Ermənistanda könüllülər ordusunun yaradılması ilə bağlı qanunun qəbul edilməsi üçün bu qanun ictimai müzakirəyə çıxarılıb. Bu ilin iyul ayında cəbhənin Tovuz rayonu istiqamətindəki döyüşlər zamanı Azərbaycan qadınlarına sülh çağırışları edən Hakopyan (Paşinyanın həyat yoldaşı) artıq hərbi təlimlərə qatılıb. Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri işğal etdikləri torpaqları qaytarmayacaqlarını bəyan edir. Qondarma rejimin təhlükəsizlik şurasının katibi S.Babayan isə “Dağlıq Qarabağ respublikası”nın Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarında tərəf kimi iştirak etməsinin vacibliyini bildirir. Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı məsələ bu gün də gündəmin əsas mövzularından biridir. Hətta məsələ o qədər ciddi hal alıb ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun bununla bağlı açıqlaması Azərbaycan dövlətini qane etmədi və Rusiyadan daha inandırıcı izahat tələb olundu. Bütün bunlar onu göstərir ki, münaqişə ocaqları içərisində Qarabağ barıt çəlləyi rolunu oyana bilər.
Çadda müsəlmanlarla xristianlar arasında silahlı toqquşmaların baş verməsi sadəcə an məsələsidir.
Myanmanın Çinlə sərhəd ərazilərində, Misir, Somali, Suriya, Yəmən, Nigeriya, Cənubi Sudan, Meksika, Uqanda, Birma, Kolumbiya, Əfqanıstan və s. dünyanın qanlı münaqişə ocaqları kimi yenidən öz görkəmini itirə bilər.
Pakistan və Hindistan arasında 1949-cu ildən bəri davam edən Kəşmir problemi, Qəzzada İsrail və Fələstin arasındakı səngimək bilməyən silahlı toqquşmalar dünyanı idarə edən güclərin əsas nəzər nöqtəsindədir.
Yəni bu dəfə “Böyük Güc”lər “dünya müharibəsi”ni birbaşa super dövlətlər arasında yox, digər dövlətlərdəki münaqişə ocaqlarını qızışdırmaqla reallaşdıracaqlar. Böyük siyasətlərini “kiçik” münaqişə ocaqları üzərindən həyata keçirəcəklər. Basdırılmış bütün “mina”lar – əksər münaqişə ocaqları qan gölünə çevrilə bilər.
“Traktor” – Vahid Türk Birliyinin mayakı rolunda…
Hazırda türklərin 6 müstəqil dövləti olsa da, müxtəlif dövlətlərin tərkibində türklərin muxtariyyətləri mövcuddur: Başqırdıstan, Altay, Tatarıstan, Sintszyan-Uyğur, Qızılsu-Qırğız, Çuvaşıstan, İli-Qazax və s. İranın əsarətində olan Cənubi Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir, orada öz milli kimliklərini ən xırda detallarına qədər qoruyub saxlamağı bacaran 40 milyondan artıq türk yaşayır. İranda yaşayan türklər dünyada yaşayan bütün türklərin milli kimlik mübarizəsinin əsas somvoludur. Necə ki, Təbrizin futbol komandası “Traktor” İranda yaşayan Azərbaycan türklərinin milli kimlik simvoludur.
Əslində Vahid Türk Birliyinin yaradılmasının əsas mənəvi konturlarını İranda yaşayan türklər cızıblar və bunu konsepsiya halına gətirməyi bacarıblar. Təsəvvür edin, 1970-ci ildə yaradılan “Traktor” futbol klubunun oyunlarında on minlərlə türk azarkeş iştirak edir, İran istibdad rejimin tərəfindən həbs olunmaqlarına, edam edilmələrinə baxmayaraq onlar öz milli kimliklərini itirmirlər. Fars rejiminin mövcud olduğu, Azərbaycan dilində məktəblərin olmadığı, az qala türk dilində evdə də söhbət etməyin qadağan olunduğu bir ölkədə türklər öz milli “pasport”larını qorumağı bacarıblar. “Traktor” təkcə futbol klubu deyil, o, həm də Vahid Türk Dövlətləri Birliyinin yaradılması üçün əsas ideoloji mayakdır və bu ideoloji mayak öz yenilməzliyini on illərdir sübut edir. “Traktor” futbol klubunun azarkeşlərinin şüarlarına diqqət edək:
“Azərbaycan var olsun, istəməyən xar olsun”,
“Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz” və s.
Dünyanın heç bir futbol klubu bu qədər dərin milli və ideoloji şüarlaara köklənməyib. Azarkeş türklər futbol klubunun simasında bütün türk dünyasına mühüm birlik mesajları verirlər.
Əslində dünyada belə bir nümunə olub. Məsələn, Katalan dili İspaniyada qadağan olunduqdan sonra Kataloniyanın Barcelona klubunun azarkeşləri stadionda katalanca milli şüarlar səsləndirirdilər. Ancaq İranda yaşayan türklər qədər öz milli kimliklərini heç kim qoruyub saxlaya bilməyib.
Xüsusilə də, son vaxtlar Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin daha dərinləşməsi, Türkiyə qoşunlarının Azərbaycana gəlməsi, birgə hərbi təlimlərin keçirilməsi və iki dövlət arasında hərbi ittifaqın yaradılması ilə bağlı mühüm addımların atılması ümumilikdə bütün türk dövlətlərinin birləşməsini zəruri edir. Türkiyənin təsir dairəsindən, “vahid türk” birliyindən kənarda qalan türkdilli dövlətlər bir müddət sonra ciddi itkilərlə üzləşə bilərlər.
Samir FEYRUZOV
araz.az xəbər portalı.