tecavuzmasindaBakıda oğurluq etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Alqayıt Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın məlumtına görə, Alqayıt Hacıyev Bakı şəhərinə gəlmək üçün Lənkəran-Bakı şəhəri istiqamətində taksi fəaliyyəti ilə məşğul olan F.Məmmədovun idarə etdiyi “Mercedes Benz E 220 CDİ” markalı avtomobilin qabaq sağ oturacağına sərnişin kimi əyləşdikdən sonra sürücünün telefon danışığı zamanı Fərid Pənahəlizadədən pul götürüb, sonuncunun Bakı şəhərində olan əmisi, İqbal Pənahəlizadəyə çatdırmalı olduğunu eşidib.

F.Məmmədov sellofan bağlamada olan pulu Fərid Pənahəlizadədən qəbul edib, avtomobilin salonunda sürücü oturacağının altına qoyduğunu gördükdən sonra sellofan bağlamada olan pulu qəsdən oğurlamaq qərarına gəlib. 

O, həmin gün saat 16 radələrind F.Məmmədov  avtomobildə olan sərnişin əl yükünü yük yerindən təhvil vermək üçün sərnişinlə birlikdə avtomobildən düşüb getdiyini və onun avtomobildə olmamasından istifadə edib sürücü oturacağının alt hissəsinə qoyulmuş İqbal Pənahlaızadəyə məxsus içərisində həmin dövrün məzənnəsi ilə 61.200 manat təşkil edən 36.000 ABŞ dollar pul olan sellofan bağlamanı həmin yerdən oğurlayıb.

İstintaq orqanı tərəfindən Alqayıt Hacıyevin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Pul bağlaması verdiyini hiss etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Alqayıt Hacıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, qeyd edib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb. Onun sözlərinə görə, 2001-ci il tarixdə Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama) maddəsi ilə məhkum olunub və 2013-cü il tarixdə azadlığa çıxıb: 

“Bakı şəhərində işi olmadığından işləmək məqsədi ilə Astara şəhərinə briqadir işləyən tanışının yanına getdim. Astara şəhərində tanışım ilə görüşdüm, oğurluq hadisəsi baş verən günə kimi orada qaldım. Lakin, sol ayağımda küt ağrılar olduğundan məcbur olub Bakı şəhərinə qayıtmağa qərar verdim. Astara şəhərindən 15 manat pula Lənkəran şəhərinə gəldim. 

Lənkəran şəhərində olan “Ləvəngi” deyilən ərazidə “Mercedes Benz E 220 CDİ” minik markalı avtomobili idarə edən, şəxsiyyəti ona sonradan məlum olan F.Məmədov ilə Bakı şəhərinə getməyim ilə bağlı 20 manat pula razılaşdım. Avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşdim. Bundan sonra sürücünün telefonuna zəng gəldi və həmin telefon zəngindən taksi sürücüsünün pul bağlaması qəbul edərək Bakı şəhərinə aparacağını hiss etdim. Bir qədər sonra cavan bir oğlan taksi sürücüsünə yaxınlaşaraq ona pul bağlaması verdi. Taksi sürücüsü həmin bağlamanı qəbul edərək idarə etdiyi avtomobilin sol qabaq oturacağının alt hissəsində olan qapağı açaraq həmin yerə qoydu”.

“Təşəkkür edib, oğurladığım pul ilə birlikdə avtomobildən yerə düşdüm”

Alqayıt Hacıyev bildirib ki, sundan sonra ondan başqa bir nəfər qadın, bir nəfər də kişi sərnişinlə Bakı şəhərinə yola düşüblər: 

“Bakı şəhərinə çatanda ilk olaraq taksidə olan xanım Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı ünvanda avtomaşından düşdü. Taksi sürücüsü də həmin vaxt nəqliyyat vasitəsindən aşağı düşdü, avtomobilin baqaj hissəsini açaraq, xanıma məxsus əşyaları, yəni çantaları verməyə başladı. Bu zaman onun arxa tərəfində, yəni arxa sol oturacaqda əyləşən oğlanın telefonda oyun oynamasından və başının möhkəm qarışıq olmasından istifadə edərək əlverişli şəraitin olduğunu zənn edərək, taksi sürücüsünün yerləşdirdiyi pul bağlamasını gizli halda oğurladım, əynimdə olan idman geyimi olan koftanın iç hissəsinə qoyaraq sepini tez çəkdim. Sürücü sərnişin Aynur xanımı yola saldıqdan sonra nəqliyyat vasitəsinə yaxınlaşdı, sükan tərəfdə əyləşdikdən sonra avtomobili işə saldı. Bir qədər getdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağı ətrafında avtomobili saxlamasını sürücüdən xahiş etdim. Sürücü avtomobili saxlayandan sonra ona təşəkkür edib, oğurladığım pul ilə birlikdə avtomobildən yerə düşdüm. Öz yoluma davam etdim”.

“Özümə telefon aldım”

Alqayıt Hacıyev qeyd edib ki, bundan sonra yoldan keçən bir taksiyə əyləşib və Sumqayıt şəhərinə gedib: 

“Taksidə arxa oturacaqda əyləşib bağlamada olan pulları saymağa başladım. Oğurladığım pulun 36.000 ABŞ dollar olduğunu müəyyən etdim. Həmin puldan 1000 ABŞ dollarını yaxınlıqda olan pul dəyişmə məntəqəsinə gedərək dəyişdim, 1700 manat pul etdim. Sumqayıt şəhərində olan “Kontakt Home 37” mağazasına daxil olaraq 1036 manata bir ədəd qara rəngli “İphone 7 32 GB” Black markalı mobil telefon aldım. Sonra Sumqayıt şəhərində həmin pul dəyişmə məntəqəsində yenə 500 ABŞ dolları məbləğində olan pulu xırdalayaraq 850 manat pul aldım, ev alqı-satqısı ilə məşğul olan dəllalların yanına getdim. Həmin dəllallar ayı 400 manata ev göstərdilər. Həmin evi kirayə tutdum”.

Alqayıt Hacıyevin sözlərinə görə, həmin vaxt qardaşı Ələsgərlə söhbət edib, lakin 36.000 ABŞ dollar pulu oğurlamağı barədə qardaşına heç bir söz deməyib. 

Həmin vaxt qardaşım mətbəxdə başının çay içməyə qarışmasından istifadə edib oğurladığıçç puldan 20.000 ABŞ dollarını onun yataq otağında olan dolabdakı pencəyin iç sol cibində gizlətdim. Lakin bu barədə Ələsgərə heç bir söz demədim. 20.000 ABŞ dollarını qardaşım Ələsgərə məxsus mənzildə gizlətməyimə səbəb həmin mənzilin güvənli olması, yəni ordan heç bir oğurluq ola bilməyəcəyinə, yəni bu qənaətə əvvəlcədən gəlməyim olub. 

Bundan sonra qardaşıma məxsus mənzili tərk etdim. Bir neçə saatdan sonra qardaşım Ələsgər zəng edərək Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının məni axtardığını bildird. Həmin vaxt pencəyinin iç sol cibində 20.000 ABŞ dollarını gizlətməyi barədə bildirdi, bu barədə polislərə məlumat verib, həmin pulu götürmələrini xahiş etdim”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra digər pulları, aldığı teıefonu polisə verdiyini deyib.

“Hadisənin hansı şəraitdə baş verməsini  bilmirəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İqbal Pənahlaızadə qeyd edib ki, bizneslə məşğul olub. Onun sözlərinə görə, meyvə-tərəvəz alış-verişi ilə məşğul olur: 

“İran İslam Respublikasından alınan malların Rusiyanın Moskva şəhərində satışını təşkil edirəm. Karantin başlamamışdan qabaq Bakı şəhərinə gəlib, Rusiya Federasiyasına kartof vurmaq məqsədi ilə Bakı şəhərində qalmalı oldum. Bu səbəbdən Lənkəran şəhərində yaşayan qardaşım oğluna yaşadığım evə gedib və arvadımdan 36.000 ABŞ dolları pulu götürərək Bakı şəhərinə gələn hər hansı bir taksi ilə mənə göndərməsini xahiş etdim. 

Qardaşım oğlu Fəriddə günorta saatlarında mənə zəng edərək 36.000 ABŞ dollarını bağlama şəklinə salıb, yol taksisi ilə mənə göndərdiyini dedi. Həmçinin pulu göndərdiyi taksi sürücüsünün idarə etdiyi avtomobilin markasını, dövlət nişanını və sürücünün istifadəsində olan telefon nömrəsini verdi. Elə həmin gün axşam saatlarında  sürücü ilə telefon əlaqəsi saxladım, 36.000 ABŞ dolları barəsində maraqlandıqda taksi sürücüsünün avtomobilindən sərnişinlərdən birinin pulu oğurladığı mənə məlum oldu. Hadisənin necə və hansı şəraitdə baş verməsini  bilmirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alqayıt Hacıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

araz.az xəbər portalı.