Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, bu sıraya Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil edilməməsi əlavə olunur.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsi yeni redaksiyada təklif olunur. Onun sözlərinə görə, “Təhsil haqqında” qanunda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət nəzərdə tutulur: “Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə yeni redaksiyada dəyişiklik edilir”.
araz.az xəbər portalı.