1599558729 118948264 319040615844778 2435729648559845020 nBelarus müxalifətinin fəal üzvlərindən olan Mariya Kolesnikova dünən Minskdə xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Bu gün səhər saatlarında isə xəbər yayılıb ki, Belarusun dövlət başçısı Aleksandr Lukaşenkoya qarşı dirəniş göstərən üç qadından biri olan Mariya Kolesnikova Ukrayna ilə sərhəddə həbs edilib.

Reyting.az-ın məlumatına görə, Belarusun yerli mediası hadisə yerində olan şahidlərə istinad edərək bildirir ki, Kolesnikova paytaxt Minskdə minibusa zorla mindirilərək nəməlum istiqamətdə aparılıb.

Kolesnikova dövlət başçısı Aleksandr Lukaşenkoya qarşı avqustun 9-da keçirilən prezident seçkilərində güclərini birləşdirən qadın müxalifət liderləri arasında əsas şəxslərdən sayılır. 9 avqust seçkilərində Belarus Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80 faiz səs aldığını elan etmişdi. Müxalifət bu nəticələrlə razılaşmayaraq xalqı küçələrə səsləmişdi. Eyni zamanda Lukaşenko hakimiyyətdən getməyə dəvət olunurdu.

Minsk polisi Kolesnikovanı maskalı şəxslər tərəfindən minibusa mindirərək oğurlamasına dair xəbərə şərh vermədiyi bir halda bu gün səhər saatlarında Almaniyanın AFR agentliyi xanım liderin Ukrayna ilə sərhəddə saxlanıldığını bildirib. Sonradan bəlli olub ki, Minskdə saxlanılan qadın siyasətçinin Ukrayna ilə sərhəddə həbs edilməsinə dair məlumatı Belarusun rəsmi mediası tirajlayıb.

Prezidentin yuxusuna haram qatan üç qadın – Onlardan biri saxlanılıb
M. Kolesnikova

Kolesnikova həmçinin müxalifətin seçkilərdə namizədliyini irəli sürdüyü Svetlana Tixanovskayaya dəstək verirdi. Eyni zamanda Lukaşenkonu devirmək üçün qurulan Koordinasiya Şurasının üzvü idi.

Belarus iqtidarı Koordinasiya Şurasının fəaliyyəti səbəbindən müxalifət liderlərinə “hakimiyyəti ələ keçirmək, milli təhlükəsizliyə ziyan vurmaq” maddəsi ilə cinayət işi açıb.

Bundan başqa, məsələnin maraqlı tərəfi odur ki, Kolesnikova Lukaşenkoya qarşı üç qadın siyasətçi arasında gücləri birləşdirən və ölkədə olan sonuncu müxalif lider sayılırdı.

Digər xanım siyasətçi Veronika Çepkalo və prezidentliyə namizəd olmuş Tixanovskaya seçkilərdən sonra ölkəni tərk ediblər. Başqa bir xanım – Olqa Kovalikovanın isə həbs olunma təhdidləri səbəbindən ötən həftənin cümə günü Polşaya getdiyi məlum olub.

Fakt odur ki, Lukaşenko ölkə daxilində qalan 38 yaşlı musiqiçi Kolesnikovanın fəaliyyətindən ciddi narahat idi və onu susdurmağın yolunu həbs etməkdə görüb.

Beləliklə, Belarusda qalan və xalq etirazlarının qarşısında gedən yeganə siyasətçi lider xanım Kolesnikova hesab olunurdu. Xanım siyasətçi “Birlikdə” adlı siyasi partiya quracağını da elan etmişdi.

Əlavə edək ki, Belarusda 9 avqust seçkilərindən sonra ciddi etiraz aksiyaları təşkil edilir. Artıq aksiyalar 4 həftədir ki, davam edir. Xüsusilə həftənin şənbə və bazar günləri paytaxt Minskdə Lukaşenkoya qarşı 100 minlərin iştirakı ilə aksiyalar keçirilir.

Ötən bazar günü günü keçirilən aksiyalar zamanı 663 nəfər həbs edilib.

Reyting.az

araz.az xəbər portalı.