ena f9f277c76c963ff1a81899783 oSon zamanlar Dövlət Yol Polisindən şikayətlər artıb. Sosial şəbəkələrdə DYP əməkdaşlarının insanlara qarşı rəftarından tutmuş, bir sıra qanunsuz hərəkətlərinə qədər müxtəlif formada etirazlar yayılır.

Yayılan görüntülərdən belə görünür ki, yol polsiləri sürücüləri də, sərnişinləri də incidir. Hətta DYP əməkdaşlarıın fəaliyyətinə artıq millət vəkillərindən də etirazlar eşidilir. Bu isə sözügedən qurumun fəaliyyətində əsaslı dönüşün vacibliyini bir daha göstərir.

Belə ki, yol polisi əməkdaşı ötən gün Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayevə qarşı da hörmətsizlik edib. Millət vəkili bu haqda özünün “Facebook” səhifəsində yazıb və DYP əməkdaşına məxsus avtomobilin dövlət nömrə nişanını qeyd edib.

“Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50-dir. Əvvəla, maşının arxasınca düşüb saxlamaq nə deməkdir? Bandit qovur, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır. Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı, deyəsən. Baxırıq ki, yanır. Nömrə üzərinə düşən işıq zəifdir. Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa, sənəd göstərsin. Sözün və filmin sonu. Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə”,-R.Nurullayev belə qeyd edib.

Dəfələrlə bunabənzər şikayətlərin şahidi olmuşuq. Şikayətlərin məğzinə baxanda məlum olur ki, yol polisi bir çox hallarda səbəbsiz yerə insanları incidir, narazı salır.

Maraqlıdır, niyə DYP əməkdaşları belə mövqe sərgiləyir? İnsanlar niyə DYP-dən narazıdır? Məsələ ilə bağlı ictimai nüfuzu olan şəxslərin mövqeyini öyrəndik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Dövlət Yol Polisindən şikayətlər Sovet dönəmindən mövcuddur. Haqlı iradlar o zaman da çox idi, indi də çoxdur:

“Yol polisinin işi-gücü cərimə yazmaq, cəza vermək deyil. Bəzən yol polisi elə yerdə dayanır, bilirsən ki, sırf sürücünü cərimələmək istəyir. Belə olmamalıdır. Əslində Azərbaycanda yol polisinin sayı da çoxdur. Xarici ölkələrdə bu qədər yol polisi yoxdur. Yəni əsas yolun tənzimlənməsidir, sürücüyə nümunə olmaqdır. Amma fərqli situatsiyaların şahidi oluruq. Müstəqillik illərində bir qədər normallaşma var. Açıq desək, əvvəllər rüşvət halları daha çox idi. 20, 30 manat verib cərimə yazılmasının qarşısını alırdılar. Amma indi bir çox hallarda cərimə yazılır və gedib onu bankda ödəyirsən. İstənilən halda hesab edirəm ki, buna da çox getmək lazım deyil. Çünki sürücülər də artıq yol qaydalarına fikir verməyə çalışırlar. Hər bir sürücünü kiçik bir yanlışlığa görə cəzalandırmaq doğru deyil. 50-60 manat cərimə yazılır, mən də dəfələrlə bu məbləği ödəmişəm və çalışıram ki, eyni səhvi təkrarlamayım, qayda pozuntusu etməyim. Amma yenə də hesab edirəm ki, yol polisinin sayı çoxdur, funksiyaları da dəyişməlidir. Məsələn, Gürcüstanda yol polisi ilə adi polis eyni funksiyanı daşıyır. Bu sistem Saakaşvilinin vaxtında tətbiq edildi. Artıq Gürcüstanda da yol polisi yollarda gözə dəymir. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var. Bir də sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məsələlərə də baxılmalıdır. Çünki orada da çox qanunsuzluqlar hökm sürür və onun da qarşısı alınmalıdır”.

İqtisadçı-alim Fuad İbrahimov isə DYP-nin yollardakı fəaliyyətindən razı olsa da, avtomobil qeydiyyatı ilə bağlı məsələdən narazıdır:

“Bizdə ailədə demək olar ki, hər kəsin şəxsi avtomobili var. İnsanıq, biz də səhv edə bilərik, yol polisi də. Amma ümumilikdə baxanda, şəxsən mənim DYP əməkdaşları ilə elə də ciddi bir problemim yaşanmayıb. Ancaq şikayət edənlər var. Əksər hallarda avtomobili idarə edənlər yol hərəkəti qaydalarını dərindən bilmədikdə, cərimə vəziyyəti yarandıqda, daha çox mübahisəyə keçirlər. Bunu gizlətməyə ehtiyac yoxdur ki, DYP əməkdaşı sürücünün qanunvericilikdən anlayışının olmadığını görəndə, ondan istifadə edir. Belə hallar daha çox olur. Amma ümumilikdə götürəndə, DYP-nin varlığı qanunvericiliyin nizamlı, intizamlı qalmasına xidmət etməlidir. Ümumən yollarda qanun işləyir. Digər tərəfdən isə avtomobillərin qeydiyyat yerlərində vəziyyət elə əvvəlki kimidir. Oradan mən də bir vətəndaş kimi narazıyam. Çünki ödədiyim pulun hara getdiyini bilmirəm, şəffaflıq yoxdur. Amma yollarda DYP-dən razıyam”.

Vilayət Muxtar
Cebhe.info

araz.az xəbər portalı.