xeyreddinqocaAzərbaycanın Pakistanda və Birləşmir Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış tanınmış diplomat Daşqın Şikarovun facebook səhifəsində paylaşdığı son statusda iddia edir ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi 5-ci kolon Heydər Əliyev Fondunun layihələrinə ciddi qısqanclıqla yanaşıb, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya qarşı gizli təşkilatlanmada iştirak ediblər.
Sabiq diplomat faktlarla baş verənləri sadalayaraq hakimiyyət daxilində ikibaşlı oyunlar oynanıldığına diqqəti yönəltmək istəyib.
Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, tanınmış publisist-jurnalist Xeyrəddin Qoca da keçmiş həmkarının bu statusuna haqq qazandırmaqla bərabər təmsilçisi olduğu partiya daxilində oynanılan çirkli oyunları qınayıb:
“Diplomat Daşqın Şikarov mənimlə birlikdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda işləmişdir. O vaxtdan indiyədək mehriban münasibətlərimiz var. Ramiz Mehdiyev konsulluğa 3 dəfə yoxlama göndərtdirdi ki, məni ləkələsin. Həmin yoxlamalar zamanı mən Baş konsul olaraq bir dəfə də iş yerində olmadım, yoxlama üzvlərini də görmədim. Daim özümə sual verirdim ki, konsulluq anbardır, sexdir-nədir, belə yoxlamalar keçirirlər? Yoxlayanlar heç bir nöqsan, çatışmazlıq tapmırdılar. Mən isə əsəbləşib Prezident Heydər Əliyevə məktublar yazırdım ki, məni işdən azad etsin. O isə “narahat olma, otur, işlə” deyirdi. Beləliklə, vaxtından 4 ay da çox–5 il 4 ay işlədim. Xidməti müddətim başa çatdıqdan sonra Bakıya qayıtdım. Onda Ümummili Liderin səhhətində problemlər var idi. Ramiz Mehdiyev məni çağırdı (onun kabinetində Novruz Məmmədov və başqa bir nəfər də var idi…), dedi ki, “sənin üçün yaxşı bir vəzifə var–Dini İşlər üzrə Dövlət Komitəsində 1-ci müavin vəzifəsinə göndərək, get.”. Mən də dedim ki, mənim dinlə heç bir əlaqəm yoxdur, istəmirəm”. İndi də 18 il işsiz qalandan sonra (?) mənə həmin vəzifəni təklif etsələr, getmərəm! Bilirdim ki, Ramiz Mehdiyev əzəl-axır məni ilişdirəcəkdir! Beşinci kalonun başında duran bu adam Heydər Əliyevə yaxın olan bütün adamları hakimiyyətdən uzaqlaşdırmışdır. Heydər Əliyevin qurduğu YAP–ın icra rəhbərliyi isə bunu bilə-bilə daim Ramiz Mehdiyevə yaltaqlanmış, bizim fikirlərimizi heç zaman rəhbərliyə çatdırmamışdır! Deməli, YAP-dakı bəzi adamlar da 5-ci kalonun nadürüstləri ilə əlaqəli olmuşlar! İndi böyük cinayətlər törədən dövlət adamlarının hamısı YAP-ın üzvüdür!
Mən YAP-ın yaranmasında yaxından iştitak etmişəm və partiya yaranandan indiyədək Siyasi Şuranın üzvüyəm! Heydər Əliyev xəstələnməsəydi, o, məni bir ölkəyə səfir göndərəcəkdi. Bunu özü mənə demişdi…. Mən indi də səfir kimi fəaliyyət göstərə bilərəm, bu mənim təcrübəmə, dünyagörüşümə uyğundur… Amma tam səmimi deyirəm, heç kim bunu iş istəməyim kimi düşünməsin. Hansı ki, buna mənim daha çox haqqım var…
Bir qurultayda Siyasi Şuranın üzvlərinin adlarını oxuyanda dedilər ki, “Xeyrəddin Qoca – müvəqqəti işsiz”. Onda 100-dən çox Siyasi Şura üzvlərinin içərisində təkcə mən işsiz idim! 18 il müvəqqəti işsiz olar?”

araz.az xəbər portalı.