Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla qısa müsahibəni təqdim edirik.
– Qulu müəllim, Türkiyə ilə Azərbaycan arasında Media Platformasının qurulması üçün birgə razılığa gəlinib. Bu məqsədlə Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyyəti İstanbulda görüşlər keçirib. Bu görüşü necə qiymətləndirirsiz və platformadan gözləntilər nədir?
– Hesab edirəm ki, yüksək səviyyəli görüşün, imzalanan sazişin hər iki tərəfə, xüsusən Azərbaycan mediası üçün müsbət tərəfləri var. Əvvala ona görə ki, Türkiyə mediasının son dövrlərdə yaşadığı bütün problemlərə, çətinliklərə baxmayaraq, plüralist və müstəqil mediadır. Bu ənənələrini öyrənmək baxımından yaxşı əməkdaşlıqdır.
İkincisi, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti hər iki ölkədə olan hadisələrlə bağlı davamlı və sistemli məlumatlandırmaq üçün belə bir əməkdaşlığın və ümumi platformanın yaradılması çox önəmlidir.
Digər tərəfdən, kadr hazırlığı, media menecmenti kimi çox mühüm təcrübənin Azərbaycanda öyrənilməsi zəruridir. Hesab edirəm ki, bu üç məqam imzalanan sazişin mahiyyətini ifadə edir. Əgər atılacaq konkret addımlar bu məqsədə xidmət edəcəksə, bunu yalnız təqdir etmək lazımdır və mən bunu yüksək qiymətləndirirəm.
– Qarabağ münaqişəsi, eləcə də iki ölkə əleyhinə qüvvələrlə informasiya mübarizəsi gündəmdə ola bilərmi?
– Mənə elə gəlir ki, bu platforma heç bir üçüncü ölkənin əleyhinə deyil. Sadəcə əməkdaşlıq, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi, informasiya mübadiləsi platformasıdır. Əlbəttə, burada Qarabağ, geopolitik, Türkiyənin regiondakı siyasəti və onun bu regionda maraqları, eləcə də təhlükəsizliklə bağlı bütün məsələlər gündəmdə olacaq. Həm Türkiyənin, həm Azərbaycanın maraqlarına xidmət edəcək.
– Türkiyə də, Azərbaycan da terrordan əziyyət çəkir. Bəzən yazılan informasiyalar dünya mediasına çıxa bilmir. Bu platforma informasiyaların ötürülməsinə hansısa formada təsir edə bilər?
– Əvvala, bu, əlavə bir media resursudur və onun beynəlxalq aspektləri var. Yəni bu, ən aşağısı regional media qurumu kimi diqqəti cəlb edəcək. Ümid edirəm ki, gələcəkdə bu platformaya Özbəkistanın, Türkmənistanın, Qazaxıstanın qoşulma ehtimalı gerçəkləşəcək. Bu platformanın yaydığı informasiyalara beynəlxalq agentliklərin istinad etmə ehtimalı da böyükdür. Bu o deməkdir ki, həm də bizim beynəlxaq mediaya çıxış imkanlarımızda yeni bir həlqə yaranır. Bu, nəyisə təbliğ etmək uğrunda yox, sadəcə olaraq baş verən hadisələri Türkiyə vasitəsi ilə dünya mediasına çatdırmaq baxımından çox ciddi bir addımdır.
Türkiyə mediası beynəlxalq media ilə çox sıx əməkdaşlıq edir və jurnalistləri dünyanın demək olar ki, hər yerində çalışır. Bunların hamısı mahiyyət etibarilə Azərbaycan üçün bir nümunə ola bilər.
– Bu platforma əsasən hansı KİV vasitələri üzərindən yayımlana bilər?
– İndiki halda platformanın yolunu informasiya agentliyi formasında görürəm. Məlumatların bir yerə toplanması, daha sonra tədricən bu platformanın radiosu, birgə saytı, gələcəkdə isə televiziya pilləsinə qədər qalxması mümkündür. Ona görə də ilkin mənbə yeni bir informasiya hovuzunun yaradılmasıdır. Bu da informasiya agentliyi şəklində mümkündür və bu formada da davam etdirəcəklər. Qəzet indiki halda bu platformada rol oynamır. Amma birgə informasiya agentliyinin, televiziya və radio şəbəkəsinin yaradılması məqəsədəuyğun və ağlabatandır.
araz.az xəbər portalı.