Təxminən eyni vaxtda iki xəbər oxudum: Həcc ziyarətinin qiyməti və 9 yaşlı Yusifin ölümü. Elə bu yerdə argentinalı futbol ulduzu Dieqo Maradonanın Roma Papası haqda fikri yada düşür. O, müsahibələrinin birində deyirdi:“Bəli, Roma Papasına qarşı çıxdım. Vatikana gəlib qızıldan damları gördüm. Sonra isə eşitdim ki, Roma Papası aclıq çəkən uşaqlara görə narahatdı. Lənət şeytana, qızıldan damı sat, uşaqları xilas elə — dedim”.
Yusif Bəşirzadə xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. Dəfələrlə müalicə olunmuşdu. Əməliyyata ehtiyacı vardı. Zaman itirmək olmazdı, ailənin isə əməliyyat üçün tələb olunan vəsaiti yox idi. Azərbaycanda səhiyyə sözdə pulsuzdu, belə xəstəliyin müalicəsi çox böyük pullar hesabına başa gəlir. Yusifin əməliyyatına 30 min manat lazım idi. Yaxınları sosial şəbəkələrdə elan vermişdilər, amma qısa müddətdə həmin vəsaiti toplamaq mümkün olmadı. Uşağa nə dövlət sahib çıxdı, nə də valideynlərinin onu xilas eləməyə gücü çatdı. Yusif gözlərini əbədi yumdu…
Həcc ziyarətinin qiymətləri açıqlanıb. Zəvvarlar müqəddəs yeri ziyarət eləyib, şeytana daş atmaq üçün 4150 dollarından keçməlidi. Yetərincə böyük rəqəmdi. Bu il Azərbaycana 1200 nəfərlik kvota ayrılıb. Yusifin həyatda qalması üçün isə cəmi 4-5 zəvvarın səfər xərci kifayət idi…
İnsanların inancı ilə işimiz yox. Bilirəm, Həcc ziyarəti İslamda imkanı çatan üçün vacib buyurulan şərtlərdəndi. Amma din demir ki, qohum-qonşunun həmin səfər xərcinə əlahiddə ehtiyacı olduğu halda bunu görməzdən gəlib yola çıxasan. Burada ürəyinə daş bağlayıb şeytanı daşlamağın nə məntiqi ola bilər axı?
Əlbəttə, bu ölkədə Yusif kimi müalicəyə ehtiyacı olan uşaqların sayı minlərlədi. Onların hamısını xilas eləyə bilmərik. Bu birbaşa hökumətdən asılı məsələdi. Amma hökumət öz işini görməyəndə vətəndaşların bir-birinin mərhəmətinə sığınmaqdan başqa çarəsi qalmır.
Din təkcə Həcc ziyarətini vacib buyurmayıb. Din həm də onu deyir ki, zülm qarşısında susma, məzlumun ahına qulaqlarını tıxama. Keçmiş deputat Qalib Salahzadə 27 dəfə Həcc ziyarətində olduğunu deyir. Təsəvvür eləyirsiniz? Deputat olduğu illər ərzində bir dəfə ağzını açıb səfalət içində boğulan adamların dərdini dilə gətirməyib. Biz hələ mərhəmətdən danışmırıq. Guya Salahzadə bilmirdi ki, bu ölkədə nə qədər insan pulsuzluqdan xəstəlik qarşısında diz çökür, yoxsulluq üzündən intihar eləyir?
Hacı Qalib parlamentdə çıxış eləyirdi. Amma adamların boynuna kəndir keçirən məsələlərdən danışmırdı. Əksinə, bunları dilə gətirənlərə qarğış eləyirdi:“İnkişafı görməyənləri Allaha tapşırıram, onlar Allahın bəlasına gələcəklər. Anlaya bilmirəm, baş verənləri görməməkmi olar?! Danmaqmı olar?! Allah sizin bəlanızı versin!”
Hacı Qalib Qafqazın şeyxi Allahşükür Paşazadənin qudasıdı. Maradonanın Roma Papasına dedikləri aşağı-yuxarı elə Qafqazın “Roma Papasına” da aiddi. Şeyx də xeyli zəngindi. Qızıldan damları olmasa da, Bakıda özəl klinikası, Çexiyada mülkləri, böyük biznesi var. Söz-söhbət deyil, ortaya konkret sənədlər, sübutlar qoyulub.
Maradona Roma Papası deyildi. Nə dini rütbəsi olub, nə də səlahiyyətləri. Amma onun yaxşılıq eləmək kimi bir missiyası vardı. Öhdəlik deyildi, insanlıq məsələsiydi…
Dieqo 1984-cü ilin qışında FİFA-ya və formasını geyinməyə başladığı “Napoli”yə xeyriyyə matçı üçün ağız açanda yeganə məqsədi klubun keçmiş futbolçusu, yoxsulluğun əldən saldığı Pyetro Puzoneyə oğlunu ağır xəstəlikdən xilas eləməyə kömək idi. Dieqoya rədd cavabı verdilər…
Maradona çox sarsılmışdı. Amma dünyanın gəlib-getmiş ən böyük futbolçularından biri xəstə uşağa biganə qalmaq fikrində deyildi. Qərar verdi: Neapol yaxınlığındakı kiçik Açerra şəhərinin qəsəbə stadionunda meydana çıxacaq. Əsas odu, xeyriyyə məqsədilə keçirilən oyunda müalicə üçün vəsait yığılsın.
1985-ci ilin yanvarında Maradona 4 min nəfər qəsəbə sakininin qarşısında həvəskarlar üçün nəzərdə tutulmuş torpaq meydançada palçıq içində oynamağa razılıq verdi. Açerralıların sevinci yerə-göyə sığmırdı. Maradonanın topa hər toxunuşu azarkeşləri riqqətə gətirirdi. Evlərin eyvanlarından “Dieqo, Dieqo” sədaları eşidilirdi. Maradona meydanda can qoyurdu. O, palçıqlı üz-gözünü əlinin arxasıyla silir, yenidən döyüşə atılırdı. Oyunun sonlarında vurduğu gözəl qolu görməyə dəyərdi. Azarkeşlər çılğına dönür, meydana yüyürürlər. Hamı xoşbəxtdi. Maradona da. Puzonenin oğlu köməksiz qalmadı…
Maradona palçıqdan üzüağ çıxdı…
Ayna.az
araz.az xəbər portalı.