bandicam 2020 09 09 20 42 09 397İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ölkə Prezidentinə müraciət edərək əfv diləyib. Əslində, analoji addım məhkəmə qərarından sonra atılmalıydı. Yoldaş Hacıyev məhkəmənin onu məhkum edəcəyini hardan bilir? Əgər özünə arxayınsansa, niyə hakim qarşısına çıxıb, günahsız olduğunu sübut etmirsən?

İstər Vilyam Hacıyev, istərsə də hazırda DTX-nın təcridxanasında saxlanılan sabiq icra başçılarının dillərinin əzbəri olan bir söz var: “Biz dövlətə və Prezidentə sadiq olmuşuq”.

Bunu soruşmağı özümə borc bilirəm: dövlətə və Prezidentə sadiq olub nə etmisiniz? Sizin sadiqlik anlayışınız nədən ibarətdir?

Məhbəsə düşəndən sonra göz yaşı axıdan, hər fürsətdə sadiq olduğunu dilə gətirən bu adamların heç biri qanunsuz balıq ovuna görə saxlanılmayıb. Ortada ciddi ittiham var. Bu şəxslər külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər. 

İndi DTX-nın zindanında uşaq kimi zarıyan keçmiş məmurlar dövlət əmlakına öz dədələrinin əmlakı kimi qəsd ediblər. Onlar 40 dərəcə istidə parkda alaq yolan qocanın maaş kartını seyflərində gizlədiblər. Onlar kütbeyin, fərsiz qohumlarını icra hakimiyyətlərində, bələdiyyələrdə vəzifə sahibi ediblər. Onlar kəndlinin dədə-babasına məxsus olan torpağı qanı bahasına kasıb camaata satıblar. Bu adamların üzündən camaat ölüsünə vay, dirisinə toy edə bilməyib. Bu adamların tamahı üzündən insanlar qohum-qardaşdan borc pul götürüb, ölüsünə qəbir yeri alıblar. Ay əclaf, camaat ölüsünü ağacdan asmalıdı? Beş min manata qəbir yeri olar? Əlimdə imkan olsaydı, sizin özünüzü bir neçə saatlıq həmin qəbirlərə dürtərdim…

Karantindən əvvəl yolum tez-tez rayonlara düşürdü. Qarşılaşdığım kəndlilərin ən azı yarısının ayağında qaloş olurdu. Kənd mağazalarında nisyə dəftərlər üst-üstə qalaqlanırdı. Bu gün də heç nə dəyişməyib. İnsanlar hələ də qəndi, çayı, düyünü, yağı nisyə alırlar. Hər dəfə səbəbini soruşur, insanların niyə bu qədər kasıb yaşadığının sirrini çözməyə çalışırdım. Bir dəfə belə dedilər: “Bizim rayonda cəmi 4-5 min hektar suvarılan torpaq var. Onu da başçı qamarlayıb, yarısında taxıl, yarısında çuğundur əkib. Biz də dəmyə torpaqları əkməli oluruq. Buna görə də məhsuldarlıq aşağı olur, çox vaxt xərcimiz borcumuzu ödəmir”.

Budurmu dövlətə sədaqət? Prezident sizə deyir ki, rayonun torpaqlarını qamarlayıb çuğundur əkin? Bu rəzalətdən sonra prezidentdən əfv diləməyə necə üzünüz gəlir? Sizin üçün ən yaxşı yer elə qazamatdır. Orda qalın ki, camaat pis üzünüzü görməsin. Siz nə qədər gün üzünə həsrət qalsanız, bizim üzümüz o qədər güləcək…

Seymur VERDİZADƏ

araz.az xəbər portalı.