saakasviliTsulukiani: “O, həbsxananın daxilində heç bir narahatlıq yaşamayacaq”

Gürcüstan Ədliyyə naziri Teya Tsulukiani sabiq Prezident Mixail Saakaşvilinin vətəninə qayıdacağı təqdirdə həbsxanada ən yaxşı yeməyi yeyəcəyini deyib. Turkustan.info-nun xəbərinə görə, “Rustavi 2” telekanalında nazir deyib ki, Gürcüstan həbsxanalarında dondurulmuş ət bişirmək qadağan edilib: “Məhkumları təzə ət və mövsümi meyvələrlə bəsləyirik. Saakaşvilini də bəsləyəcəyik”.

Nazir qeyd edib ki, Saakaşvili Gürcüstana qayıtsa, sərhəddə saxlanılacaq və birbaşa həbsxanaya aparılacaq.

“O, həbsxananın daxilində heç bir narahatlıq yaşamayacaq”, – deyə Tsulukiani vurğulayıb.

Qeyd edək ki, Saakaşvili ikinci vətəni adlandırdığı Ukraynadan Gürcüstana dönəcəyini açıqlayıb. Prezidentliyi dövründə etdiyi səhvlərə görə gürcülərdən üzr istəyən sabiq Prezident ölkəsinə xidmət etmək üçün təcrübə qazandığına əmin olduğunu söyləyib. Gürcüstan hakimiyyəti isə onun üzərində cinayət işinin olduğunu, Gürcüstana dönərsə dərhal həbsə atılacağını açıqlayıb.

Xatırladaq ki, Saakaşvili 2004-cü ildə “Məxməri inqilab” yolu ilə hakimiyyətə gəlib. O, 2008-ci ildə yenidən Gürcüstan Prezidenti seçilib. 2013-cü il parlament seçkilərində məğlub olandan sonra Gürcüstanı tərk edib. Hazırda Saakaşvili ölkəsində bir sıra cinayətlərdə ittiham olunur. 

 

 

 

 

araz.az

araz.az xəbər portalı.