“Təyyarələri dövlət alır, bəs gəliri haradadır?” – Prezident İlham Əliyev bir ay qabaq, dəqiq tarix desək, avqustun 6-da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətini tənqid edərkən bu adi və ritorik sualla çıxış etmişdi.
Dövlət başçısı hesab tələb edirdi ki, AZAL prezidenti Cahangir Əsgərov pulları necə qəhətə çıxarıb və dövlətə dəyən zərəri kim ödəyəcək…
Anaxeber.info xəbər verir ki, bu bəyanat quru sözdən ibarət olmayacaq və AZAL-ın dövləti borclandırmasına, monopolist fəaliyyətinə, qiymət siyasətinə qarşı qabaqlayıcı praktik addımlar atılacaq.
İllərdir ki, parlamentin deputatları da hökumətə və siyasi rəhbərliyə səslənərək AZAL-ın inhisarçı fəaliyyətinə, soyğunçuluğuna son qoymağa çağırırdılar.
Bu gün qonşu Türkiyə, Rusiya, İran, Gürcüstan, o cümlədən Ukrayna və Avropa dövlətlərinin aviaşirkətlərində qiymətlər vətəndaşlar üçün kifayət qədər əlçatandır.
Elə bu səbəbdəndir ki, əksər azərbaycanlılar Avropaya Gürcüstan üzərindən uçurlar. Çünki AZAL-la Münhenə uçmaqla, Kutaisidən bu şəhərə getməyin qiymətində 90 faiz fərq var.
Ona görə də prezidentin açıqlaması göstərdi ki, QSC-nin dövlətə və xalqa vurduğu ziyan bədəlsiz qalmayacaq. Amma AZAL tənqidlərdən hələ ki heç bir nəticə çıxarmır, insanları hakimiyyətdən narazı salmaq üçün öz ampluasında işini davam etdirir.
İndi də pandemiya dövründə ləğv olunan aviabiletlərin pullarını qaytarmamaqla yüzlərlə vətəndaşı hökumətin üstünə qaldırır.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, pandemiyadan əvvəl bilet alan vətəndaşların vəsaitləri geri qaytarılmır.
AZAL təklif edir ki, vauçer variantından istifadə etsinlər (yəni sərhədlər açılanda istədiyi tarixə uçsun. Bir sözlə, pulu qaytarmaq yoxdur.
Halbuki, vətəndaş pulunu tələb etməkdə haqlıdır və şirkət qaytarmalıdır. Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır.
Amma odioz fiqur kimi tanınan, sərvəti milyonları aşan, Azərbaycan dilində danışmağı özünə ayıb bilən, insanlara yuxarıdan aşağı baxan bir məmurun – Cahangir Əsgərovun istehlakçı hüququ çox elə vecinədir…
Pandemiya dövründə vətəndaşların üzləşdiyi çətinlikləri, iqtisadi sıxıntıları nəzərə almayan AZAL-ın pulları heç bir formada qaytarmayacağını açıqlamasına dərəbəylikdən başqa bir ad vermək olmur.
Bu, istər daxili qanunlara, istərsə beynəlxalq normativlərə ziddir, insan haqlarına tüpürməkdir.
Amma C.Əsgərovu və AZAL-ı insanların narazılığı, hakimiyyətlə əhali arasında gərginliyin artması qətiyyən maraqlandırmır.
Hərçənd ki, vətəndaşın vauçerdən imtina etmək hüququ var və uzun müddət hansısa şəhərə uçmaq planını təxirə sala bilər.
Amma AZAL vətəndaşla iqtidarı üzbəüz qoyaraq öz kommersiya maraqlarını üstün tutur.
Odur ki, sosial şəbəkə seqmentində yüzlərlə vətəndaşın şikayətlərini, etirazlarını görmək olar. Onların arasında pandemiyadan öncə yay mövsümündə Türkiyə və digər turistik ölkələrə istirahət planı quran vətəndaşlar var.
Bu şəxslər turizm firmalarından paket alıblar, ödənişlər ediblər və gözlənilmədən COVİD19 pandemiyası başlayıb, sərhədlər bağlanıb, uçuşlar ləğv olunub, di gəl ödədikləri vəsaitləri aylardır geri ala bilmirlər.
Bu yerdə İ.Əliyevin söylədiklərini xatırlamaq lazımdır. Ölkə başçısı qeyd edir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib.
Prezident sual edir: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir.
Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”
Əgər doğurdan da təyyarələr, aeroportlar dövlətin maliyyəsinə alınıbsa, tikilibsə, QSC heç bir zərərlə qarşılaşmayıbsa, hansı əsasla pandemiyaya görə ləğv edilmiş uçuşların pulunu vətəndaşlara qaytarmır?
Bəlkə onu da QSC-nin yerinə hökumət ödəsin?! Bu pullar hara gedib ki, vətəndaşın ödədiyi məbləğ qaytarılmır? Pandemiya vaxtı AZAL hansı zərərlə üzləşib ki, alınan biletlərin pulunu vermir?
Təbii ki, bu sualların çox sadə cavabı var – Cahangir Əsgərovun, onun xanımının, ailə biznesinin mənfəətinə…
Prezidentin AZAL haqda məlum tənqidi çıxışından cəmi bir gün sonra – avqustun 7-də C.Əsgərovun dövlətdən yağmaladığı milyonların hesabına qurduğu sərvətin siyahısı açıqlandı.
Həmin siyahını, gözdeşən biznes imperiyasını, xalqdan oğurlanan, dövlətdən talanan milyonların sayəsində əldə olunan obyektlərin ünvanlarını təkrar təqdim etməzdən öncə vurğulayaq və aydın olsun ki, AZAL niyə vətəndaşların pulunu qaytarmır, hara gedib…
İndisə əlavə şərh vermədən C.Əsgərovun biznes imperiyasına daxil olan şəbəkənin tam olmayan siyahısını təqdim edirik:
– Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
– Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
– Tiflisdə bahalı “Veranda” restoranı;
– Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
– Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
– İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
– “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
– Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
– SOROKA LIMITED (Londonda);
– Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
– Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
– Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
– Londonda “C3 – CIII LIMITED” şirkəti
– Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
– Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
– Azərbaycanda “GAZELLİ GROUP”
– İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti;
– İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
– Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
– ASC HANDLING LIMITED (Londonda);
– AS582 LIMITED (Londonda);
– Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
– ICLEVERWEB LTD (Londonda);
– SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
– Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
– SW ITALIA.
Siyahı ilə tanış oldunuz və onu da bilin – Cahangir Əsgərov 24 ildir ki, AZAL-ın prezidentidir. Onun, ailə üzvlərinin biznes kəhkəşanları isə yuxarıdakı siyahı ilə yekunlaşmır. Bu haqda növbəti yazımızda…
AnaXeber.info
Turan
araz.az xəbər portalı.