230546“Torpağı işğal altında qalan Azərbaycanın əvvəl-axır müttəfiqi olmalıdır…”
“Amma bütövlükdə Türkiyə bizim əvəzimizə gəlib Qarabağ məsələsini həll etməməlidir…”
İyul ayında Tovuz cəhbəsində vətənpərvər general, polkovnik və digər hərbçilərimizin şəhidliyi ilə nəticələnmiş gərgin döyüşlərdən sonra Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi məsələsi yenidən aktuallaşdı və artıq bir neçə aydır ki, bu, ölkə gündəmindən düşmür…
Müstəqilliyimizin ilk aylarından bəri milli azadlıq hərəkatının fəalı və 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü kimi   Türkiyənin Qarabağ savaşında ölkəmizə yardım məsələlərini təşkil edənlərdən biri kimi fəaliyyət göstərmiş, eləcə də dövlət müstəqilliyimizin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Azərbaycan Milli İstiqlal Partiyasının lideri  Etibar Məmmədov Moderator.az-a açıqlamasında diqqətəlayiq fikirlər səsləndirib.
“Türkiyə bazalarının Azərbaycanda qurulması məsələsi, ilk baxışdan göründüyü kimi, elə də bəsit, sadə iş deyil. Yəni  birdən-birə baza məsələsini ön plana çəkmək əsas problemdən diqqəti yayındırır. Hazırda  Türkiyə ilə bizim aramızda əsas məsələ hərbi müttəfiqlikdir. Öncə hərbi müttəfiqlik haqda, qarşılıqlı hərbi yardım haqqında  saziş imzalanmalıdır. Və Türkiyə Azərbaycanın real, faktiki hərbi müttəfiqinə çevrilməlidir. Bundan sonra isə baza ikinci dərəcəli məsələdir. Yəni bəhs edilən müqavilə bağlanandan sonra Türkiyənin ölkəmizdə hərbi bazaları ola da bilər, olmaya da bilər. Əsas Azərbaycanın hərbi müttəfiqi olmalıdır ki,  ona ölkəmizə hər hansı digər tərəfin hücumu zamanı rəsmi şəkildə bizi müdafiə etmək hüququ verilsin. Və Türkiyənin misalında belə hüquq qazanan ölkə Azərbaycanın müdafiəsini, yaxud ərazi bütövlüyünü təmin etmək üçün burada hərbi  bazalar da yerləşdirə bilər. Bu, təlim bazaları da ola bilər, dəstək bazaları da ola bilər. Yəni müxtəlif statusda… Ancaq birinci dərəcəli məsələ, təkrar edirəm, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik haqda sazişin imzalanmasıdır…  O da hələlik ləngiyir…
“Sizcə, həmin sazişin imzalanmasına səbəb,  qarşısındakı əsas maneə nədir? Rusiya amilidir, yoxsa?..” sualını isə istiqlalçı deputat belə cavablandırıb:
“Bilirsiz ki,  Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Ona görə də hərbi ittifaqlardan kənar qalmaq siyasəti aparır indiyədək… Halbuki, Rusiya da Azərbaycanı özünün iştirak etdiyi hərbi ittifaqlara cəlb etmək istəyir… Eyni zamanda Qərb – Avropa və ABŞ da ölkəmizin NATO ilə fəal əməkdaşlığına çalışır. Azərbaycan isə neytral mövqedə qalaraq Qoşulmama hərəkatının üzvü olmaqla özünü müdafiə etməyə cəhd göstərir… Ancaq bu, fikrimcə, kifayət deyil,  torpağı işğal altında qalan Azərbaycanın əvvəl-axır müttəfiqi olmalıdır… Və həmin müttəfiq də Türkiyə ola bilər. Yəni hər hansı bir hərbi ittifaq, blok yaranmadan Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli müqavilə ilə belə hərbi müttəfiqlik yaradılması mümkündür… Amma bütövlükdə Türkiyə bizim əvəzimizə gəlib Qarabağ məsələsini həll etməməlidir… Qardaş kimi də, dost kimi də, təbii ki, Türkiyənin dövlət olaraq hərbi,  iqtisadi gücünə arxalanmalıyıq… Yəni arxamız olaraq Türkiyə bu prosesdə iştirak etməlidir. Ancaq bu, öncə bizim məsələmizdir. Biz bu məsələni mütləq həll etməyə çalışmalıyıq və  qardaşımız,  dostumuz, müttəfiqimiz olan Türkiyə də həmişə bizə əlindən gələn köməyi edəcəyini bildirib…”-deyə AMİP lideri vurğulayıb.
Sultan Laçın

araz.az xəbər portalı.