kode23Millət vəkili Əziz Ələkbərli Azərbaycanda baş verən son siyasi proseslərlə bağlı “Azsiyaset.com”-a müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

“Mən o fikirdə deyiləm ki, hakimiyyət köhnə komandadan təmizlənib”

– Əziz müəllim, ölkədə nə vaş verir? Sizcə, hər şey normaldır?

– Maraqlı sualdır. Ola bilər ki, ölkədə gedən proseslər kimin üçünsə normal olmasın və ya kimsə bu prosesləri qeyri-normal kimi təqdim etməkdə maraqlı olsun. Amma ortada bir fakt var: 2018-ci il prezident seçkilərindən sonra ölkədə aparılan kadr və struktur islahatları daha da sürətlənib və yeni vüsət, dönməz xarakter alıb. Cənab prezident öz siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Dövlətinə və xalqına xidmət etməyənlər və ya xidmət edə bilməyənlər, yeni idarəetmə metodları ilə işləyə bilməyənlər, rüşvətə, korrupsiyaya bulaşanlar idarəetmədən uzaqlaşdırılır və yerlərinə yeni kadrlar təyin olunur. Bunun nəyi pisdir ki?! Biz, bölgələrdən deputat seçilənlər yerlərdə əhali arasında çox oluruq, insanlar ölkə rəhbərini və onun apardığı islahatları birmənalı şəkildə dəstəkləyir. Rüşvətxor, korrupsioner məmurların işdən uzaqlaşdırılmasını xalq az qala bayram kimi qeyd edir, hətta bununla razılaşmır, belə məmurların həbsini tələb edirlər. Hamımız bunun şahidiyik. O başqa məsələ ki, illərlə xalqın və dövlətin qanını soranlar, xalqına və dövlətinə xəyanət edib digər ölkələrə nökərçilik edənlər bütün vasitələrlə aranı qarışdırmağa, diqqəti yayaındırmağa, özlərini və haram yolla yığdıqları sərvətlərini qorumağa çalışacaqlar və bunun üçün də bütün çirkin metodlara əl atırlar. Amma bunların heç bir faydası yoxdur, çünki bataqlıqdakı insan çabaladıqca batacaq.

“YAP-ın rayon təşkilatlarında islahatlara ehtiyac var”

– İlk baxışdan belə görünür ki, hakimiyyət köhnə komandadan tamamilə təmizlənib, ən strateji postları tutan, “köhnə qvardiya”nın əsas fiqurları hesab olunan şəxslər vəzifədən kənarlaşdırılıblar. Sizcə, bu proses yekunlaşıbmı, yoxsa “köhnə qvardiya”nın üzvlərindən vəzifədə qalan şəxslər hələ də var?

– Mən o fikirdə deyiləm ki, hakimiyyət köhnə komandadan təmizlənib. Hələ də kifayət qədər öz işinin öhdəsindən gələ bilməyən, dövlətinə və xalqına səmimi şəkildə xidmət etməyi bacarmayan, bir əli dövlətin cibində, bir gözü vətəndaşın əlində olan məmurlar var, belələri vaxtında kənara çəkilməlidirlər. Əks-təqdirdə zaman onları kürüyüb zibilliyə atacaqdır.

– Sizə elə gəlmirmi ki, bütün sahələrdə olduğu kimi hakim Yeni Azərbaycan Partiyasında da ciddi islahatlar aparılmalıdır?

– Təbii ki, bütün sahələrdə olduğu kimi, Yeni Azərbaycan Partiyasında da ciddi islahatlar aparılacaqdır. Yeni Azərbaycan Partiyası həmişə islahatların önündə gedib və heç şübhəsiz, indi də digər siyasi partiyalara və bütövlükdə cəmiyyətə nümunə olacağına şübhə etmirəm. Xüsusilə, partiyamızın rayon strukturlarında buna ehtiyac var.

“Məgər Ramiz Mehdiyev köhnə nomenklaturanın başında durduğunu, ölkədəki islahatlara “tormoz” vurduğunu bilmir?”

– Milli Məclisin buraxılacağı ilə bağlı fikirlər səsləndirilir. Siz necə fikirləşirsiniz?

– Məncə, buna qətiyyən ehtiyac yoxdur, çünki əvvəlki çağırış Milli Məclisin buraxılması, Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi məhz ölkədə aparılan islahatların tərkib hissəsi olaraq baş verdi və Milli Məclisə onlarla yeni deputatlar seçildi. Hazırda Milli Məclisdə çox peşəkar bir heyət – ziyalılar, mütəxəssislər, siyasətçilər ordusu təmsil olunur.

– Ramiz Mehdiyevlə bağlı baş verən hadisələrdən siz də xəbərdarsınız. İndiki məqamda o, nə etməlidir? R.Mehdiyevin yazdıqlarını müqavimət adlandıraq, yoxsa nə?

– Mən məsələyə öz münasibətimi bildirmişəm və uzun illər dövlət idarəçilik sistemində yüksək postlarda çalışan 82 yaşlı Ramiz Mehdiyev kimi birisinin vəzifədən getdikdən və ona AMEA kimi mötəbər bir qurumun rəhbəri kimi ali bir məqam etibar edildikdən sonra da siyasi proseslərə qoşulmasını böyük qəbahət və nöqsan hesab edirəm. Məgər o, köhnə nomenklaturanın başında durduğunu, ölkədəki islahatlara “tormoz” vurduğunu, ictimai rəydə nüfuzunun sıfır səviyyəsində olduğunu bilmir? Bilmirsə, o zaman onun indiyəqədərki idarəetmədə ölkəmizə vurduğu ziyanın həcmini də təsəvvür eləmək elə də çətin deyil. 

– Yazıçı Aysel Əlizadə sosial şəbəkələr vasitəsilə Prezident İlham Əliyevi istefaya çağırdı, dövlət başçısının ünvanına sərt ifadələr işlətdi. Bu tip çıxışlar ölkəmizdə azad sözün göstəricisidir, yoxsa nə? Buna sizin münasibətiniz? 

– Bu gün Azərbaycanın bir nömrəli problemi işğal altındakı torpaqlarımızın azad edilməsidir. Bunun da bir yolu var: dövlətin və xalqın birliyi, bütün ölkənin dövlət başçısının ətrafında sıx birləşməsi. 

araz.az

araz.az xəbər portalı.