названия 39“Bizim vaxtımızda 1 ildə aparılan islahatlar ilə son 27 ildə aparılan islahatları qoyun tərəziyə…”

2020-ci il tədris ilinə bir həftə qalır. Hamını builki tədris prosesi ilə bağlı bir sıra suallar maraqlandırır: tədrisin səviyyəsi necə olacaq, pandemiya səbəbi ilə dövriyyəyə girən onlayn təhsil sistemi nə qədər effektiv olacaq və s. Odur ki, bu barədə Əbülfəz Elçibəy hökumətinin təhsil naziri Firudin Cəlilovla söhbətləşib, onun fikir və təklifləri ilə tanış olmağa çalışdıq.

– Firudin bəy, pandemiya səbəbindən Azərbaycan təhsil naziri qərar verdi ki, builki tədris prosesi mərhələli şəkildə olacaq, ibtidai siniflər sentyabrın 15-dən, yuxarı siniflər oktyabrın 1-dən, 10-11-ci siniflər isə oktyabrın 15-dən dərsə başlayacaq. Həmin tarixədək böyük siniflərin onlayn formatda prosesə qoşulmasına üstünlük veriləcək. Siz vəziyyətdən çıxış yolunu necə görürsünüz?

– Təhsil sistemi mürəkkəb bir sistemdir. Ona kənardan təsir olanda, laxlamağa başlayır. Pandemiya da təhsil sistemində olan qüsurları daha da üzə çıxartdı. Təhsil müəyyən zamanla ayaqlaşmalıdır. Yəni tədris prosesi müəyyən aylara, günlərə, saatlara bölünür. Pandemiya bunu çox sıxışdırdı və zaman etibarilə təhsil proqramları axsamağa, geriləməyə başladı. Bu, obyektiv səbəbdir. Sistemin özündən gəlməyən, xaricdən gələn təpki ilə bu vəziyyət yaranıb. Bu ağır, çətin bir vəziyyətdə təhsilin çox geri düşməməsi üçün müəyyən addımlar atılmalıdır. Təhsil Nazirliyi də bunu etməyə çalışır. Vəziyyətdən çıxış yolları axtarırlar. İndi uyğun gördükləri yol budur ki, əvvəllər təhsil birbaşa auditoriyada aparılırdısa, indi bu imkanlar azalıb. Buna görə çıxış yolunu iki yerə bölürlər ki, həm birbaşa, həm distant təhsil olsun. İndiki halda vəziyyətdən çıxış yolu budur. Onu necə təşkil edəcəklər, artıq bu nazirliyin strukturunda olan adamların qabiliyyətindən, yerli təhsil şöbələrindən asılıdır. Təkcə təhsili sisteminin işçilərindən yox, valideyinlərdən, hakimiyyətin digər qurumlarından da asılıdır. Bu elə böyük bir sistemdir ki, onu bir nazirliyin üzərinə yıxmaq olmaz. Bu, ümummilli bir məsələdir. Ona görə hamı kömək etməlidir ki, uşaqlarımız təhsildən geri qalmasınlar.

– Ümumiyyətlə, onlayn təhsil sistemi birbaşa təhsil sistemi ilə müqayisədə nə qədər effektiv ola bilər?

– Onlayn system texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə özünü doğruldur. Amma bizdə texnoloji inkişaf o səviyyədə deyil axı. Ucqar kəndlərdə internet yoxdur, bəzi kasıb ailələrdə kompyuter yoxdur. Ancaq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan kimi böyük şəhərlərdə, rayon mərkəzlərində onlayn system 80% özünü doğrulda bilir. Bu mənada birbaşa fiziki təhsillə paralel, onlayn sistemdən də istifadə etmək məcburiyyətindəyik.

– Necə düşünürsünüz, onlayn təhsil pandemiya şəraiti ortadan qalxandan sonra ləğv olunacaq, ya pandemiya bitəndən sonra da bu sistem davam edəcək? Yəni təhsil tamamilə onlayn sistemə keçə bilər?

– Bütövlükdə, təbii ki, ləğv olunmayacaq. Çünki pandemiyadan əvvəl də onlayn sistem var idi. Evində oturursan, İngiltərədəki universitetin tələbəsi kimi onlayn proqramları mənimsəyirsən, imtahanları verirsən. Bu sistem əvvəl də var idi, pandemiyadan sonra da olacaq.

– Bəs məktəblərdə?

– Total şəkildə işlənməyəcək.

– Firudin bəy, ümumiyyətlə, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar sizi qane edirmi?

– Mənim o suala cavab verməyim düzgün olmaz. Bizim vaxtımızda 1 ildə aparılan islahatlar ilə son 27 ildə aparılan islahatları qoyun tərəziyə…

– Elə o islahatların müəllifi olduğunuz üçün sizdən soruşuram.

– Bunu ziyalılar müqayisə etməlidir. O bir ildə müəllimlərin maaşı üç dəfə artırıldı. Müəllim ailələrinə imtiyazlar verildi. Müəllimlər kommunal xərclərdən azad olundu. Onların tədris yükü yarıbayarı azaldıldı. Siniflərdə şagirdlərin sayı minimum həddə endirildi. Çox mükəmməl təhsil qanunu hazırlanıb, parlamentdə qəbul olundu. Test imtahanları tətbiq olundu. Bir ildə səksən ədəd yeni dərslik yazıldı. İndi baxın, son 30 ildə səksən yox, heç onun yarısı qədər də dərslik yazılmayıb.

– İndi dərsliklərin səviyyəsi də fəlakətli həddədir.

– O fikirlə razılaşıram, təəssüf ki, elədir.

– Bəs abituriyentlərin repetitorların xidmətindən istifadə etməsinə münasibətiniz necədir? Uşaq biliyi repetitordan alırsa, məktəb nəyə lazımdır?

– Repetitor məsələsi dünən yaranmayıb. Bu məsələ bir-iki əsrdir ki, var. İmkanı olan valideyinlər uşaqlarına müəllim tuturlar ki, uşaqlarını hazırlaşdırsınlar. Hətta imkansız valideyinlər də buna çalışırlar. Repetitorluğu gündəmdən çıxarmaq mümkün deyil.

– Bilirik təhsil ocaqları nəinki təhsil, həmçinin təlim-tərbiyə ocaqlarıdır. Son vaxtlar orta məktəblərdə baş verən neqativ hallar nədən qaynaqlanır? Müəllim artıq əxlaqi-mənəvi dəyərləri aşılaya bilmirmi?

– Müəllim tayfası çox pozulub. Əvvəllər ən gözəl, nümunəvi sənət müəllimlik idi. Müəllimlər bilik, həm də tərbiyə verdiyi üçün onlara hörmət var idi. Nəslin yetişməsində çox böyük rol oynayırdı. Amma indi paltarının altında seçki bülleteni gizlədib, aparıb qutulara salan müəllim şagirdə hansı tərbiyəni verəcək? İkincisi, orta məktəblərdə pedaqoqların gəldiyi nəticədir ki, kişi müəllimləri çox olmalıdır. Çünki təlim-tərbiyədə onların rolu qadınlardan daha çoxdur. Amma bizdə əksinədir. Gedin məktəblərə baxın. İyirimi qadın müəllimə varsa, bir kişi müəllimi ilə qarşılaşacaqsız. Bu da sistemin gətiridiyi nöqsanlardandır. Bundan başqa, direktor seçkisi yuxarıdan olmamalıdır. Məktəb özü valideyinlərin, yuxarı sinif şagirdlərinin, müəllimlərin iştirakı ilə keçirilən toplantıda məktəbə direktor seçməlidir. Direktor aparıb yuxarıda haqqını verir, sonra da pulunu çıxarmaq üçün müəllimi sıxışdırır, onlara taskı qoyur ki, ayda bu qədər gətirməlisən. Bu sistemi dəyişmək lazımdır.

– Firudin bəy, bilirik ki, hər bir millətin inkişafı onun təhsilindən asılıdır. Bu günki təhsilimiz dövləti inkişafa aparan səviyyədədir, ya yox?

– Əlbəttə yox. Biz bir şeyi bilməliyik ki, təhsil cəmiyyətin, dövlətin, ölkənin, vətənin gələcəyini təmsil edəcək kadrlar hazırlayır. Yəni hər bir fərd bu gün tələbədir, sabah işçidir. Sonra gəlib nazir, prezident ola bilər. Hakimiyyətdə məmur postları tutacaqlar. Ölkəni idarə edənlər bu günki tələbələrin içindən çıxır. Əgər biz onları tərbiyəli, namuslu yetişdirə bilsək, gələcəyimiz yaxşı olacaq. Övladlarımız, nəvələrimiz daha yaxşı-ədalətli cəmiyyətdə yaşayacaqlar. Biz bu gün hazırladığımız kadrlar gerizəkalı direktorlar və müəllimlərdən o qüsurları  mənimsəyib gedəcəksə, gələcəyimiz daha da pis olacaq və bu təlim-tərbiyə təkcə məktəblərdə yox, telekanallarda, sosial şəbəkələrdə davam edir. Mən demək olar ki, 10-15 ildir Azərbaycan dövlət telekanallarının birinə də baxmıram. Onları silmişəm. Çünki gənclərin tərbiyəsinə çox mənfi təsir edən şou-proqramlar nümayiş etdirirlər.

– Sizcə, bu təsadüfdür, yoxsa qəsdən belə istiqamət aparılır?

– Bu çox dərin məsələdir. Təbii ki, burada müəyyən siyasət var və o siyasəti yerdə icra edən “beşinci kolon” nümayəndələri var. “Beşinci kolon” deyəndə çoxu Rusiyanın agenturasını başa düşür, amma elə deyil. Azərbaycanda Rusiyanın da, İranın da, hətta Ermənistanın da “beşinci kolon”da olan üzvləri var. Bu cür işləri onların əli ilə icra etdirirlər. Yəni bu son yarım ayda mətbuatda gedən yazılara baxırsız, mətbuatı bu günə salanların kimlər olduğu açıqlanır. Biz bilmirdik bunları kim edir? Bunları edən “beşinci kolon”un üzvləri, hətta başında duranlardır. Xarici təsir və o təsiri yerlərdə icra edənlər bu işləri aparırlar. Bir müddət əvvəl FETO-çular, indi Sorosçular, sabahsı gün İrançılar… Bunlar ifşa olunmalıdır. Ayrı yol yoxdur. Bunlar ifşa olunub, gün üzünə çıxardılmayınca neqativ hallar davam edəcək.

– Dövlətin təhsilə baxışından, münasibətindən də çox şey asılıdır. Məsələn, Yaponiyada təhsilə ayrılan büdcə 70% olduğu halda bizdə son vaxtlara qədər bu 3%-idi…

– Doğrudur, mənim zamanımda büdcədən təhsilə 5% ayrılmışdı. Mən bu miqdarı savaşa-savaşa 25%-ə çatdırdım və bütün hökumət üzvləri ilə orada düşmən oldum. Ona görə də o zamankı bir illik islahatlar gerçəkləşə bildi. Elçibəy Prezident Fondundan 80 kitabın çap olunması üçün pul ayırdı. Hakimiyyət milli olduğu üçün o sahə inkişaf etdi və o bir ildə aparılan islahatları son 27 ildə aparılan islahatlarla müqayisə edin…

– Hazırda elm sahəsində də ciddi duğrunluq var, çıxış yolunu nədə görürsünüz? Hansı islahatlar aparılmalıdır ki, vəziyyət dəyişsin?

– Elm ilə təhsil bir medalın iki üzüdür. Onları bir-birindən ayırmaq düzgün deyil. Təhsil ilə elm paralel getməlidir. Mən o zaman bir proqram hazırlamışdım ki, akademiya sistemi ilə ali məktəb sistemi paralel işləsin. Deyək ki, akademiyada tanınmış uzmanlar, professorlar, laboratoriyası olanlar institutlarda dərs deyib maaş alsınlar, universitetdə-magistraturada oxuyanlar da akademiyada təcrübə keçsinlər. Diplom işini də bu təcrübələrin köməyi ilə yazsınlar. Yəni tələbə həm təhsildə öz peşəsini öyrənir həm də onun elmini öyrənir, həm də universitetlə akademiyada sıx bağ yaranır. Təəssüf ki, bizi işləməyə qoymadılar, o planlar yarımçıq qaldı.

– Sizcə, daha hansı addımlar atılmalıdır ki, ən azından məktəbdəki neqativ halların qarşısı alınsın?

– Onu bir sözlə demək  olmaz. Təhsil zəncirvari həlqələr sistemidir və o sistem uşaq bağçasından tutmuş akademiyaya qədər sahələri özündə birləşdirir. Bunun birini müalicə edib o birinə əl gəzdirməsən system düzəlməyəcək. Ona görə uşaq bağçasından tutmuş akademiyaya qədər ağıllı şəkildə islahatlar aparmaq lazımdı?

– Sizin apardığınız islahatlar paketində həyata keçirilməmiş tədbirləri təqdim etmək olmazmı hökumətə?

– Mənə nə televiziyaya çıxmağa, nə institutlarda işləməyə imkan vermirlər. Nə kitablarımı çap etməyə icazə vermirlər. 27 ildir ki, adı hallanan adamın qara siyahısındayam. Özü getsə də, onun kadrları iş başındadır. Ona görə mənim bunlara təklif verməyimin mənası yoxdur.

– Bu adamların təmizlənməsi prosesi gedir. Ümid edək ki, sizin təkliflərinizə yol açılacaq. İndi hansısa yaxşı şeylər varsa, o vaxtki bir illik islahatların nəticəsidir.

– İnşallah.

Söhbətləşdi: ÜLviyyə ŞÜKÜROVA

araz.az xəbər portalı.