1599734334 411585234Agentlik rəhbəri deyir ki, Prezident Administrasiyasının rəhbəri olmaq istəyi Əli Həsənovla Ramiz Mehdiyevin münasibətlərində gərginliklə müşayiət olunurdu

Hazırda Türkiyədə müalicə olunan Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova məxsus olduğu iddia edilən daşınmaz əmlak siyahısı yayılıb. Əvvəlcə sosial şəbəkələrdə yayılan siyahı hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, bəzi şəxslər iddia edirlər ki, həmin şübhəli siyahını Ə. Həsənovun hakim düşərgədəki əleydarları ayrı-ayrı KİV-lərə də ötürürlər.

“Turan” İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyev isə Reyting.az-a müsahibəsində deyib ki, Əli Həsənov “dövlətə xidmət” və ya “prezidentə xidmət” adı altında daha çox özünün maraqlarını təmin edib:

– Həm də təkcə təmin etmirdi, eyni zamanda inkişaf etdirirdi. Əli Həsənov dövlətçilik və s. desə də, “pərdə arxasında” tamam başqa maraqlar dururdu. Əli Həsənovun böyük siyasi iddiaları var idi. Bunu da həyata keçirirdi.

Təəssüflər olsun, neçə illər lazım gəldi ki, o, mətbuatı və vətəndaş cəmiyyətini bu günə salsın. Və sonra da gözlər açılsın və görsünlər ki, onun xidmətləri nədən ibarət olub. Odur ki, indi çox faciəvi bir vəziyyətdir. Onun vətəndaş cəmiyyətinə, Azərbaycan mediasına, dövlətçiliyə vurduğu ziyan kifayət qədər böyükdür. Onu bərpa etmək çox çətin və ağırdır.

– Yalnız media və vətəndaş cəmiyyətinə nəzarət etmək, onlara ayrılan vəsaitləri mənimsəməklə bu qədər var-dövlətə sahiblənmək mümkün ola bilərmi?

– Söhbət ondan gedir ki, bunlar ancaq mətbuat və vətəndaş cəmiyyətindən oğurlanan pullar deyil. Əli Həsənov paralel olaraq özünün biznesini yaradırdı. Tikilən evlər, beynəlxalq media mərkəzi adı altında bina qururdu. Aydındır ki, bu zaman Əli Həsənov yer pulu verməyib, ola bilsin ki, tikinti pulsuz başa gəlib və s. Yəni başqa biznesləri inkişaf etdirib, vergidən yayınıb, gömrük vergisini vaxtında verməyib.

Əli Həsənovun böyük ticarət obyektləri, eləcə də böyük ticarət münasibətləri olub. Məsələn, Almaniya və başqa Avropa ölkələri ilə. Eyni zamanda kimlərəsə himayədarlıq edərək pullar qazanıb. Yəni Əli Həsənov geniş imperiya yaradırdı. Bu imperiya daxilində media, tikinti, vətəndaş cəmiyyəti, təhsil, istehsal sahələri var idi. Onun da hesabına gəlib bu qədər əmlaka sahib olub.

– Mehman bəy, Əli Həsənovun siyasi iddiaları nədən ibarət olub?

– Onun siyasi iddiası olub. Ən azından Prezident Administrasiyasının rəhbəri olmaq istəyirdi. Ən aşağısı. Hesab edirəm ki, zamanında Ramiz Mehdiyevin onun iddiasından məlumatlı idi. Bu səbəbdən də son illər Əli Həsənovla Ramiz Mehdiyev arasındakı münasibətlərdə gərginlik özünü saxlayırdı.

– Əli Həsənovun mediada yaratdığı böyük bir nəsil var. Bəzi adamlar Əli Həsənovun sayəsində pullar qazanıb, imkanlar əldə edib. Amma indi bu düşərgədə sanki Ə. Həsənovu müdafiə edəcək bir nəfər də yoxdur.

– İş ondadır ki, dediyiniz adamlar elə Əli Həsənovun “kopiyaları” idi. Onların əksəriyyəti Əli Həsənovun kiçik surətləridir. Yəni Əli Həsənova uyğunlaşmış insanlar idi. Onlar da əslində, öz balaca dairələrində öz məqsəd və niyyətlərini həyata keçirən şəxslər idi. Faciə odur ki, elə media, QHT sektorunu əsasən bu tipli adamlardan formalaşdırırdı. Ona görə də indi kifayət qədər zəifdir və ortada tək qalıb. Məhz bu səbəbdən də, Əli Həsənovun formalaşdırdığı media daxildə də təsir imkanlarını itirib. Sadəcə, belə sistem ona lazım idi, bunu da özünə oxşayan şəxslərlə yaradırdı.

– Sizcə, Əli Həsənova cinayət işi açılmalıdırmı?

– Əvvəla, Əli Həsənov nisbətən yaşlı adamdır, səhhətində ciddi problemləri var. Ona görə də ömrü uzun deyil. Hələlik şahid qismində prosesə cəlb edilib. Çünki onun nəzarəti ilə maliyyə ayrılıb, müəyyən işlər görülüb, özü də bu proseslərdə iştirak edib. Əslində çox şeylər ola bilər.

Həsənov vəzifədən getdikdən sonra çalışırdı ki, gündəmə gəlsin, özünü göstərsin. Onun trolları fəaliyyətini davam etdirirdi. Bu adamlar haradan maliyyələşirdi, onlara bu pulları kimlər verirdi?

Bəziləri deyirdi Əli Həsənovun əsgəriyəm, ondan üz döndərməyəcəyəm. Amma onlar bu sözlərinin üstündə cinayət işi açılana qədər durdular.

Reyting.az

araz.az xəbər portalı.