bandicam 2020 09 11 13 15 33 471Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə toy etməsindən sonra yaranmış müzakirələr səngimir.

Akademik səslənən tənqidlərə cavab verməyə çalışıb. Akademik son açıqlamasında onu tənqid edənləri birbaşa olaraq hədələyib

“Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”-deyə, Ramiz Mehdiyev açıqlamasında belə qeyd edib. –

Maraqlıdır, Ramiz Mehdiyevin bu hədə-qorxusu nəyə hesablanıb?

“Bunların işi-gücü ancaq hədələməkdən ibarətdir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Ramiz Mehdiyevin başını itirdiyini deyib:

“Ramiz Mehdiyev o adamları hədələyir ki, vaxtı ilə onun əlinin altında işləyiblər, onun istədiklərini yerinə yetiriblər. Onlar haqqında əlində kifayət qədər fakt var. Ona görə onları hədələyir ki, açaram sandığı, tökərəm pambığı. Əslində bu proses özünə ziyandır. Çünki məhkəmə çəkişməsi olarsa, onun əleyhinə kifayət qədər ifadə veriləcək. Onu tənqid edənlər arasında mən də varam. Bir dəfə mənim də adımı çəkmişdi, 29 nəfərlə birgə. Mən Ramiz Mehdiyevlə nə görüşmüşəm, nə onunla təmasım olub. Xaricdən və ya daxildən heç vaxt qrant almamışam. Neçə il jurnalist olmuşam, indi də siyasi şərhçiyəm. Yəni məni məhkəmə ilə hədələsə belə, bizim orda onun fəaliyyəti barədə deyiləcək daha çox sözümüz var. Sadəcə olaraq ömür boyu tərif eşidən, hakimiyyətin bütün imkanlarında yararlanan adam, bu cür tənqid dalğasını gözləmirdi. Son bir ayda Ramiz Mehdiyev o qədər tənqidlə üzləşib ki, başını itirib. Ona görə də hədə qorxuya keçib. Əvvəl də məhkəmə məsələsini ortaya atmışdı, sonra geri çəkildi. Kürəkəni də həbsdən çıxandan sonra hansısa jurnalistləri hədələdi. Bunların işi-gücü ancaq hədələməkdən ibarətdir. Elə bilirlər ki, keçmişdəki gücləri hələ də qalır. Əlbəttə, keçmişdə gücləri var idi, bunu etiraf etmək lazımdır. Hakimiyyətdə olduqları müddətdə əllərindən imkandan vətəndaşlara, rəqib saydığı insanlara qarşı istifadə ediblər. Amma bu keçmişdə qaldı. Artıq onun elə bir gücü də qalmayıb. Hakimiyyət özü də anlayır ki, bu adamlar təhlükəlidir. Ehtimal edirəm ki, yaxın müddətdə Ramiz Mehdiyev AMEA-nın rəhbərliyindən uzaqlaşdırılması prosesi də başlayacaq. Çünki orada qaldıqca, belə təxribatlarını davam etdirəcək”.

“Onun bu yazılar yazması bekarçılıqdandır”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə bildirib ki, qatarının getdiyini Ramiz Mehdiyev başa düşməlidir:

“Görünən odur ki, Ramiz Mehdiyev nəvəsinə toy edəndə bunun nəticəsinin nə olacağını hesablamayıb. Ramiz Mehdiyev hadisəsi çıxanda “facebook” hesabımda bir yazı yazdım, onu da bir neçə sayt yaydı. Amma sonra gördüm ki, bir kampaniya var və orada iştirak edənləri zamanında Ramiz Mehdiyev qaldırıb qoyub ora. Mən özümü o kampaniyada görmək istəmədim. Ondan sonra bu prosesdə kənarda durmağa çalışdım. Biz Ramiz Mehdiyevlə bağlı indi danışmırıq ki, o vəzifəyə gələndən deyirik. Məsələn, Qarabağla bağlı 1997-ci ildə xaricilərin də iştirak etdiyi bir tədbir keçirilirdi. Orada dedilər ki, biz ideoloji baxımdan, təbliğat məsələsində uduzuruq. Məndə də dedim, ona görə uduzursuz ki, o vaxtda Mərkəzi Komitədə təbliğat işinə baxan bu adam idi, indi də budur. Ona görə də təbliğatı uduzacaqsız. Ramiz Mehdiyev illərlə əlində hakimiyyət sükanını saxlayıb, xeyli təsir gücü var. Amma dövr, zaman gedir, o da başa düşməlidir ki, artıq qatar gedir, onu saxlamaq olmaz. Ona görə də kimisə hədələməsi, məhkəməyə verməsi, yazılar yazması bekarçılıqdandı. Ramiz Mehdiyev hakimiyyətdə olduğu dövrdə də işi-gücü yox idi, ancaq yazı yazırdı. Adamın bir bacarığı odur ki, yazı yazdırmağı, kimlərdən istifadə etməyi bilir. Orta məktəb müəllimi 65 yaşa çatanda təqaüdə göndərirlər, Ramiz Mehdiyevin 82 yaşı var, göndərsinlər pensiyaya, gedib istirahət eləsin”.

Vilayət Muxtar
Cebhe.info

araz.az xəbər portalı.