Lombard dələduzluğu nəticəsində sərvətləri əllərindən alınmış şəxslərin iddası ilə başlanmış istintaq hərəkətləri hələ də yekunlaşmayıb.
Reyting.az-a daxil olan məlumata görə, lombardlardakı dələduzluq əməlindən zərər çəkmiş Ağcabədi rayonunun Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyev, Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev və Elvin Telman oğlu Cəfərov bir müddət əvvəl Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Kamran Əliyevin onların şikayətləri üzrə istintaqa xitam vermək cəhdinin qarşısının alınmasını, məruz qaldıqları dələduzluq üzrə şəffaf və ədalətli istintaqın aparılmasını xahiş ediblər.
Zərərçəkənlərin sözlərinə görə, onların müraciətləri nəzərə alınıb və “Lombard mafiyası”nın fəaliyyəti ilə bağlı istintaq Binəqədi Rayon Polis İdarəsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinə verilib.
Qeyd edək ki, şikayətçilər “Lombard mafiyası”nın üzvüləri – Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nailə Rasim qızı Xanməmmədovanın və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Xeyransa Mahmud qızı Mustafayevanın həbs olunmasına baxmayaraq dəstənin başında duran Aqil İslamoğlu Şamilovun cinayət məsuliyyətindən kənarda qaldığını iddia edirlər. Çox maraqlıdır ki, “Lombard mafiyası”nın həbs olunan üzvüləri – N. Xanməmmədova və X. Mustafayevanın istintaqa verdikləri ifadə A. Şamilovun məsuliyyətə cəlb olunması üçün əsaslar yaratsa da, Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi bu günə kimi müfaviq addım atmayıb. Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi K. Əliyev bunun əksini edərək, A. Şamilovu zərərçəkən şəxs qismində tanıyıb. Çoxsaylı şikayətçinin dələduzluqda, sənəd saxtakarlığında, xuliqanlıqda və vergidən yayınmaqda ittiham etdiyi şəxsin istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs kimi tanınması isə müəyyən şübhələrə əsas verir.
Zərərçəkənlər Baş prokurorluğun onların müraciətlərinə çevik reaksiyasını yüksək qiymətləndirməklə yanaşı, Baş prokuror Kamran Əliyevdən xahiş edirlər ki, A. Şamilova qarşı dələduzluq, sənəd saxtakarlığı, xuliqanlıq və vergidən yayınma ittihamlarının araşdırılmasını nəzarətə götürsün.
araz.az
araz.az xəbər portalı.