Məşhur Məmmədov: “Bəzi məmurlar dövləti sabotaj edir, sifariş icra edirlər”
Milli Məclisin deputatı Məşhur Məmmədovun TİA.AZ-a müsahibəsi:
– Ermənistan Silahlı Qüvvələri demək olar ki, hər gün cəbhə xəttində atəşkəs rejimini pozur, müxtəlif çaplı silahlardan üzbəüz mövqelərimizi, bir çox hallarda isə mülki əhalinin yaşadığı kəndləri atəşə tuturlar. Yəni, ermənilər cəbhə xəttində gərginliyi artırmaqda maraqlı görünürlər. Ermənilərin cəbhə xəttindəki təxribatları danışıqlar prosesinə ciddi zərbədir. Sizcə, bundan sonra nələr baş verəcək?
– Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları müxtəlif səbəblərdən qaynaqlanır. Bilirsiniz ki, bu gün Ermənistan ciddi sosial-iqtisadi problemlərdən əziyyət çəkir. Xüsusən koronavirus pandemiyası onsuz da ağır durumda olan Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb. Artıq daxildə ciddi narazılıqlar baş qaldırıb. Paşinyan rejimi isə bu problemləri həll edə bilmir. Bu səbəbdən diqqəti əsas hədəfdən yayındırmağa, əhaliyə “döyüş ruhu” aşılamağa çalışır. Digər səbəb Azərbaycanı təxribatlara çəkmək niyyəti ilə bağlıdır. Bu gün Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətinə çevrilib. Azərbaycanın rolu və iştirakı olamdan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Ermənistan isə bütün bu proseslərdən kənarda qalıb. Bu isə rəsmi Yerevanın mənafeyinə cavab vermir və onlar hər vəchlə beynəlxalq tranzit marşturtlarına yaxın ərazilərdə təxribatlar törətməyə, bu layihələrə əngəl olmağa çalışırlar. Lakin Ermənistan bir məqamı unudur ki, proseslərin bu şəkildə davamı onun özü üçün arzuolunan nəticələrə gətirib çıxarmayacaq. Azərbaycan dövlətinin də səbri bir yerə qədərdir və təxribatçı hərəkətlər davam edərsə, müharibə qaçılmaz olacaq. Bu halda isə nəticənin necə olacağı heç kim üçün sirr deyil. Azərbaycan ən qısa zamanda Ermənistan silahlı qüvvələrinin yerində oturdacaq.
– Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı bağlı məlumatlar zaman-zaman gündəmin əsas mövzusuna çevrilir. Bu məsələ ciddi şəkildə müzakirə olunur. Hətta Rusiyanın Müdafiə naziri Şoyqu da Rusiyanın Ermənistanı silahlandırması məsələsi ilə bağlı danışaraq bunu inkar etmişdi. Guya Ermənistana uçan təyyarələrdə silahlar yox, tikinti materialları olub. Özünü Azərbaycanla dost, strateji tərəfdaş adlandıran Rusiya bütün bu addımlarla nəyə nail olmaq istəyir?
– Tamamilə düzgün vurğulayırsınız ki, Ermənistan həmişə forpost dövlət olub. Bu ölkədən mütəmadi olaraq təzyiq rıçağı, silah anbarı kimi istifadə olunub. Bu gün də elədir. Rusiyanın Ermənistanı silahlandırması heç də Ermənistanı gücləndirmək niyyətindən qaynaqlanmır. Sadəcə bu yolla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Heç şübhəsiz postsovet məkanında Rusiya öz təsir gücünü saxlamaq və onlara mane olmağa çalışır. Əgər belə olmasaydı, müxtəlif dövlətlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Rusiyanın ayrı-seçkiliyini müşahidə etməzdik. Nəzərə alanda ki, Azərbaycanla Rusiya arasında münasibətlər daim yüksək səviyyədə olub, indiki halda baş verənlər anlaşılan deyil. Cənab Prezident İlham Əliyevin Rusiyadan izahat tələb edən açıqlaması da bu xüsusda təsadüfi sayıla bilməz. Düzdür, Rusiya rəsmiləri, həmçinin Müdafiə naziri Şoyqu da Rusiyanın Ermənistanı silahlandırması məsələsini inkar edir, lakin faktlar bunun əksini deyir. İddia edirlər ki, onlar Ermənistana silah yox, inşaat materilları daşıyırlar, əslində isə bu belə deyil. Hesab edirəm ki, hazırki məqamda Rusiyanın addımları Azərbaycana təzyiq xarakteri daşıyır və bu məqsədlə Ermənistandan növbəti dəfə rıçağ kimi istifadə edilir.
– Bilirsiniz ki, hazırda yüksək vəzifədə çalışan, yaxud vaxtilə dövlət idarəçiylində mühüm post tutan şəxslər karantin rejimini pozaraq ölkə qanunlarına açıq şəkildə hörmtəsizlik etdilər. Bu şəxslər karantin rejimini pozduğuna görə, təkcə qanunların sərt üzü ilə cəzalandırılmadılar, həm də social şəbəkələrdə, müxtəlf platformalarda vətəndaşların haqlı qınağına tuş gəldilər. Sizcə, məmurların karantin rejimini pozması nədən irəli onlar? Onlar özlərini toxunulmaz hesab edirlər? Yoxsa hələ də arxayın olduqları hansısa ciddi dayaqları var?
– Bilirsiniz ki, Azərbaycan kifayət qədər həssas dönəmə daxil olub. Bu dönəmdə hansısa keçmiş və indiki məmurun qanunlara dırnaqarası baxması, dövlətə meydan oxuması qətiyyən yolverilməzdir. Əgər bu gün vətəndaşlar karantin qaydalarının tələblərinə riayət edərək, toy və digər şənlik məclislərini keçirmirsə, gözləmə mövqeyindədirsə, hansısa məmur və ya sabiq məmurun bu qaydalara arxa çevirməsi izah olunmazdır. Heç şübhəsiz bütün bunlar təsadüfi deyil və arxasında müəyyən məqsədlər dayanır. Təəssüf ki, vaxtilə hakimiyyətdə olan və bu gün də müəyyən status daşıyan şəxslər arasında Azərbaycanda dövlətçiliyi sarsıtmaq istəyən qüvvələr var. Onlar hər vəchlə ölkəmizdə həyata keçirilən islahatları sabotaj edirlər və arxasında xarici dairələrin dayandığına dair iddialar var. Lakin təcrübədən bilirik ki, bu kimi təxribatçı ssenarilər heç zaman Azərbaycanda işlək olmayıb və bundan sonra da olmayacaq.
– Deputatların tətil dövründə də sizin aktiv fəaliyyətinizin şahidi olduq. Regionlara səfərlər edir, şəhid ailələrini və şəhidərimizin məzarlarını ziyarət edirdiniz, sadə insanlarla görüşləriniz baş tutdu. Hansı qanaətə gəldiniz: insanlar sosial vəziyyəti necədir? Ümumiyyətlə, sizə elə gəlmirmi ki, hətta tətil dövründə belə həyata keçirdiyiniz görüşlər, etdiyiniz səfərlər hər bir deputat üçün nümunəyə çevrilməlidir?
– Cənab Prezident İlham Əliyev bəyan etdi ki, hər bir deputat seçiciləri ilə sıx təmas qurmalı, onların problemlərini dinləməli və dəstək olmalıdır. Yeni Azərbaycan Partiyasından seçilən, o cümlədən digər deputatlar Prezidentin çağırışına qoşulub və deputat-seçici münasibətlərinin inkişafında yeni mərhələ başlayıb. Koronavirus səbəbindən seçicilərlə açıq ünsiyyətlərimiz minimuma enib, lakin buna baxmayaraq, onlayn görüşlərimiz mütəmadi olaraq davam edir. Seçicilərdən daxil olan müraciətləri qəbul edir, müvafiq qurumlarla birlikdə həll olunmasına töfhə verməyə çalışırıq. Bu həm də bizim seçicilər qarşısında götürdüyümüz bir öhdəlikdir. Masallı rayon İcra Hakimiyyəti ilə birlikdə sahibkarla birlikdə uşaq bağçalarının və tibb məntəqələrinin yenidən qurulması, təhsildə olan problemlərin həlli istiqamətində fəaliyyət göstəririk. Çalışırıq bütün bu işlər yalnız dövlət büdcəsinin hesabına həyata keçirilməsin, ictimai təşəbbüskarlıq olsun. Kənd icmaları ilə də müntəzəm görüşlərimiz davam edir.
– Bilirsiniz ki, Jirinovski Naxçıvanla bağlı növbəti yersiz fikirlər səsləndirərək Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoydu. Bir qrup şəxslər belə hesab edirlər ki, Jirinovski Rusiya dövlətinin sözünü deyir. Digər tərəfdən, Rusiya özünü Azərbaycana dost dövlət kimi təqdim edir. Bunu necə başa düşək?
– Vladimir Jirnovski haqqında onu deyərdim ki, bu adamın heç vaxt müstəqil fikri olmayıb və rəsmi Kremlin sözçüsü olaraq çıxış edir. Özü də onun söylədiyi fikirlər rəsmi Kremlin açıq şəkildə dilə gətirmədiyi fikirlərdir. O, hər zaman türk millətinə, o cümlədən azərbaycanlılara qarşı düşmən mövqeyi ilə seçilib. Əgər bu gün deyirsə ki, Naxçıvan əzəli erməni torpağıdır, bu artıq Rusiyanın növbəti təxribatçı niyyətindən xəbər verir. Naxçıvan tarixi Azərbaycan torpaqlarıdır. Hesab edirəm ki, Vladimir Jirnovskinin növbəti sayıqlamasına ciddi fikir vermək lazım deyil. Lakin nəzərə alanda ki, öz sözünü demir, bu mənada onun açıqlaması diqqət çəkir. Bu gün Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, birgə hərbi təlimlər keçirməsi müəyyən qüvvələri narahat edir və onlar müxtəlif təxribatçı ssenariləri işə salırlar. Bu sırada Jirnovskinin açıqlaması da təsadüfi sayıla bilməz. Bu gün Türkiyə ilə yanaşı, Pakistan və Özbəkistan da Azərbaycana açıq dəstəyini göstərir. Heç şübhəsiz “Türk Şurası”nın dünyada artan rolu Ermənistanda və onun himayədarlarında ciddi narahatlıq doğurur.
– Paşinyanın həyat yoldaşı Akopyan 15 nəfər qadınla birlikdə Qarabağda hərbi təlimlərdə iştirak etdi. Əslində Akopyanın silahlarla çəkdirdiyi yöndəmsiz fotolar hərbi təlimləri yox, reklam – PR işlərini xatırladırdı. Akopyan cəmi iki ay öncə Azərbaycan qadınlarına sülh çağırışları edirdi. İndi hərbi təlimlərdə iştirak edərək müharibə anonsu verir? Bunu necə qəbul edək?
– Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalıda misli görünməmiş vəhşiliyə imza atıb. Bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvasından didərgin salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir müddət öncə Azərbaycan qadınlarına müraciət edərək, onları sülhə səsləmişdi. Bu gün 15 erməni qadını ilə birgə Azərbaycan torpaqlarında “hərbi şoular” göstərir. Baş verənlər erməni naqisliyinin, riyakarlığının növbəti təzahürüdür. Əgər onun dünən dediyi fikirlərlə bu gün etdiyi əməllər arasında bu qədər kəskin fərq varsa, demək o həqiqətn də ermənidir. Çünki yalnız ermənilər bu cür riyakar ola bilər. Lakin Akopyan unudur ki, Azərbaycan ordusu qadınlar və arvadlarla yox, kişilərlə döyüşür. Və bu döyüşün yekununda biz yox, əri və rəhbərlik etdiyi hakimiyyət məyus olacaq.
– Cəbhənin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdən sonra Türkiyənin ortaya qoyduğu əsl qardaşlıq mövqeyi, dünyanın ən qüdrətli ordularından sayılan türk qoşunlarının Azərbaycana gəlişi, birgə hərbi təlimlərin keçirilməsi ölkəmiz və Ermənistan üçün nələr vəd edir?
– Hər kəsə məlumdur ki, Türkiyə ordusu dünyanın ən güclü orduları sırasındadır. Türkiyə rəhbərliyinin, ordu rəsmilərinin bəyanatları və ölkəmizə səfərləri, ardınca 11 min türk əsgəri ilə Azərbaycana gəlməsi, dəstək bəyanatları bir daha Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Ermənistan və onun hamiləri də bundan nəticə çıxarmalıdır. Çünki Türkiyə açıq mesaj verdi və hər zaman Azərbaycanla birlikdə olacağını nümayiş etdirdi. Düşünürəm ki, Ermənistan nə qədər gec deyil ağıllanmalı və düzgün nəticələr çıxarmalıdır. Əks halda Ermənistan özünün də gözləmədiyi sürprizlərlə qarşılaşçacaq.
araz.az
araz.az xəbər portalı.