FotoJet 3Meşələrin genişləndirilməsi və bərpası, meşələrdən davamlı istifadə və meşə ilə bağlı görülən işlər, həyata keçirilən inzibati və hüquqi tədbirlər fonunda, meşə sahələrində ağacların kəsilməsi kimi iradlar da səsləndirilir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Oxu.Az-a müsahibəsində bu və digər məsələlər ətrafında yaranan suallarımıza aydınlıq gətirib:

– Firdovsi müəllim, son günlər meşələrlə bağlı səsləndirilən iradlar, bəzi hallarda ittihamlar bitmir, sizcə, bunun səbəbi nədir?

– Məsələnin birinci tərəfi odur ki, heç də hər zaman bəzi insanlar nəzarətin gücləndirilməsi kimi tədbirləri anında qəbul edə bilmir və əks reaksiya nümayiş etdirirlər.  

İkinci tərəfdən meşə sahələrində nəzarət sisteminin dəyişməsi və gücləndirilməsi, kadr islahatlarının tam olaraq özünü doğrultması hər zaman müəyyən bir vaxt tələb edir. Bu səbəbdən hələ də müəyyən pozuntulara rast gəlinir, əksər hallarda isə kadr islahatlarına, nəzarət sisteminin gücləndirilməsinə adekvat olmayanların narazılığı, hətta şantaj xarakterli ittihamları ilə üzləşirik. 

Lakin meşə sahələrinin bəlli bir darvazası yoxdur ki, onu bağlamaqla kənar müdaxilələrin qarşısını alasan. Etiraf edim ki, bəzi regionların meşə ərazilərində qanunsuz ağac kəsənlərə, təəssüf ki, bu gün də rast gəlinir və onların ciddi cəzalandırılması üçün mübarizə aparılır. 

Yəqin ki, bunu mətbuatda görməmiş olmazsınız. Xatırlatdığınız kimi, bizim hədəfimiz bəllidir. Hərtərəfli nəzarətin gücləndirilməsində və bu sahədə də şəffaflığın təmin olunmasında israrlıyıq. Buna görə suallara da, dialoqa da hər zaman açığıq. 

Şikayətçilərin qarşısında nazirlik olaraq çəkinəcəyimiz, qorxacağımız yoxdur. Bütün şikayətləri, müraciətləri aydınlaşdırıb, cavablandırmaqda da çox maraqlıyıq.

– Belə demək olar ki, şikayətçilərin dediklərinin hamısı əsassızdır, haqsızdır?

– Xeyr, əvvəldə də qeyd etdim, haqlı müraciətlər də var. Biz vətəndaşlar tərəfindən daxil olan bütün şikayətlərin aradan qaldırılmasına, günahkarların cəzalandırılmasına, problemlərin həllinə çalışırıq. Yəni problemdən qaçmırıq, əksinə onun üstünə gedirik. 

Əfsus ki, vəzifələrini layiqincə yerinə yetirməyən meşə işçiləri hələ də var və onların islah edilməsi, sıralarının təmizlənməsi davam etməlidir. 

Əslində bu proses çoxdan başlanıb və davam edir, lakin bu məsələdə də bir sıra problemlərlə üzləşirik. 

– Bu istiqamətdə qarşılaşdığınız problemləri və səbəblərini sadalaya bilərsiniz? 

– Ona görə ki, bu gün edilən şikayətlərin, haqsız müraciətlərin böyük əksəriyyəti vaxtilə işlərində yol verdikləri nöqsanlara, pozuntulara görə işdən çıxarılan və barələrində inzibati və hüquqi tədbirlər görülən meşə işçiləri tərəfindən edilir. Həmin insanlar, onların ətrafı durmadan şikayət edir, meşələrdə ağacların kəsildiyi şəkilləri, videoları yaymaqda davam edirlər. 

Dəfələrlə aparılan araşdırma zamanı məlum olub ki, görüntülər ya bir neçə il bundan öncə çəkilib, ya da ki, qışa hazırlıq məqsədilə odun tədarükü olunan qurumuş, inkişafdan qalmış ağaclara aiddir. 

Yaxud da yeni təyin olunmuş və onlarla kompromisə getməyən meşə müdirini gözdən salmaq məqsədilə özlərinin gizlincə və ya şantaj üçün kəsdikləri ağacların şəkilləridir. 

Yeri gəlmişkən bildirim ki, qışa hazırlıq məqsədilə qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə odun vermək öhdəliyimiz var.

QHT nümayəndələrini, yerli sakinləri, bələdiyyələri, kənd ağsaqqallarını odun tədarükü prosesində iştiraka dəvət edirik ki, şəffaflıq təmin olunsun, ictimai nəzarət həyata keçirilsin, bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların hesabına odun tədarük olunsun və ədalətli bölgü aparılsın.

Kadrların təmizlənməsi, nəzarətin gücləndirilməsi işlərinə maneə yaradan narazı qruplar da var ki, onlar sadəcə uzun illər ərzində meşədən qanunsuz yolla qazanc əldə olunmasına vərdiş edənlərdir. Çünki onların meşələrin qırılması hesabına əldə etdikləri qazancın qarşısı alınıb. 

Həmin qruplar da əvvəlki vəziyyətin bərpa olunması üçün bütün üsullara əl atır, yeni təyin olunmuş meşə müdirlərini qaralamağa, böhtan atmağa, görülən işlərə kölgə salmağa cəhd göstərir. 

– Kimdir bunlar, yəqin ki, kənardan gəlib heç kim ağac kəsməz? Belə təəssürat yaranır ki, meşələrə qənim kəsilənlər elə o ətrafda yaşayanlardır? 

– Elədir, kənardan kimsə gəlib ağac kəsmir. Baxın, meşədə qanunsuz ağac kəsənlər də, meşəni qoruyan gözətçilər də, meşəyə qazanc mənbəyi kimi baxanlar da elə meşənin yaxınlığındakı kənddə yaşayanlar, onların yaxınları, qohumlarıdır. Acı reallıq budur.

Ürək yanğısı ilə deyim ki, daha çox şikayət gələn yerlərdən biri Lerikdir. Mənim də əslim-köküm oradandır. Dəfələrlə onlarla görüşüb söhbət aparmışam və bildirmişəm ki, Lerik meşələrinin qorunmasında birinci növbədə biz leriklilər məsuliyyətli olmalıyıq. Çünki, bu meşə sahələri ilk növbədə Lerikdə yaşayanların sərvətidir, onu qorumaq da ilk növbədə onlara düşür. 

Odur ki, meşə ətrafında yaşayanlardan xahiş edirəm ki, meşələrin qorunmasında israrlı olsunlar, belələrini qınaq etsinlər və bu işdə bizə dəstək göstərsinlər ki, belə halların qarşısını birgə alaq. 

Yeri gəlmişkən, yerli icra nümayəndələrinə və bələdiyyələrə də səslənirəm. Onların da hamısı yerli sakinlərdən seçilir, təyin edilir. Onlar rayonlarının, kəndlərinin sərvətinin qorunmasına bilavasitə cavabdehdirlər və bu işdə daha fəal olmalıdırlar.

Amma onu da qeyd edim ki, əvvəlki illərlə müqayisədə ağac kəsilməsi halları artıq azalmağa doğru gedir. Ümid edirəm ki, yerli sakinlərlə apardığımız danışıqlardan, etdiyimiz çağırışlardan sonra meşə ətrafında yaşayan sakinlər və qanunsuz ağac kəsənlər nəticə çıxaracaq. 

İnanmıram ki, bu müraciətlərdən, keçirilən görüşlərdən sonra belə hallara yol verən insanlar bu əməlləri bir daha təkrarlamayacaqlar. Ümid edirik ki, tədricən neqativ halların qarşısını alacağıq və meşə sahələri haqqında danışanda yalnız və yalnız müsbət təcrübələrdən bəhs edəcəyik.

– Problemlərə kifayət qədər aydınlıq gətirdiniz, bir az da görüləcək işlərdən danışmaq yerinə düşərdi.

 – Məqsədlərimizdən biri də meşə ilə örtülü ərazilərin miqyasının genişləndirilməsini təmin etməkdir. Bunun üçün konkret planlarımız və uzunmüddətli proqramımız mövcuddur. Bu payız ağacəkmə mövsümündə respublikanın açıq meşə sahələrində karbon udma qabiliyyəti daha çox olan meşəcinsli ağacların əkilməsini, genişmiqyaslı meşəbərpa işlərinin aparılmasını planlaşdırırıq.

Məqsədimiz meşə fondunun açıq sahələrində və yanmış meşə ərazilərində ağac əkmək, su ehtiyatlarının formalaşmasında xüsusi rola malik olan meşələrin miqyasını artırmaq, arıçılığın və baramaçılığın inkişafına dəstək olmaq və qlobal istiləşmənin təsirlərinin azadılmasını yönləndirən Paris İqlim Sazişinə töhfə verməkdir. Sonrakı mövsümlərdə də bu cür effektiv tədbirlər, yaşıllıq massivlərinin artırılmasına hədəflənən layihələr davam etdiriləcək. 

Sonda bütün ictimaiyyətə müraciət etmək istəyirəm. Meşələrdə ağaclara laqeyd münasibət bəslənməsinə biganə qalmasınlar, həmkəndlilərini ağac kəsməkdən çəkindirsinlər, tənbeh  etsinlər, qınasınlar ki, qiymətli meşələrimiz davamlı olaraq qorunsun. 

Hər kəsi meşələrimizin qorunmasında iştirak etməyə, laqeyd olmamağa, təbiəti sevməyə və qorumağa çağırırıq. Biz də öz növbəmizdə söz veririk ki, sıralarımız natəmiz meşə işçilərindən təmizlənəcək, sizinlə birgə meşələrin qorumasına nail olacağıq.

araz.az

araz.az xəbər portalı.